Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:49

Avropalılar təyyarəni bizim uçan xalçamıza baxıb düzəldiblərmiş...


NAHİD
NAHİD

-

Bah, bir hay-həşir düşdü ki. Saçyoldu, şər-böhtan, dava-dalaş başlandı ki...

NAHID

MƏDƏNİYYƏTİMİZDƏN 3 NÜMUNƏ

Xatirimdən heç çıxmaz. Tədbirlərin birində Şərq və Avropa mövzusunda müzakirə gedirdi.

Mən hərdən sağ tərəfə, hərdən də sol tərəfə baxıb “kim həqiqəti deyir” məntiqində dinləyirdim.

Qəribədir. Hər iki tərəf də düz deyirdi. Göstərilən və nümunə çəkilən qaynaqların əsaslı izahı vardı.

Bəs niyə səslər uca, sözlər “səni öldürəcəm” nidasında idi? Bilmirdim. Bir müddətdən sonra ortalığı alovlu və əsəbi nitqi ilə cavan oğlan qarışdırır. İddiası da budur ki, ilk dəfə televizor modelini qərbli alimlər şərq nağıllarında “ayna, ayna, söylə mənə” açar sözü olan sehrli güzgü əsasında tapıblar.

Yanımda əyləşən başqa bir qonağa “indi uçan xalçanı da misal çəkəcək” deməyimlə, gəncin, təyyarənin də uçan xalçanın modeli olduğunu israrla qeyd etdiyini eşitdim.

Və uzun müzakirələr başlandı. Başımız şişdi, ürəyimiz bulandı, mədəmiz acdı. Söz istəmə işarəsi olaraq əlimi qaldırdım və nitqimi gözləyənlərin hücumedici baxışları üzərimdə cəmləndi.

“Mən əminəm ki, siz dediyiniz o sehrli güzgü məsələsindən qərblilər televizoru icad etməsəydi, şərqlilər hələ də “ayna, ayna, əmim oğlunu göstər mənə”” deyib əlində güzgü tutacaqdı”. Bah, bir hay-həşir düşdü ki. Saçyoldu, şər-böhtan, dava-dalaş başlandı ki. Özümü vətən xaini kimi hiss etdim. Biri dedi televizoru elə şərqlilər tapıb. Biri dedi “ə, qələtini elə”. Nəysə.

***

Yuxarıda nə yazdımsa hamısını unudun. Qızışmaq üçün məşq edirdim. Mətləb ayrıdı.

Bu Avropaya inteqrasiya etmək haqqında deyilən fərziyyələr, edilən əmmələrin hamısı bəhanədir. Sivil görsənmək üçün deyirik və ya edirik. Kimin quyruğu qapı arxasında qaldı, deyir “Avropa”. Texnika məsələsində Avropaya tam olaraq nəinki inteqrasiya etməmişik, heç adaptasiya da olunmamışıq. Mədəniyyəti isə əxlaq pozuntusuna calayıb, özümüzə yaxın buraxmamışıq.

Ancaq dərk edə bilmirik ki, mədəniyyətə təkcə əxlaq normaları, xüsusən qadın-kişi münasibəti aid deyil.

Davranış, qanun, hörmət, ictimai asayiş, vətəndaş mövqeyi və s. kimi aid olan məsələlər də var. Biz görüb-götürmək çağındayıq. Oxuyub-öyrənmək çağının qürub etdiyi bir dönəmdə ərsəyə gələn bir çağ. Ancaq bizim xalqa aydın olmayan bəzi məsələlər var.

Görürlər, ancaq götürməyin fərqini bilmirlər. Çünki oxuyub-öyrənmək çağında da nə oxuya bildik, nə də oxuduğumuzu öyrənə. İndi də nəticəsi budur.

Öyrənməyi bacaranlar da ki bu xalqa həqiqəti göstərmək metodunu İsgəndər kimi içib danışmaqda görürlər. Və ayılanda söykənməyə yerləri olsun ki, “Əşi, içib səyləyirdim də”. İstisnası olmaq şərti ilə təbii ki.

Sizə ölkəmizdə mövcud olan və Avropadan nələri görüb, ancaq götürə bilmədiklərimizdən çox az nümunə göstərmək istəyirəm.

1-ci nümunə

Bu toplumda kiminlə mədəni danışırsan, cümlənin əvvəlini “siz”, ortasını “üzr istəyirəm”, axırını “zəhmət olmasa” ilə bitirirsən, səni zəif, avam, yazıq, gücsüz sayır. Düşünür ki, sən qorxaqsan. Yol polisinə “siz” deyə müraciət etdinsə, deməli, səhvini boynuna almısan və ona yaltaqlanırsan.

Polis vətəndaşa “üzr istəyirəm” deyirsə, deməli, dəyənəyi yumşaq materialdandır.

“Üzr istəyirəm” müraciətindən sonra onun dediyi bütün qayda pozuntuları “çıpıxıdı”. Üstünə qışqır, sənə “çest” verib getsin. Yəni mədəni müraciət forması olan sözlər, insanlarımız arasında hörmət deyil, zəiflik əlamətinin göstəricisinə dönüb.

2-ci nümunə

Maşının sağa və ya sola dönmə nişanlarından istifadə etmək, səndən arxadakı “kişi”nin gözündə “zapadlo” qaydalarına uyğun gəlir. Əgər bu vasitədən istifadə edib dönmə hərəkəti edirsənsə, deməli ya sənin pulun yoxdu, ya “xamsan”, ya da “bağışda, ay brat, loxsan” cümləsini sənə baxıb kəşf ediblər.

Yadıma düşür, deyim. Bir dəfə sinif yoldaşım məni qəsəbədə maşın sürərkən qoruyucu kəmərdən istifadə etdiyim üçün “kişilik adına töhmət” bilib danladı. “Ə, qorxaq olma, ə!” deyib güldü də. Mən yox, qoruyucu kəmər onun sözlərindən necə utandısa, özünə sənaye üsulu nifrət etdi.

Yəni burdan belə bir nəticə ortaya çıxır ki, biz öz canımızı qorumağın dəyərini hələ də dərk etmirik. Canımızı ucuz kişiliyə qurban veririk ki, kənardan baxan dost-tanış “kəmər” taxdığımızı görüb gülməsin.

3-cü nümunə

İstər yol olsun, istər adi icra məmuru. İstər zəhmli olsun, istər parkda öpüşən cütlüyə on manat kimi baxan sadə dövlət işçisi. Haqqını tələb edib, qanundan bir-iki sitat gətirdiyində “Ə, yekə-yekə danışma” və ya “Qanun bilən çıxıb” hədə-qorxusu eşidirsən. Hələ bəxtin gətirməsə “Burda biri var, şivənlik salıb” cümləsini də eşidərsən. Yəni bu “keşikçilər” elə bilirlər ki, vətəndaşın hüququnu bilməsi yekə-yekə danışmaq deməkdir.

4-cü nümunə

...

Bu nümunədə yazmaq istədiyim “götürmədiklərimiz”i sizin ixtiyarınıza, şəxsi insan keyfiyyətinizə buraxıram. Mənə görə nə Avropa idealdır, nə də Şərq. Mənə görə qonşuya baxıb dala qalmamaq əşya və maddi keyfiyyətlərin üstünlüyü yox, insani dəyərlərin üstünlüyüdü.

Görüb-götürdükləriniz görüb-götürəcəklərə nümunədir. Nümunənizdən utanmamaq diləyi ilə.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG