Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:01

Cənub rayonlarında xəstə uşaqlara keçilən «dərslər»in izi ilə...


-

«Cənub xəbərləri» qəzetində xəstə uşaqların təhsili ilə bağlı araşdırma yazısı dərc olunub. Araşdırmanın müəllifi, qəzetin baş redaktoru Zahir Əmənov deyir ki, bu sahədə çoxlu qanun pozuntularına yol verilir. Evdə təhsil alan xəstə uşaqlar bir növ qazanc mənbəyinə çevrilib:

​«Yaralı sahələrdən biri də xəstə uşaqların təhsil məsələsidir. Fiziki qüsuru olan, ciddi xəstəlik keçirən uşaqlara qanuna uyğun olaraq evlərində təhkim olunmuş müəllimlər dərs keçməlidir. Qaydalara uyğun olaraq müəllim ən azı 7-8 saat həmin evdə uşaqla məşğul olmalıdır. Bir kəndə 30 uşaq xəstə olur, müəllim təhkim olunur ora. Qonşu kəndə isə bir uşaq belə xəstə olmur».

Zahir Əmənov
Zahir Əmənov

Araşdırmaçı jurnalistin sözlərinə görə, bir xəstə uşağın təhsilinə hər ayda 130-140 manat pul xərclənir. Sağlamlıq imkanları məhdud olan belə uşaqların valideyinlərinə isə 20 manat pul nəzərdə tutulur. Zahir Əmənovun fikrincə həm valideyinin, həm də müəllimin maraqları imkan vermir ki, həqiqət ortaya çıxsın.

«BU BİR ÇOX MÜƏLLİMLƏRİN ÇÖRƏK YERİNƏ ÇEVRİLİB»

«Təhsil şöbələrində, xəstəxanalarda siyahılar gizlədilir. Ən yaxşı halda rəqəmi deyirlər. Hansı uşaq hansı məktəbdədir. Bu gizlədilir. Araşdırmalarda qəribə cavablar verirlər. Detallara gedəndə isə hamı söhbətdən qaçır. Burda detal ondan ibarətdir ki, siyahı versinlər ki, hansı kənddə nə qədər xəstə uşaq var. Gedib araşdırasan, doğurdanmı bu uşağın evinə müəllim gedir-getmir? Bu bir çox müəllimlərin çörək yerinə çevrilib. Müəllimə dərs düzəlməyəndə, deyirlər get xəstə uşaq adı ilə bir sənəd düzəlt. Ciddi araşdırma aparılsa həmin uşaqlardan ən azı yarısı sağlam olar. Bir çox hallarda uşaq xəstə olanda onu sənədləşdirə bilmirlər».

Zahir Əmənov hesab edir ki, bu sahədə aşkarlığın olmaması rüşvətə, korrupsiyaya yol açır:

«MƏQSƏD SAXTA YOLLA PUL QAZANMAQDIR»

​«Məqsəd saxta yolla pul qazanmaqdır. Bir xəstə uşaq bir sinif deməkdir. Müəllimin bir akladı 12 saatdır. Bunun pulu hardasa 120-130 manat edir. Müəllim 10 saat məktəbdə dərs deyirsə, bir xəstə uşağa sənəd düzəldirlər bir o qədər də oradan qazanar».

«Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili haqqında» qanunda xəstə uşaqlardan ibarət qruplar da nəzərdə tutulur. Lakin belə qruplar rayonların heç birində yoxdur».

Biz bir çox qapıları döysək də nə evdə təhsil alan uşaqların valideyinləri, nə özləri bu barədə danışmaq istədilər. Yalnız bir evdə adlarının çəkilməməsi şərti ilə suallara cavab verəcəklərini bildirdilər. Şərti adı Vaqif olan əllin dediyinə görə müəllimlər ona dərs deməyə gəlirlər. İndiyədək problem yaşanmayıb:

«OXUYURAM, YAZIRAM»

«Mənim üçün ədəbiyyat rahatdır. Bir az riyaziyyatdan çətinlik çəkirəm. Onlardan sonra gələn fənlər mənim üçün rahatdır. Oxuyuram, yazıram. Hər şey mənim üçün rahat gedir».

Əlil uşağın anası isə deyir ki, oğlunun təhsili onu o qədər də narahat etmir. Əsas sağlamlığıdır. Ananın bildirdiyinə görə, oğlunun ayaqlarının açılması mümkündür. Bunun üçün müalicə lazımdır. Müalicə üçünsə pul:

ANA ÜÇÜN TƏHSİLDƏN DAHA ÇOX, SAĞLAMLIQ ÖNƏMLİDIR...

«Müalicə lazımdır, imkanım yoxdur. 16 yaşı var. İndiyədək onun üçün eləmişəm. İndi imkanım yoxdur. Bacara bilmirəm. Mənə lazımdır ki, ona köməklik edim getsin həkimə, ona müalicə lazımdır. Dedilər müalicə olunsa yeriyər. Mənim də imkanım yoxdur. Mənə heç nə lazım deyil. Onu istəyirəm ki, ayaq üstə qalsın».

Qeyri-rəsmi məlumatlara görə, Masallıda 200 nəfərə yaxın ev şəraitində təhsil alan uşaq var. Bir neçə il bundan əvvəl bu rəqəm daha yüksək olub.

Lənkəran Müəllimlər Cəmiyyətinin sədri Rahim Nuriyev bu sahədə nəzarətin birtərəfli qaydada aparıldığını bildirir. O da hesab edir ki, bu sahədə çoxlu neqativ hallar var: «Təhsil şöbəsindəki müəyyən adamlar o pulların mənimsəməsində iştirak edirlər».

Masallıda məktəb binası
Masallıda məktəb binası

«Dövlət səviyyəsində buna nəzarət olmadığına görə bəzi yerlərdə bundan istifadə edirlər. Bizim məktəbdə də var, uşaqlar gedib məşğul olurlar. Bəzi yerlərdə bu məsələdə məktəb rəhbərliyi, təhsil şöbəsindəki müəyyən adamlar o pulların mənimsəməsində iştirak edirlər. O məşğələlər aparılmır, uşağın adı gedir. Amma o pullar mənimsənilir».

Masallı şəhər 1 saylı orta məktəbin müəllimi Əlişir Bəşirli də bu sahədə saxtakarlığın kifayət qədər olduğunu deyir. Onun sözlərinə görə müəllim, həkim, valideyin birləşərək saxta şəkildə xəstə uşaq formalaşdırırlar. Hərəsi də öz payını alır. Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişov isə son illərdə xəstə uşaqların tədrisi ilə bağlı ciddi addımların atıldığını deyir. Şöbə müdirinin sözlərinə görə bu sahə

«KİMLƏR MÜRACİƏT EDİR, XƏSTƏLİK KAĞIZINI GƏTİRİR, EVƏ GEDİB YOXLAYIRIQ»

«Bizdə elə uşaqlar var, ev şəraitində təhsil alırlar. Dərs deyən müəllimləri, proqramları, hər şeyləri var. Onların içərisində elə gözəl istedadlı uşaqlar var. Eləsinin ayağında, eləsinin qolunda problemi var, gündəlik məktəbə gedib-gələ bilmir. Onların arasında elə uşaqlar var ki, istedadı gündəlik dərsə gəlib-gedəndən daha artıqdır. Bunu hansı valideyin istəyər ki? Heç kəs istəməz. Hansı müəllim istəyər ki, kiminsə evinə getsin, kiminsə uşağı ilə məşğul olsun. Dərslər başlayanda kimlər müraciət edir, xəstəlik kağızını gətirir, evə gedib yoxlayırıq».

XS
SM
MD
LG