Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:30

İD peşman olan Britaniya cihadçılarını ölümlə hədələyir


-

Britaniya mətbuatının yaydığı xəbərlərə görə “azı 30-dək britaniyalı cihadçı” evlərinə qayıtmaq istəyir.

Bu arada Britaniyanın Portsmut şəhərindən olan dördüncü gəncin Suriyadan ölüm xəbəri alınıb.

“The Observer” qəzeti yazır ki, 19 yaşlı Muhammad Mehdi Hassan-nın İD-in Suriyadakı kürd şəhəri Kobaniyə hücumu zamanı öldürüldüyü güman edilir.

Qəzetin dərc etdiyi məlumata görə Suriya və İraqda cihadçı kimi vuruşaraq usanmış və peşman olmuş, indi isə nəyin bahasına olursa-olsun Britaniyaya qayıtmaq istəyən gənclər İD rəhbərliyindən edam oluna biləcəkləri ilə bağlı xəbərdarlıq alıblar.

“The Observer” bildirir ki, bu məlumatı “Suriya qiyamçı qüvvələri ilə son dərəcə yaxın olan mənbə”dən alıb.

Mənbə həmçinin bildirib ki, Portsmut şəhərindən olan cihadçı Britaniyadan Suriyaya gedən və orada “Pompey oğlanları” kimi tanınan 6 nəfərlik qrupun üzvü imiş.

Bu arada keçmiş Quantanamo məhbusu Moazzam Begg təsdiq edib ki, cəbhə xəttindən Briytaniyaya qayıtmağa çalışan onlarca britaniyalının Suriyadan çıxmasına üzvü olduqları İD qruplaşmaları mane olur.

İngilisdilli cihad

Begg bildirib ki, o şəxsən 30-dək belə cihadçını tanıyır. Keçmiş məhbusun sözlərinə görə bu gənclər Suriyaya prezident Bashar al-Assad hökumətinə qarşı vuruşmağa getsələr də, sonralar istər-istəməz İD-in döyüşlərində iştirak etməli olublar.

Onların əksəriyyətini ingiliscə yaxşı danışdıqları üçün geriyə buraxmırlar. Moazzam Begg deyib ki, İD-in ingilisdilli qərblilərə ehtiyacı var və bu qruplaşma ən çox belə döyüşçülərə malik təşkilat sayılır.

Portsmut məsçidinin imamı cümə namazı zamanı gəncləri Suriyaya getməməyə çağırıb.

Quantanamo məhbusunun vasitəçilik təklifi

“The Observer” yazır ki, Begg hələ britaniyalı girov Alan Henning-in ölümündən bir neçə ay əvvəl onun azad edilməsi üçün İD-lə danışıqlara hazır olduğunu bildirsə də, rəsmi London onun bu təklifini rədd edib.

Begg qəzetə verdiyi müsahibədə deyib ki, İD hazırda “İslam xilafəti”ni təmsil edir və onun rəhbəri olan xəlifənin əmrlərindən çıxmaq ölüm hökmü ilə nəticələnə bilər.

Krallığa xəyanət

Birmingem şəhərində yaşayan 46 yaşlı Begg Britaniya hökumətini Suriya və İraqdan qayıdan cihadçıların hamısına amnistiya verilməsinə çağırıb və bildirib ki, Danimarka özünün cihadçı vətəndaşları ilə məhz bu cür davranır.

Lakin Britaniya hökumətinin son təkliflərinə görə Suriya və İraqda İD-in sıralarında döyüşmüş vətəndaşlara “vətənə xəyanət” maddəsi tətbiq oluna bilər.

Britaniya ABŞ-ın rəhbərliyi altında İD-ə qarşı hava zərbələrinə qoşulduğu andan bu təşkilat ölkənin və kraliçanın rəsmi düşməni hesab edilir və düşmənlə əlbir olanlara qarşı cinayət maddəsi Britaniyada 16-cı əsrdən tətbiq edilir.

Odla su arasında

Begg bildirir ki, Britaniya hökumətindən əfv istəyən onlarca cihadçı vasitəçi olması üçün ona müraciət edib.

Moazzem Begg-in sözlərinə görə bunlar cihaddan yorulmuş, məyus və peşman olmuş gənclərdir.

“Çox sayda britaniyalı odla su arasında qalıb – deyib Begg, - onlar vətənlərinə qayıtmaq istəyirlər”.

Qəzet yazır ki, Cage (Qəfəs) adlı kampaniyanın rəhbəri Begg-in özü 2013-cü ildə Suriyaya səfər etdikdən sonra Britaniyada həbs və mühakimə edilib və sərt rejimli Belmarş həbsxanasında saxlanıb.

Begg bildirir ki, Suriyaya Assad rejiminə qarşı mübarizədə xalqı dəstəkləmək üçün gedən gənclər sonradan qeyri-ixtiyarı İD-in sıralarına düşüblər, hərçənd bu gənclər İslam Dövlətinin ideologiyasını qəbul etmirlər.

Susan tvitter hesabı

“The Observer” yazır ki, Kobani yaxınlığındakı döyüşlərdə çox güman koalisiya təyyarələrinin raket zərbələri zamanı həlak olmuş Hassan-ın tvitter hesabı oktyabrın 17-dən bəri susurdu, indi isə onun cəsədini əks etdirən görüntü internetdə peyda olub...

Ötən həftənin çərşənbə axşamı daha bir “Pompey” oğlanı – Manunu Roshid-in Kobani ətafında həlak olduğu xəbər verilmişdi.

Portsmutdan olan 31 yaşlı Mashadur Choudry Britaniyaya qayıda bilsə də, dərhal həbs edilib və hazırda həbsxanadadır.

"Banqladeşli pis uşaqlar"

Hazırda İraq və Suriyada 500-dək britaniyalı cihadçının olduğu təxmin edilir.

Londondakı Kings Kollecinin Radikallaşmanın Tədqiqatı Mərkəzinin hesablamalarına görə Suriya və İraqda hər üç həftədən bir britaniyalı cihadçı həlak olur.

Hassan-ın aid olduğu qruplaşmanın üzvləri özlərini “Banqladeşli Pis Uşaqların Britaniya Briqadası” adlandırırdılar.

“The Observer” yazır ki, bu gənclər Yaxın Şərqdə müsəlman xilafətinin qurulacağı ideyasının romantik şəhidlik hekayətlərinə inanmışdılar.

Kings mərkəzindən Shiraz Maher deyib ki, Potsmutun 6 cihadçısından 4-ü öldürülüb, biri isə həbsxanadadır.

XS
SM
MD
LG