Rusiya hökuməti son vaxtlar tətbiq etdiyi sanksiyalarının hədəfinin Gürcüstan hökuməti olduğunu desə də, onun yüz minlərlə sıravi gürcüyə birbaşa təsiri özünü göstərir. Rusiyada leqal və ya qeyri-leqal yolla çalışanların ailələrinə göndərdikləri pul əhalinin əsas dolanışıq mənbələrindəndir. Bu ölkələrin heç biri onların dəqiq statistikasını aparmayıb, amma müxtəlif hesablamalara görə, 400 min və bir milyona yaxın gürcü iş dalınca Rusiyaya gedib.
Gürcüstan Mərkəzi Bankının hesablamasına görə, onlar evlərinə bu ilin birinci yarısında 220 milyon dollar pul göndəriblər. Bu yalnız rəsmi yolla-banklarla göndərilən pullardır. Rusiya rəsmiləri isə göndərilən pulun milyardlarla ölçüldüyünü deyirlər. Amma, Gürcüstan Bankının göstərdiyi də kiçik rəqəm deyil. Bu, ölkənin Ümumi Daxili Məhsulunun 15 faizi həcmindədir.
Gürcüstanda təkcə iş tapmayanlar yox, işi olanlar arasında da Rusiyadan göndərilən puldan asılı qalanlar var. Gürcüstan azərbaycanlısı Xoşbəxt İsmayılovanın özünün də, atasının da yaxşı iş yerləri var. Amma o, Rusiyada işləyən qardaşından pul ala bilmədikləri üçün vəziyyətlərinin çətinləşdiyini deyir: «İndi pul köçürülməsi ilə bağlı çətinliklər başlayıb. Elə bu yaxınlarda pul gözləyirdik. Köçürmələr dayandığına görə ala bilmədik».
12 il bundan əvvəl Moskvaya köçən və 4 il qabaq Rusiya vətəndaşlığı alan Lado Kvikvinia mühəndisdir. Orta səviyyəli maaşla işləməsinə baxmayaraq təkcə öz ailəsini yox, Zuqdididə yaşayan bacısının da ailəsini saxlamalı olub: «Bu qədər pulu yalnız burdan göndərmək mümkündür. İldə təxminən min dolar. Bu ayda hardasa yüz dollara yaxın pul deməkdir».
Kvikviniyanın bacısı oğlu İliya Çaçibaya Zuqdididə işləyir. Dalandarlıqdan başqa heç bir iş tapa bilmədiyini deyir. Amma, işləməsinə baxmayaraq dayısının göndərdiyi pul olmasa nə edəcəklərini bilmədiyini söyləyir: «Zuqdididə kasıbçılıq baş alıb gedir. Ümumiyyətlə iş yeri yoxdur. Çörəkpulu olmayan nə qədər adam var. Fındığın qiyməti düşüb və bu da adamların güzəranını ağırlaşdırıb. Fındıq və mandarin adamların əsas gəlir yeri idi. İndi bu məhsullar ucuzlaşıb, adamlar kasıblaşıblar».
İşi olanlar belə Rusiyadan göndərilən pullarsız yaşayışı mümkün saymırlar. Bəs işi olmayanlar necə? Xoşbəxt İsmayılova bunu «fəlakət» adlandırır: «İşi olmayanların vəziyyəti belə deyək ki, fəlakətlidir. Çünki bütün ailə Rusiyadan göndərilən pulu gözləyir və başqa ümid yeri yoxdur. Bu mənbə kəsiləndə onların dolanışığı da kəsilir».
Rusiya qanunvericiləri iki ölkə arasında pulköçürmələri qadağan edən qanun layihəsinin müzakirəsinə hazırlaşdığı bir vaxtda gürcüstanlılar təşvişə düşməyə başlayıblar. Çaçibayanın dediyinə görə, həmyerlilərinin çoxu Rusiyadan göndərilən puldan asılıdır.
Bəs bu pulları almaq üçün bir çıxış yolu tapılacaqmı? Məsələn, İsmayılova bundan sonra pulun Bakıya göndəriləcəyini və oradan alacaqlarını deyir. Kvikviniyaya görə, yol tapılacaq, amma xərci çox olacaq. Məsələn, indi Rusiyaya getmək istəyənlər əvvəlcə Belarusa, sonra Rusiyaya gedirlər xərcləri bir az artıq çıxır. O, yerli banklarla yox, köçürmə üçün daha çox haqq alan « Western Union »la pul göndərə biləcəklərini mümkün sayır. İsmayılova isə artıq « Western Union »la pul göndərilməsinin dayandığını və Tbilisidə artıq belə bir imkanın olmadığını deyir.