Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:05

Natiq Cəfərli: «İşləyənlər pensiya məbləğini özləri yığacaqlar»


Natiq Cəfərli
Natiq Cəfərli

-

Gözlə

No media source currently available

0:00 0:05:53 0:00
Direct-ə keçid

Ölkə prezidenti 2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı konsepsiyasını təsdiqləyib. Yeni konsepsiya nə vəd edir?

İqtisadçı ekspert Natiq Cəfərli islahatlar konsepsiyasını AzadlıqRadiosuna şərh edir:

- Ən böyük yeniliklərdən biri odur ki, fərdi yığım uçot sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Bunu sadə dillə ifadə etsək, adamların təqaüd təminatının onların qazanclarından formalaşan vəsait hesabına aparılmasını nəzərdə tutur. Yəni, dövlətin bu prosesdə iştirakı minumuma endiriləcək. Nəzərdə tutulur ki, insanlar pensiya yaşına qədər işləyib pensiya fonduna bəlli bir vəsait ödəsinlər, təqaüdə çıxanda da yüksək pensiya ala bilsinlər. İkinci bir yenilik odur ki, əmək pensiyaların baza hissəsi əvəzinə, minimum pensiya məbləği təyin olunacaq.

- Bu nə deməkdir?

- Yəni əgər təqaüdə çıxmış vətəndaşın alacağı pensiya minimum pensiyaya uyğun gəlməsə, onda çatışmayan hissəni dövlət kompensasiya edəcək.

- Bu kompensasiya hansı mənbədən ödəniləcək?

- Yəqin ki, büdcə hesabına olacaq. Ancaq fikrimcə, bu, az bir qismi əhatə edəcək. Yəni bu kateqoriyaya heç vaxt işləməyən adamlar aid ola bilərlər, işləyənlərin əksəriyyəti minimum pensiya məbləğindən artıq alacaqlar. Əlbəttə, hələlik konsepsiya ilkin tanışlıqdan çıxan nəticələrdir. Daha bir pözitiv addımdır odur ki, qeyri-dövlət təqaüd fondlarının yaradılması gözlənir. Biz illərdir ki, bu sistemin tətbiqini hökumətə tövsiyə edirdik.

- Söhbət özəl pensiya fondlarından gedir?

- Bəli, əlbəttə, özəl pensiya fondların hansı qanunlar çərçibəsində olması çox vacibdir. Yəni, gələcəkdə bu fondlar uğursuzluqla üzləşdikdə onunla müqavilə bağlayan şəxslərə ziyan vurmaması üçün güclü zəmanəti, sığortası olmalıdır. Ya da dövlət bazara iri xarici oyunçuları dəvət etməlidir. Amma inanmıram ki, hökumət xarici investorları dəvət etsin, çünki onlar iri maliyyələri ilə yerli rəqiblərini tez bir zamanda sığışdırıb çıxaracaqlar.

- Özəl pensiya fondlarının pensiya təminatında hansı faydası dəyəcək?

- İşçilər üçün seçim imkanı olacaq. Onlara edilən təklifləri dəyərləndirib ya dövlət pensiya fondları, ya da özəl fondlarla müqavilə bağlayacaqlar. Rəqabətli mühit yaransa, işçi bundan fayda götürəcək. Bundan başqa, dövlətin də müəyyən öhdəliyi olmalıdır. Məsələn, Türkiyədə işçinin hansı fondla müqavilə bağlamasından asılı olmayaraq, dövlət əlavə olaraq onun hesabına müəyyən məbləğdə bonus köçürür. Məsələn, sən pensiya fonduna 100 manat ödəyirsənsə, hökumət də bu məbləğə 25 manat əlavə edir.

- Bəs bu islahatlar təqaüd portfelinə necə təsir edəcək?

- Birbaşa təsir edəcək. İşləyənlərin, xüsusilə yaxşı maaş alanların təqaüdü artacaq. Amma axı ölkədə minlərlə işsiz var, onlar pensiya fonduna pul ödəyə bilməsələr, pensiya yaşına çatanda hansı çətinliklərlə üzləşəcəklər? Bu məsələ konsepsiyada açıq qalıb. Çünki minlərlə adama minumum pensiya vermək pensiyaçıların problemini həll etməyəcək. Bir qənaətimi də bölüşmək istəyirəm. Bu konsepsiyanın ortaya çıxmasının səbəbi budur ki, ölkənin neft gəlirləri azalır. Ona görə də dövlət çalışır ki, məsuliyyəti öz üzərindən vətəndaşın üzərinə keçirsin. Əgər konsepsiyanın müsbət tərəfləri inkişaf etdirilsə, bu, yaxşı olacaq. Yox, əgər bütün yükü birbaşa vətəndaşın üzərinə qoymağa çalışsa, biz bu konsepsiyanın fəsadlarını görəcəyik.

XS
SM
MD
LG