Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:47

İntiqam Əliyev üçün prezidentə müraciət edildi


İntiqam Əliyev
İntiqam Əliyev

-

«Biz, aşağıda imza atan jurnalistlər, vəkillər, ziyalılar və ictimai xadimlər sizə hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevlə bağlı müraciət edirik».

Hazırda həbsdə olan İntiqam Əliyevlə bağlı prezidentə müraciət belə başlayır. 70 nəfərin imzaladığı müraciətdə daha sonra deyilir:

«İntiqam Əliyev Azərbaycanda azsaylı şəxsiyyətlərdəndir ki, hansı düşüncənin, hansı mövqeyin sahibi olmasından asılı olmayaraq, fərqli təbəqələrdən olan ən müxtəlif siyasi baxışlı şəxslər üçün ədalət prinsiplərinin, müəllimliyin, təmizliyin simvoluna çevrilməyi bacarıb. İntiqam Əliyev onlarla vəkilin müəllimdir. O, ölkəmizin işıqlı gələcəyi, gənclərin maariflənməsi üçün daim təmənnasız xidmət göstərib».

Müraciətdə İntiqam Əliyevin səhhətində yaranan problemlərin, vəziyyətinin pis olması nəzərə alınaraq prezidentdən onun azadlığa buraxılması istənilir:

«Biz, aşağıda imza atan şəxslər, zərurət yaranarsa, İntiqam Əliyevə zamin durmağa hazırıq. Ümid edirik ki, siz humanizm prinsiplərini əsas götürərək İntiqam Əliyevin hazırkı sağlıq durumunu nəzərə alacaq, onun haqqında çıxarılmış həbs-qətimkan tədbirinin qanunda nəzərdə tutulmuş digər tədbirlərlə əvəz edilməsi üçün müvafiq göstəriş verəcəksiniz».

İntiqam Əliyev Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı. İ.Əliyev əsəb və yuxusuzluqdan əziyyət çəkir. Övladları ilə görüşündə sona qədər iştirak edə bilməyib. 15 gündür yuxusuz olduğu, ayaqlarında qıcolmanın, tutulmaların baş verdiyi, dərmanların lazımi effekt vermədiyi bildirilir. Müraciətdə onun tez bir zamanda normal şəraitdə müalicəsinin davam etdirilməsi vacibliyi vurğulanır.

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

XS
SM
MD
LG