Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:08

Hədiyyə Şəfaqət. Namus cinayəti


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

-

- Deyir güya əridir. Ay sən öləsən! Yüz faiz saxlayır bunu.

Bizim kənddə kişilər belə gicbəsəri bir gecədə evindən çıxarıb daş-qalaq edərdilər, bunlar da adlarını kişi qoyublar...

Hədiyyə Şəfaqət

NAMUS CİNAYƏTİ

Qadın əllərini yana açıb eləcə donub qalmışdı. Yarı qara, yarı qəhvəyi saçları pərişan halıyla asfalt üstündə axıb gedən qıp-qırmızı qana qarışmışdı.

Azca yana çevrilmiş üzünün görünən hissəsindən qorxu- həyəcandan böyüyən ala gözü plastik gəlinciklərin şüşə gözləri kimi ifadəsiz və mənasız baxırdı…

Qəfil hadisənin çaşqınlığından donub qalan satıcı qadın bir an sonra ucadan qiyya çəkib özünü qonşu dükana saldı, müştəri gözləyən taksi sürücüsü qorxa -qorxa yerə yapışan qadına yaxınlaşıb əlini boynunun üstündə saxladı. Ətraf adamla dolmağa başladı. Sürücü bir anda ürəyinin döyüntüsünü boğazında hiss elədi:

- Ölməyib…

Bu sözün deyilməsiylə ətrafda canlanma yarandı. Hər kəs bir-birinə “sağdır, sağdır” deyərək xəbəri ötürməyə başladı. Kim isə “skorıya zəng edin” deyib çığırdı, kimsə də “eləmişik” deyib onu susdurdu. Ağbirçək bir qadın başını qaldırıb binaya boylandı: ”Hardan atdı bu bədbəxt qızı özünü?” Adamlardan bəziləri başlarını qaldırıb yuxarı baxdılar. Amma gənc qadının hardan düşməyi onları niyə maraqlandırmalıydı ki?...

Kimsə yaxınlaşıb qadına toxunmaq istəyirdi ki, başqa biri onun qolundan tutub kənara çəkdi; “Neynirsən, toxunmaq olmaz, qoy həkim gəlsin.” Kimsə əlindəki su şüşəsinin qapağını açıb uzananın başından aşağı tökdü, bir anda qəribə qarışıqlıq yarandı, kimsə telefonunu çıxarıb tənəli baxışları nəzərə almadan şəkil çəkdi, kimsə gecikən təcili yardımı söyməyə başladı, bir anda polis maşınının səsi küçəni doldurdu, hardansa xəbər tutub qarışqa şirin şeyə gələn kimi hadisənin başının üstünü alan televiziyaçılar bir-birinə qarışdı və təcili yardım sonda özünü çatdırdı.

Həkim adamları yara-yara gəlib xəstənin nəbzini yoxladı, ətrafdakıları bir az da maraqda saxlayacaq ədayla tibb qardaşına işarə elədi ki, qadının boynuna sarğı keçirməsinə köməklik eləsin. Sanitarlar xərəyi maşından düşürüb gətirdilər. Həkim bir anlıq başını qaldırıb yuxarı, binaya sarı boylandı:

-Neçənci mərtəbədən düşdü?

Bunu kimsə görməmişdi. Həkim sanitarlara işarə elədi. Xərəyi qaldırıb maşına apardılar. Polis ətrafdakıları sorğu-suala tutmağa başladı. Çox qəribəydi, qadını kimsə tanımırdı, heç kim indiyədək görməmişdi və haqqında heç nə bilinmirdi. Şahidlərin ifadələri alındı, satıcı qadın və taksi sürücüsü əlləri əsə-əsə, “Allah, bu nə iş idi düşdük, indi çəkəcəklər ora-bura” deyə-deyə ifadələri imzalayıb çəkildilər. Həkim təcili maşınına yönəldiyi anda kimsə cəsarət göstərib:

-Həkim, sağ qalar o hündürlükdən düşən?- deyə soruşdu.

Həkim bayaqkı ədalı halıyla:

-Allah böyükdür, biz nə deyə bilərik - deyərək çıxıb getdi…

Adamlar yavaş-yavaş dağılışmağa başladılar, binadan enənlər evlərinə qalxdılar, küçədən ötənlər yollarına davam elədilər, taksi sürücüləri səkinin qırağındakı kiçik məhəllə çayxanasına qayıtdılar. Polis maşını çıxıb getdi, səs-səmir kəsildi.

Qadinin bir az əvvəl əllərini uzadıb yatdığı yerdə qan göllənib qalmışdı, yaxındakı dükanlardan birinin sahibi işçisinə səsləndi:

-Adə, ay uşaq, bir vedrə su gətir at bura, bədbəxtın qanı axıb getsin, indi nə çibin böcək var, gəlib yığılacaq üstünə…

2

Qadın yenə mətbəxdə donquldanırdı. Qab-qacaq çırpılır, siyirtmələr hirslə açılıb bağlanırdı. Gəlin əlindəki boşqabları süfrəyə düzə-düzə qulağı səsdə ərinin gəlişini gözləyirdi: “Gəlib çıxsaydın bir, bunun da səsi kəsilərdi.. Nə azar oldu mənim canıma, nə verib bu ala bilmir məndən?”... Qaynanası əlini yemək qazanından çəkib acıqlı gözlərini gəlininin üzünə zillədi:

-Səhərdən yuyulub durur bu paltarlar, nə zaman havaya verəcəksən, nə zaman quruyacaq, nə zaman ütülənəcək?

Sonra öz-özünə donquldanmaqda davam elədi:

-Bunlar da özlərinə arvad deyirlər. Arvad ha! Paltarı maşın yuyur, qab-qacağı maşın yuyur, evi maşın süpürür, bunlar neyləyir, bilmirəm? Yazıq uşaq, elə hər ay bunun maşınlarının işıq pulunu verməkdən ötrü çıxır canı... Biz arvad olmamışıq ki? İşıqsız lampa hisində sarala-sarala, çörək növbələrində əzilə-əzilə, yırtıq-yamağımızı bir-birinə calaya-calaya oğul böyütmüşük, budu bax- xanım gəlib, maşın yuyan paltarı asmağa da ərinir...

Gəlin paltarları maşından çıxarıb səbətə yığdı, səssiz-səmirsiz eyvana çıxdı. Qadın onun sakitliyindən bir az da hölləndi:

-Özünü də qoyub mal yerinə, elə bil it hürür...

Gəlin eyvanın kənarına bərkidilmiş paltar ipinin çəkib paltarları bir-bir sancaqlamağa başladı. Qaynana arxasıyca çıxıb eyvandan aşağı boylandı. Səhər çağı eyvandan yıxılan qadının qan izləri hələ də görünürdü.

-Görürsən necə düşüb canı yanmış? Günlərin bir günü də mən bezəcəyəm, atacağam özümü bu altıncı mərtəbədən aşağı. Qalacaqsınız əllərdə...

Gəlin dodağını dişlədi: “Sən hara atırsan özünü? Hələ bir az da keçsə məni itələyib salacaqsan yerə. Canın qurtarsın deyə”...

3

Üç gənc qız pilləkənləri asta-asta qalxmaqdaydı. Onlardan biri, görkəmindən qətiyyən şəhər qızına oxşamayanı atamanlıq edirdi:

-O biri patokda Almaz vardı ha, fellənmiş? Deyirlər oymuş düşən...

İkinci qız büzüşüb səsini qısmışdı:

-Olmaz əşi! Almaz buralarda nə gəzir?

Ataman səsini yeksəltdi:

-Az qadam sənin canına, nə olmaz? İki aydı qoşulub qaçıb birinə, heç dərsə də gəlmir. Deyirlər oğlan aparıb beş-on gün orda burda süləndirib, qoyub küçələrdə. Evə qayıtmağa üzü olmayıb, papası da deyib gəlsə öldürəcəyəm... Bu yuxarıdakı var ha?-başıyla yuxarı mərtəbələrə işarə elədi-deyirlər o tapıb gətirib, elə özünün tayıdır da, evə kişi-mişi gətirirlər...

-Yuxarıdakı? O körpə uşağı olan?

-Hə də, o.. Uşağı da Allah bilir kimdən peydahlayıb, pul-para qoparsın, o da keçməyib, indi də Almazı çəkib yanına...

Üçüncü, bayaqdan səsi çıxmayan çəlimsiz qız söhbətə müdaxilə elədi:

-Almazı burda görən olub?

Ataman narazılıqla üz-gözünü qırışdırdı:

-Görən olmasa da deyirlər o səhər yerə dəyən ona oxşayırmış.. Əlamətlərini marketdəki satıcı demədi? Elə odur ki, var.. O da burda neyləyəcək yuxarıdakının yanında qalmaqdan başqa? Hələ bəlkə də özü itələyib salıb aşağı?

İkinci qız qorxu içində döyükdü:

-Yavaş danış, eşidən olar, nəyimizə lazımdır? Bir də niyə itələyib salsın ki?

Ataman bir addım da geri çəkilmək fikrində deyildi.

-Niyə salacaq ki? Ya sevgilisini ələ keçirib, ya da səhər az pulla qayıdıb. Çox güman sevgilisini əlindən alıb.. Görməmisiniz, yanına bir yaraşıqlı kişi gəlib- gedir.. Deyir güya əridir. Ay sən öləsən! Yüz faiz saxlayır bunu. Bizim kənddə kişilər belə gicbəsəri bir gecədə evindən çıxarıb daş-qalaq edərdilər, bunlar da adlarını kişi qoyublar. Biri qapısını döyüb soruşmur ki, ay balam, bura nədir səninçün, pozğunxanadır?...

Üçüncü çəlimsiz narazılıqla başını yellədi:

-Di yaxşı, nə işimizə qalıb.. Özləri bilərlər - və çantasından mənzilin açarlarını çıxardı. Ataman qapının ağzınmda dayanıb bir mərtəbə yuxarıdakı qapını dinlədi.

-Necə sakitçilikdir? Qınına çəkilif duruf... Elə deməyimiz lazımıydı ki, bunu tutub aparsınlar, getsin bala-bala...-və qadının yanına gəlib gedən yaraşıqlı kişini xatırlayıb gülümsədi...

4

Qızların qaldıqları mənzilin üst qatında, dördüncü mərtəbədəki qadın beş yaşındakı oğlunun yeməyini yedirə-yedirə səhərdən içini didib-dağıdan düşüncələrin caynağında çırpınırdı. Əri bu axşam gəlməyəcəkdi. Onların ailə qurmasına qarşı çıxan atasının qorxusundan hər axşam da gələ bilmir, üç-beş gündən bir, gecə düşəndən, qonşular evinə çəkiləndən sonra gizli-gizli qapını döyür, bir-iki saat dayanıb çıxıb gedirdi. Nikah bağladıqları gündən bəri səhəri bu evdə açdığı olmamışdı. Atasından it kimi qorxurdu...

Amma nə qədər gizli gəlib getsə də maraqlı qonşular duyuq düşmüşdülər və kişinin özünü gizlətmə cəhdləri böhtana, şərə, qınağa çevrilib qadının başından tökülürdü. Həyətdəki qadınlar uşaqlarını onun oğluyla oynamasına icazə vermirdilər, çörək dükanının üst-başından pintilik yağan kök satıcısı ona göz süzdürür, küçənin ağzında topalaşan məhəllə cayılları söz atırdılar. Üstəlik bir əməlli iş də tapa bilməmişdi. Qardaşları qəbul edilməmiş ailəyə görə əllərini ondan üzmüşdülər, anası arabir, ayda iki -üç dəfə bazarlıq edib gətirir, bunu da qardaşlarından gizlin edirdi.

Qazancının hər qəpiyi üçün evdə hesabat verən əri onları ehtiyac içində saxlayırdı...

Səhər küçədə qopan harayla özünü çölə atmışdı.. Yerə sərilmiş qadını gördükdə sarsılmışdı. Ölüm bütün gözəlliyi və çirkinliyi ilə qarşısında dayanıb dururdu. “Ölüb canı qurtardı” düşüncəsinə qapılsa da ətrafdakıların “hələ sağdır”, “Bəlkə də şikəst qalacaq”, “əllərdə qaldı yazıq” sözlərindən çıxılmazlıq içində qalmışdı. Ölümdən qorxmurdu, oğlu üçün də nigaran deyildi, atası onu çox güman aparacaqdı, ya da dayıları... Hər halda qohumları uşağa sahib çıxacaqdılar.. Ama özünü atan qadının sağ qalması onu qorxuya salmışdı...

Uşaq əliylə qaşığı itələdi.. Nəfəsi daralmışdı, eyvana çıxdı, istər-istəməz aşağı boylandı.. Tükləri ürpəşdi.. Bacarmayacaqdı daha, sağ qalma ehtimalı ölüm fikrinin üstünə qorxu kölgəsi salmışdı...

5

Birinci mərtəbədəki kiçik mənzildə yaşayan qarı-qoca axşam yeməyinə hazırlaşırdı. Qarı çörək qabını masaya gətirib ərinin qarşısına qoydu, özü də onunla üz-üzə əyləşdi:

-Səhərki əhvalat necə bitdi görəsən? Adamı tapıldımı yazığın?

Qoca başını yellədi:

-Adamı olan da özünü o boyda hündürlükdən yerə atarmı? Görmədinmi, heç kim də tanımır. Özü qəsdən gəlib elə yerdən atılıb ki, tanıyan bilən olmasın...

Qaşıqla yeməyini döyəcləyə-döyəcləyə bir xeyli fikrə getdi..

-Gündə biri atır, yandırır, asır özünü.. Yazıq cavanlar. Bunlara bir yiyə çıxan olmayacaqmı?...

6

Məhlədəki binaların kişiləri həyətdəki çayxanaya yığılıb televizorun səsini qaldırmışdılar. Ağız deyəni qulaq eşitmirdi, xəbərlər hələ başlanmamışdı...

7

Palata bir adamlıq idi. Kişi yatağa yaxın oturub başı bintlə sarınmış qadının əlini əlləri içində saxlamışdı. Qadının dodağı partlamış, gözlərinin altı qan salmışdı.

Tibb bacısı növbəti iynəni vurub çıxdı. Sakitçilik çökdü. Qadın göz qapaqlarını ağır-ağır qaldırıb dodaqlarını zorla araladı:

-Sənin də başına iş açdım..

Kişi zorla da olsa gülümsədi, sifətindən duyduğu qorxunun izləri hələ silinib getməmişdi:

-Əzizim, bunları fikirləşməyin əbəsdir. Hər şey keçib, əsas odur ki, sənə heç nə olmayıb.

Qadın yerində azacıq tərpənib duruşunu düzəltmək istədi. Başını zorla qaldırıb ayaqlarına sarı boylandı, onları tərpətməyə çalışdı. Barmaqlarını azca hərəkət etdirib başını yenidən yastığa qoydu:

-Sən aldatmırsan ki? Şikəst qalmaram, eləmi?

-Yox əzizim, həkim nə dedi? Bir az vaxt yatacaqsan, yüngül müalicə, çıxardacaqlar...

- Amma gül kimi evi əldən buraxdıq, daha sahibi razı olmaz.

-Yox, daha yox, zəng elədi, apardım açarı verdim, narazılıq elədi ki, sabah polis doluşacaq evimə, başıma iş açdınız... Yaxşı ki, birinci mərtəbədən düşmüsən... Mən sənə deyirdim tək getməyəsən...

Qadın peşman nəzərlərini kişiyə zillədi:

-İstədim əşyalar daşınmamışdan gedim bir əl gəzdirim, təmizlik edim. Azca hava almaq istəmişdim, həm də eyvanın dəmirlərində qurumuş sarmaşıq çiçəkləri ilişib qalmışdı, əlimi uzatdım ki, təmizləyim... Nə biləydim guppultuyla gələcəm yerə?...

Qapıya boylandı:

-Getdilər?

-Hə, hamısı çəkildi getdi, hadisə yerinə sabah baxarıq dedilər, izahat aldılar, getdilər...

-Səni incidəcəklər...-qadının səsindən üzrxahlıq duyulurdu-başına iş açdım...

-Məni incidib neyləyəcəklər, yıxılanda görən olmasa da mənim o saatda işdə olduğumu təsdiqləyəcək iş kartı var... Narahat olma, iki günə həll edib bitirəcəklər...

Qadın başını bir küncdə qoyulmuş televizora tərəf çevirdi, səsi alınmışdısa da xəbərləri aparan diktor öz işindəydi.

-Çəkiblər hər halda, indi verəcəklər, məşhur da olduq

Kişi televizorun səsini yüksəltdi. Diktor xanım bütün bədbəxt hadisələri sadalaya- sadalaya gəlib səhərki hadisənin üstündə dayandı:

-Bu gün Bakı şəhərində qadın özünü çoxmərtəbəli binanın damından yerə ataraq intihara cəhd edib. Hadisə zamanı ağır yaralansa da onun həyatını xilas eləmək mümkün olub. Hadisənin namus cinayəti zəminində baş verdiyi ehtimalı irəli sürülüb. Araşdırmalar davam etdirilir...

Kişi qadına, qadın kişiyə baxdı. Kişi hirslə televizoru söndürdü:

-Belə xəbərdən sonra o binada yaşamaq olardı?

XS
SM
MD
LG