Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:28

Qubad İbadoğlu Arif Hacılının barışıq təklifini rədd etdi


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Qafqazinfo-ya müsahibəsində partiyadakı son durumu şərh edib.

- Qubad bəy, Arif Hacılı dünən (oktyabrın 31-də - red.) mətbuat konfransında müraciət etdi ki, hər şeyi unudun, gəlin birgə davam edək. Bu təklifə münasibətiniz necədir?

- Bu, şəxsi münasibətlərdən qaynaqlanan bir problem deyil. Bu, Müsavatın yönəlməsi, siyasi və strategiyası ilə bağlı fikir ayrılıqlarıdır. Bu məsələlər kinin, nifrətin üzərində formalaşmayıb. Bununla bağlı çağırışlar sözdə yox, əməldə olmalıdır. Partiyanın bütün strukturlarında bir qrupun təmsilçiləridir. Peşəkarlıq, təcrübə, ictimai nüfuz nəzərə alınmadan bütün strukturlar formalaşıb. İndi təklif olunur ki, gəlin bir yerdə işləyək. İşləmək necə olur?! Müəyyən istiqamətlərdə fəaliyyət imkanları olmalıdır. İşləmək o demək deyil ki, biz Müsavat Partiyasında üzv olaraq qalmalı, ağzımızı bağlamalı, gözümüzü yummalıyıq. Bu adamlar da Nizamnamə pozuntusu ilə fəaliyyətlərini davam etdirsin, partiyanı istədiyi istiqamətə aparsınlar. Birgə işləmək odur ki, partiyanın siyasətinin formalaşmasında bizim də imkanlarımız olmalıdır və qərarların verilməsinə iştirak etməliyik. Bu adamlar bunları düşünmürlər, strukturlar tam formalaşandan sonra deyirlər ki, gəlin hər şeyi unudaq. Belə idarəçilik olmur. Bu, siyasi partiyadır, heç kəsin şəxsi müəssisəsi deyil ki, istədiyi şəxsləri hara istəsə təyin etsin. Nəticədə də partiyanı bu vəziyyətə gətirib çıxarsın. Partiya nüfuzdan düşür və o adamlar da öz nüfuzlarını itirirlər. Bu məsələlər sözdə yox, əməldə olmalıdır. Qurultaydan sonra narazılığını ifadə edən adamlar var. Bir aydan çox müddətdə birini də çağırıb soruşmayıblar ki, sənin problemin, dərdin nədir. Yəni, bu deyilənlər sadəcə mətbuat, ictimai rəy üçündür. Əməldə bunu görmürük.

- Strukturlar formalaşmadan öncə sizə Məclis sədrliyi təklif olunmuşdu axı...

- Bilirsiniz, əvvəla Məclis sədrliyi təyinatla olmur. Bunun üçün öncə Məclis üzvü olmaq lazımdır. Sonra isə üzvlər arasından sədr seçilməlidir. Heç kəsin Məclisə sədr təyin etmək hüququ yoxdur. Bu təklifin özü də bir Nizamnamə pozuntusu idi. Bu təyinatlı deyil, seçkili vəzifədir. Hər şey ciddi olmalıdır. Hər təkliflə, Nizamnamədən kənar müəyyən mesajlarla öz fəaliyyətimizi qurmalı deyilik ki?!

- Yəni, siz partiyanın idarəetmə strukturlarında tərəfdaşlarınızın da iştirakını istəyirsiniz?

- Bizim davamız mənafe, vəzifə davası deyil. Biz Müsavat Partiyasının bu dövrünü və gələcəyini necə görürüksə, onu seçki platformamızda ifadə etmişik. Söhbət Müsavat Partiyasının güclənməsindən gedir. Biz vəzifə və mənafe üçün çalışmırıq. Bunun üçün də müəyyən polemika olmalıdır. Partiyanın son qurultayında və hazırlıq dövründə təşkilat komitəsinin buraxdığı səhvlər vardı. Biz arayış hazırladıq və onlar hər şeyi inkar etdilər. Hər şeyi inkar etmək olmaz. Arayışı ona görə verdik ki, səhvlərə yol verən partiya üzvləri üçün müəyyən tədbirlər görsünlər. Amma bunlar hər şeyi inkar edib ideal bir şey olduğunu bildirdilər. MNTK-nın rəyindən belə çıxır ki, biz şər atmışıq. Bunlar hətta kiçik səhvləri də etiraf etmək gücündə deyillər.

Arayışa konstruktiv, peşəkar yanaşmaq lazım idi. MNTK-nın cavabında o qədər Nizamnamədən kənar ifadələr var ki. Bu məsələləri mətbuat konfransı keçirmək, yaxud sizə müsahibə verməklə həll etmək olmur. Bu məsələlər vaxtında bir masa arxasında müzakirə edilməklə həll olunmalı idi. Bu şansları da getdikcə itirirlər. MNTK-nın qeyri-obyektiv rəyi ilə, gedənlərə xəyanətkar deməklə, «partiyanı təmizləmək lazımdır» deməklə, məni partiyadan istefa verməyə çağırmaqla şanslarını itirirlər. Şansları dəyərləndirmək lazımdır və bu dəyərləndirmənin də vaxtı var. Partiyanı istədiyim kimi idarə edim, bir aydan sonra görüm ki, potensialdan istifadəyə ehtiyac var və müraciət edim, bu formada məsələlər həll olunmur.

- Qarşılıqlı dialoq üçün hələ də şans varmı?

- Biz həmişə dialoqa hazırıq. Özümüz də noyabrın 8-də belə bir müzakirə üçün Müsavat Partiyasının qərargahında yığışacağıq. MNTK-nın verdiyi rəyə münasibətimizi ifadə edən sənədi təqdim edəcəyik. Müsavat Partiyasının, bizim gələcək fəaliyyət istiqamətimizlə bağlı təklifləri dəyərləndirəcəyik. Bunların əsasında öz addımlarımızı müəyyənləşdirəcəyik.

- Bu konfransa qarşı tərəf də dəvət olunacaqmı?

- Bu tədbir qarşılıqlı polemika üçün nəzərdə tutulmayıb. Bizim sənədin təqdimatı olacaq. Qarşı tərəfdən kim istəsə, gəlib iştirak edər. Heç bir müsavatçının o tədbirdə iştirakına qadağa yoxdur. Partiyanın hər bir üzvünü həmin tədbirə dəvət edirik.

Müsavatın sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı 228 səslə partiyanın yeni başqanı seçilib. 200 səs toplayan Qubad İbadoğlu və onun tərəfdarları seçkilərdə pozuntular olduğunu vurğulayaraq nəticələrin araşdırılması üçün partiya rəhbərliyinə 3 ay vaxt veriblər.

Qubad İbadoğlu pozuntuların olması barədə partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) arayış təqdim etmişdi.

MNTK oktyabrın 30-da verdiyi rəydə keçmiş namizədin şikayətinin əsassız olduğu qənaətinə gəlib.

XS
SM
MD
LG