82 dairə üzrə 603 bələdiyyəyə keçirilən təkrar, əlavə, ilk və yeni seçkilərlə bağlı səsvermə başa çatıb. «Seçkilər» İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayevin məlumatına görə, artıq səslərin sayılmasına başlanılıb. Mərkəz isə aşağı seçki komissiyalarından protokolların daxil olmasını gözləyir. Həmin məlumatlar daxil olduqca internetə yerləşdiriləcək. Amma cənab Babayev deyir ki, bələdiyyə seçkilərində səslərin sayılması texnologiyası fərqli olduğundan proses yubana bilər.
«Seçkilər» İnformasiya Mərkəzinin məlumatına görə, seçicilərin təxminən 35 faizi (300 minə yaxın seçici) seçkidə iştirak edib. Müşahidəçilər isə seçicilərin səsvermədə passiv iştirak etdiyini vurğulayırlar. Bununla razılaşmayan İqbal Babayev deyir ki, bələdiyyə seçkilərində ötən seçkilərlə müqayisədə seçicilərin fəallığı normaldır. Onun sözlərinə görə, gün ərzində mərkəzə şikayət daxil olmayıb. MSK-dan isə bildirirlər ki, yaxın saatlarda iki dairədən daxil olmuş şikayətlə bağlı toplantı keçiriləcək.