Hər iki proqram üzrə imtahan 3 mərhələdə keçirilir. İlkin mərhələ sənədlərin qəbuludur. Sənədlər noyabrın 1-dək mərkəzə təqdim olunmalıdır. Bu mərhələdən uğurla keçənlər daha sonra yazılı və şifahi imtahan verəcəklər.
Bahar Hacızadənin sözlərinə görə, Amerikanın Kolumbiya və Vaşinqton universitetlərinə iki nəfər bakalavrın qəbul olmaq şansı var və onların nəinki təhsil, həm də orada yaşamaq xərclərini də SOROS Fondu ödəyəcək. Mərkəzi Avropa Universitetinə isə qəbulla bağlı məhdudiyyət yoxdur, sadəcə ödənişsiz təhsil hüququ əldə etmək üçün imtahanda maksimum bal toplamaq lazımdır.
Rəssamlıqda özünü sınamaq istəyənlər üçün
Özünü rəssamlıq sahəsində sınamaq istəyənlər “Almaniya qara, qırmızı və qızılı rənglərdə bir rəssamın gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsində iştirak edə bilərlər. Müsabiqəni Almaniyanın Azərbaycandakı səfirliyi, “Qız qalası” rəsm qalereyası, Rəssamlıq Akademiyası və Almaniya-Azərbaycan İqtisadi Yardım İttifaqı təşkil edib. Müsabiqəyə qatılmaq istəyənlər mövzunu seçməkdə sərbəstdirlər, amma rəsmlər kətan üzərində və yalnız qara, qırmızı və qızılı rənglərdən istifadə olunmaqla çəkilməlidir. Tabloları səfirliyə oktyabrın 31-dək göndərmək lazımdır. Müsabiqədə iki əsər seçiləcək və Almaniyaya səfər edəcək qalibləri orada yaradıcılıq proqramı və təcrübə mübadiləsi gözləyir. Müsabiqənin digər iştirakçıları da əliboş qalmayacaq, onlara rəssamlığa dair kitab veriləcək.