Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:26

Suyun ən yaxşı hədiyyə olduğu kənd-Siyavar...


Ələsgər Qasımov
Ələsgər Qasımov

-

Lənkəran rayonunun Siyavar kəndində hər gün səhər qapı-qapı gəzib içməli su satan tək atlı araba gözə dəyir. Arabaçı, bu kəndin sakini Ələsgər Qasımov deyir ki, içməli su gətirməsə zəng-zəng dalınca gələr.

Bu kənddə adamlar bələdiyyədən daha çox Ələsgərdən umurlar. Hamı bilir ki, su olmasa problem yaşanacaq. Siyavarlılar yaxınların evinə qonaq gedəndə özləri ilə içməli su da götürürlər. Su bu kənddə ən yaxşı hədiyyədir. Baxmayaraq ki, kənd Xəzərin sahilində yerləşir və hər tərəfi sudur...

Ələsgər Qasımovun arabası Bakı-Astara yolu ilə hərəkət edir. Bu yolun açılışında ölkə prezidenti də iştirak etmişdi. Yola asfalt döşənib, rahatdır. Lakin bu sözləri Mamusta –Siyavar yolu haqqında demək olmaz. Yol dağılmaq üzrədir. Tədricən keçilməz hala düşür. Ələsgər Qasımov yalnız su və yol problemlərindən yox, digər qayğılardan da danışır:

NƏ FƏRLİ MƏKTƏB VAR, NƏ BAĞÇA, NƏ DƏ MƏSCİD...

Siyavar kənd məktəbi. Lənkəran
Siyavar kənd məktəbi. Lənkəran

“Nə fərli başlı məktəb var, nə də bağça. Bu qarda məktəb dağılacaq. Uşaqlar harada dərs alarlar, harada bağçaya gedərlər? Mamusta yolu pis gündədir. Baxan yoxdur. Pul yığdılar dedilər məscid tikirik. Məsciddə tikmədilər, pul da yoxdur. ”

Yoldan şütüyən bahalı maşınları göstərib deyir ki, bunların heç birisi onlara aid deyil. Kəndin bir yolu abaddır, digər əsas yolu isə bərbad:

“SU KƏNDİ BASANDA ADAMA BİR YARDIM ELƏMİRLƏR”

“Su kəndi basanda adama bir yardım eləmirlər. Adam öldü, inək öldü baxan yoxdur. Birlik var burda? Mən indi məktəbi də, bağçanı da göstərərəm, yolu da göstərərəm. Mamusta yolundan ümumiyyətlə maşın keçməz. Hansı taksiyə deyirsən məni apar, deyir sənin yolun pisdir, maşına nə qədər xərc qoyuram.”

Atını tələsdirir və deyir ki suyu nahara qədər çatdırmalıdır. Ələsgər Qasımov deyir ki, ailədə təkcə o işləyir. Bir ailə onun əlinə baxır. Suya görə az-çox ona hörmət edirlər. Gündəlik qazancı olur. Deyir ki, pulu olmayana suyu İmam Hüseynin xeyratına havayı verir:

SUYNAN XEYRAT VERİR...

“Savablıq qazanıram. Şərait yoxdur, bura baxan yoxdur. Geyinirlər, gəlirlər məktəbə. Məktəbdə qızdırıcı yoxdur. Soyuqdan ölürlər orda .”

Arabanı Mamusta yoluna döndərir. Araba çətinliklə hərəkət edir. Yoldan keçən avtobus sürücüsü Adil Hüseynov da yoldan şikayət edir:

“MƏN 3 MAŞIN DƏYİŞMİŞƏM, BU YOLDA”

“28-27 ildir bu istiqamətdə işləyirəm, Siyavar istiqamətində. Lənkəranda belə yol yoxdur. Mən üç maşın dəyişmişəm, bu yolda. Qazanc da yoxdur ki, xərc qoyum maşına. Qazancım ancaq maşına sərf olunur. Heç kim baxmır bu yollara. Neçə dəfə müraciət ediblər, heç kim baxmır .”

Siyavar kənd yolu. Lənkəran
Siyavar kənd yolu. Lənkəran

​Artezian quyusu Mamusta kəndin 7-8 kilometrliyində yerləşir. Ələsgər Qasımov arabada olan su qabını doldurmağa başlayır. O su kranını göstərib deyir:

“Baxan yoxdur. Burda bir dənə kran qoymayıblar. Kakalos adamları, Mamusta adamları, Siyavar adamları. Gəlib burdan su götürürlər.”

Suyu götürüb kəndə qayıtmaq 2 saat çəkir. Ələsgər Qasımov yolun kənarında, darvazaların qarşısında qoyulan su qablarını doldurur.

Siyavar kənd sakini Aqil Hüseynov isə deyir ki, qazları var . Elektrik enerjisi də pis deyil. Ancaq su məsələsi neçə illərdir ki, həllini tapmır.

Onun sözlərinə görə, kənd Xəzər dənizin sahilində yerləşdiyi üçün suyu da şorandır. Artezian quyusu isə tələbatı ödəmir. Suyu motorla vururlar:

“Bir dənə kran ordadır. Bu məhəllə o karana baxır. Heç olmasa ara məhəlləyə bir dənə qoysunlar. Maşınlar da su paylayır, orda olmayanda. İşıq olmayanda maşınlardan da götürürük.”

“HÖRMƏTLİ PREZİDENTİMİZƏ YAZMIŞIQ”

Kəndin digər sakini deyir ki, su ilə bağlı ölkə prezidentinə müraciət ediblər. Hələ ki, tədbir görən yoxdur:

“Hörmətli prezidentimizə yazmışıq. Camaat da qol çəkdi göndərdik. Sağ olsun ki, yenə də yerinə yetirilib.”

O deyir ki, imkanı olanlar özləri üçün ayrıca su xətti çəkirlər. İmkanı olmayan isə su arabasının ümidinə qalıb:

VARLILAR ÜÇÜN AYRICA SU XƏTTİ...

Artezian quyusundan su götürüb kəndə qayıtmaq 2 saat çəkir
Artezian quyusundan su götürüb kəndə qayıtmaq 2 saat çəkir

“Qanun hamı üçündür. Çox da biz yoxsuluq. Kimin imkanı var su çəkməlidir? Bəs qalanları. Su problemdir. Çox problemdir. Özü də bizim kəndin suyu şordur, çox şordur. Bələdiyyə qoymur icra hakmiyyətinin yanına gedək, mən çoxdan getmişdim.”

Kəndin məktəbi də yararsız vəziyyətdədir. Kənd sakinlərin demələrinə görə məktəb binası 60-cı illərdə inşa edilib. Üstü də həmin vaxtlarda örtülüb.

RƏSMİLƏRİN VƏDİ...

Siyavar bələdiyyəsinin sədri Rəyasət İmanov isə mövcud problemlərin həlli istiqamətində işlərin davam etdirildiyini bildirir. Lənkəran icra hakimiyyətinin saytında da su və kanalizasiyanın çəkilməsi haqqında geniş məlumat verilir. Məlumatda deyilir ki, dövlət proqramına əsasən 250 kilometr su xətti, 230 kilometr kanalizasiya xətti çəkiləcək.

Lənkəran şəhəri daxil olmaqla 5 kənd su ilə təmin olunacaq. Su və kanalizasiya xəttin çəkilməsi üçün 210 milyon manatın ayrıldığı qeyd edilir. Dövlət proqramında qeyd edilən illər keçir, ancaq vəziyyət bir elə də dəyişmir...

XS
SM
MD
LG