Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 07:08

Zabratlıların bitib-tükənməyən sosial problemləri


Arxiv fotosu
Arxiv fotosu

-

"Elə bil su, qaz, işıq problemi alnımıza əbədi yazılıb".

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Zabrat qəsəbəsinin sakini Ələmşah Mirzəyev deyir. Onun sözlərinə görə,kanalizasiya, keçid, yol kənarındakı iaşə obyektlərinin sökülməsi və başqa sosial problemlərdən cana yığılıblar.

ÇALA-ÇUXURLU, YAMAQLI YOLLAR...

"Ara məhəllələrimiz bərbad gündədir. Çala-çuxur, yamaqlı, palçıqlı... Yağış yağan kimi palçıq dizə qalxır".

Zabrat sakini qışda yolların daha acınacaqlı vəziyyətdə olduğunu deyir:

“Qış gəldi, bu qəsəbədə az qala böyük fəlakət yaşanır. Zabrat kimi böyük, göz qabağında olan qəsəbə diqqətdən kənarda qalıb. Bura da Türkan, Güzdək və ya Korgöz kimi uzaq kəndlər olsaydı, düşünərdik ki, yəqin mərkəzləri düzəldib nə vaxtsa bu uzaqlara da əl uzadarlar. Ancaq Zabratla mərkəzin arası nədir ki? İndi camaat da görür ki, hökumətin problemləri həll etmək fikri yoxdur".

"HƏYƏTLƏRDƏ QUYULARA YIĞILAN TULLANTILAR NASOSLA ÇƏKİLİR"

Başqa qəsəbə sakini Nizami İskəndərov:

"Zabratın yolları zığ-palçıq, zir-zibil içindədir. Qəsəbənin ortasında qalaq-qalaq zibil yığılır, gəlib daşıyan yoxdur. Kanalizasiya xətlərinin olmaması isə vəziyyətimizi lap ağırlaşdırır. Hansı zəmanədə yaşayırıq ki, biz hələ də ev tikəndə nəcis quyusu qazdırırıq. Düzdür, kanalizasiya çəkilişinə başlanıb. Ancaq bu işlər çox səliqəsiz aparılır".

Sakinlər deyir, qəsəbənin çox yerində kanalizasiya xətləri olmadığından tullantı sular həyətlərdəki çuxurlara yığılır. Sonra da xüsusi maşınlar gəlir, tullantılar nasoslarla çəkilir və quyular təmizlənir:

"Yayda quyuların pis qoxusu həyət-bacanı başına alır. Vallah, belə yaşamaqdan bezmişik".

"Azərsu" ASC isə bildirib ki, Zabratda su və kanalizasiya xətlərinin çəkilişi mərhələ-mərhələ davam edir. İş prosesində əhalinin narahatlığı başadüşüləndir. Əsas odur ki, yaxın vaxtlarda müsbət nəticəsini görəcəklər.

Zabrat sakinləri sosial problemlərini gündəmdə saxlamaq üçün dəfələrlə aksiyalar da keçiriblər.

XS
SM
MD
LG