Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:37

Rafiq Tağı ilə son telefon söhbətimiz


Rafiq Tağı
Rafiq Tağı

-

- Ayə, nə yazıfsan? Olmuya yenə kimisə söyüfsən o saitlərin hansındasa? Bu zəng edən də o sənin müxalifətçi dosdarındandır, hə?..

Hikmət Carçılı Orhun

RAFİQ TAĞINI XATIRLARKƏN...

(Qətlindən 3 il keçir...)

Rafiq Tağının xatirəsi mənim üçün çox əzizdir.

Doğrusu, iki dəqiqədən (bəlkə də daha az) artıq çəkməyib ilk.., ilk və həm də son görüşümüz. Həmişə onunla görüşüb ədəbiyyat söhbəti etməyi arzulamışam; lakin nail ola bilməmişəm.

Bəlkə də elə buna görə əzizdir, doğmadır. Hər halda o bir usta hekayəçi, ən önəmlisi yeni nəsil yazarların qəlbini heç zaman qırmayan gözəl bir insan idi. Onunla bağlı ağlımda qalan bir neçə epizodu sizə təqdim edirəm, əziz oxucular.

***

Hikmət Carçılı
Hikmət Carçılı

Türkçü vaxtlarım idi. Ara-sıra “Türküstan” qəzetində köşə yazırdım. Uzağı 2009-cu il olardı. Bir səhər qəzeti açıb oxudum ki, yazarlardan Əlvan Kəbirli adında biri götürüb yazıçı, publisist Rafiq Tağının haqqında tənqidli, təhqirli bir yazı yazıb.

İndi həmin yazıdan bir cümlə belə olsun xatırlamasam da, bilirəm ki, təhqir öz yerində, adam heç tənqidi də normal, etik qayda-qanunlara uyğun, orta yaşını çoxdan aşmış bir yazara yaraşar şəkildə yazmamışdı. Məlum məsələdir ki, yazının yazılma səbəbi Rafiq bəyin “Avropa və biz” adlı məqaləsi idi. Həmən yazıda işlətdiyi ifadələrə görə 2007-ci ildə o zamankı “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu ilə birlikdə həbs edilmişdi.

“Türküstan” qəzeti həftədə cəmi bircə dəfə çıxırdı. Növbəti şənbə üçün Əlvan Kəbirlinin bir növ sayıqlamaları xatırladan mətninə qarşılıq bir yazı yazdım. Göndərdim. Amma çıxmadı. Zəng edib səbəbini soruşanda baş redaktor Aqil Camal mənə bildirdi ki, bizim məqsədimiz şou çıxarmaq, insanlar arasında intriqa yaratmaq deyil. “Axı, jurnalistikanın on qızıl qaydası var, bundan da biri odur ki, bir nəfər qalxıb kimisə hər hansı bir şeydə ittiham edirsə, qarşı tərəfin fikrinin öyrənilməsi də şərtdir”, - dedim. Aqil bəydən cavab gəlmədi. Ondan sonra qəzetlə ələqəni kəsdim.

Yazını “Oda Teatrı”nın rəhbəri, oxuduğu ali məktəbdən təzəcə qovulmuş jurnalist Elmin Bədəlovun o zaman işlətdiyi bloqda yayımladıq. Həmin vaxt həm də qohum-əqrabanı xərcə salıb bir kompyüter almışdım özümə. İki gün keçmədi ki, məqalənin alt hissəsinə yazdığım e-mailə mesaj gəldi.

İlk kompyüterimdə ilk mesajımı R.Tağıdan aldım. Qarşıdan gələn yeni ilimi təbrik eləmişdi. Ardınca da yazmışdı: “Məqaləni oxumuşam. Əlvan kimilərinə fikir vermək lazım deyil. Onlar bu gün belə, sabah elə danışan adamlardır”.

***

Rafiq Tağı
Rafiq Tağı

Əslində R.Tağını sadəcə hekayələrindən, şeirlərindən, müsahibələrindən və “Avropa və biz” adlı yazısından tanıyırdım. Heç vaxt görüşməmişdik. Şeirlərini o qədər valehedici, hekayələrini o sayaq axıcı, bütöv görürdüm ki, onun bütöv şəxsiyyət olmasına şübhəsiz, inanırdım. Adətən, bütöv mətn müəlliflərinin bir insan kimi xaraktercə, şəxsiyyətcə yarımçıq olduğu görülür.

Zaman göstərdi ki, R.Tağı haqqında düşüncələrimdə yanılmamışam. O, 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutunun müalicə-proflaktika fakultəsini, 1983-cü ildə İ.M.Seçenov adına I Moskva Tibb İnsitutunun “daxili xəstəliklər” üzrə klinik ordinaturasını bitirsə də, mənim bildiyim qədəriylə Azərbaycanda yaşadığı müddətdə rejimin bir sıra ehkamlarına qarşı olduğuna görə ömrünün sonuna kimi təcili yardımda işlədi.

Bu şübhəsiz ki, onun bir yazıçı kimi daha da məhsuldar olmasına təsirsiz ötüşmədi. Yaxın ətrafının danışdığına görə, həmişə zaman sarıdan korluq çəkib. Elə birinci və həm də son görüşümüzdə də o, işə tələsirdi.

***

...2010-cu ildə Azadlıq Radiosunun keçirdiyi “Ədəbi Azadlıq” müsabiqəsində seçilən əlli (50) hekayədən ibarət kitab buraxılmışdı. Əllilikdə “Yazıçının son romanı” adlı hekayəm də yer alırdı. Bu münasibətlə keçirilən tədbirə bir müəllif kimi mən də dəvət almışdım.

Xülasə, uzun-uzadı yazmayım, baş ağrısı olmasın. Rafiq Tağı da həmin tədbirdə idi. Görəndə qaçaraq salamlaşdı mənimlə. İşə tələsirdi. Nömrəsini verdi ki, səhər yığ, görüşək. Yığdım. Yenə işi var idi. Rayona gələsi oldum.

***

Bu arada rayona çatan kimi uzun zamandan bəri üzərində işlədiyim “Qərar” adlı ilk povestimi böyük həvəslə bitirmişdim. Ara-sıra internet üzərindən görüşmələrimizdə bu barədə R.Tağıya da demişdim. Hər dəfə danışanda deyirdi ki, göndər, baxıb qiymət verərəm. Ancaq göndərməyə ürək eləmirdim, birdən bəyənməz deyə.

Bir gün nəhayət, son tamamlama işlərini də bitirdim və cəsarətimi toplayıb povesti onun e-mailinə yolladım. “Vaxt tapan kimi baxacam”, - yazmışdı.

...Üstündən altı-yeddi aya yaxın uzun bir vaxt keçsə də, heç bir cavab yox idi. Artıq əmin idim ki, povesti oxuyub. Bəyənmədiyinə görə heç mənimlə danışmaq belə istəmir. Artıq tamam-kamal ümidsiz idim ki, yazıçı kimi məndən bir zibil də olan deyil.

Həmin gün telefonu evdə qoyub səhər ertədən çıxmışdım. Qayıdanda gördüm, dədəm telefonla danışır. Nəsə xeyir xəbər olmalıydı ki, gülə-gülə danışırdı. Dinşədim. Belə məlum oldu ki, R.Tağıdır telefonun o bir başında. Povestimi oxubmuş, indi də məni təbrik etmək üçün zəng edibmiş.

Dədəm məni görən kimi dedi:

-Hə, bax özü də gəldi.

-...

Sonra da mənə uzatdı telefonu. Bir xeyli təriflədi. Anlaşılan, povesti çox bəyənmişdi. Bir xeyli tapşırıqlar verdi. Deyə-deyə gülə-gülə sağollaşdıq.

Dədəm sevincək dedi:

-Ayə, kişi bayaqdan səni tərif elleer.. Deer, Hikmətdən muğayat olun, o, artıq bir yazıçıdır, – həmin dövr özündə alovlu müxalif fikir gəzdirən yazılar yazdığım üçün kişi mənə görə çox narahat idi. Bu səbəbdən soruşdu, - Ayə, nə yazıfsan? Olmuya yenə kimisə söyüfsən o saitlərin hansındasa? Bu zəng edən də o sənin müxalifətçi dosdarındandır, hə?

Bu sualdan sonra sevincək komyüteri açıb ərinməz, yorunmaz o boyda yazını bir nəfəsə dədəmə oxudum. O da bəyəndi. Həmin gün ilk dəfə dədəmlə araq vurdum. Özü də təzə çəkilmiş ərik arağı...

Düzdür, yenə əvvəlki sayaq internet üzərindən yazışır, dəyərli məsləhətlərini alırdım, amma bu danışıq R.Tağıyla telefonda son danışığım oldu.

***

Hə, harda qalmışdıq? Onunla görüşmək, üzbəsurət oturub ədəbiyyat söhbəti etmək istəyirdim. Amma Azadlıq Radiosunda qaçaraq salamlaşmamızdan anlamışdım ki, fağırın heç zamanı yoxdur. İki uğursuz zəngimdən sonra mən rayona qayıdanbaş demişdi ki, nömrəm var. Bir daha buralara yolun düşsə zəng çal. Mütləq sənə zaman ayıracam. Amma...

***.

Bir daha Bakıya gedişim o zamana düşdü ki, onu öldürmüşdülər. Xülasə, görüşmək bizə qismət olmadı.

Dünən axşam baxıram, silib eləməmişəm, o zamandan necə yazmışam, eləcə də telefonda durur Rafiq Tağının nömrəsi. Bərk kövrəldim..

XS
SM
MD
LG