Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:45

Baş kəsmək istəyən üç nəfər həbs edildi


Kraliça İkinci Elizabeth Londonda "Müharibə qurbanları" abidəsi önünə əklil qoyur. (Foto arxivdəndir).
Kraliça İkinci Elizabeth Londonda "Müharibə qurbanları" abidəsi önünə əklil qoyur. (Foto arxivdəndir).

Bu şəxslər Birinci Dünya Müharibəsinin başa çatmasının ildönümü mərasimi zamanı ictimaiyyət nümayəndələrindən birinin başını kəsmək niyyətində olublar.

Britaniya paytaxtının məhkəmələrindən birində “Xatirə günü”ndə ictimaiyyət nümayəndələrindən birinin başını kəsməyi planlaşdırmaqda şübhəli bilinən üç nəfərin işinə dair dinləmə keçirilib.

Anti-terror qanunlarına uyğun irəli sürülmüş rəsmi ittihamnamədə bildirilir ki, bu şəxslər – 21 yaşlı Nadir Ali Sayed, onun əmisi oğlu, 19 yaşlı Yousaf Shah Syed və 27 yaşlı Haseeb Hamayoon Londonda Birinci Dünya Müharibəsinin başa çatmasının ildönümü mərasimi zamanı ictimaiyyət nümayəndələrindən birinin başını kəsmək niyyətində olublar.

Hər il noyabrın ikinci bazar günündə yadetmə mərasimi dövlət səviyyəsində keçirilir və kraliça müharibə abidəsi önünə əklil qoyur.

“Edam”a üç gün qalmış həbs ediliblər

Adları çəkilən şəxslər noyabrın 6-da, “Xatirə bazar günü”nə üç gün qalmış polisin keçirdiyi reydin gedişində həbs olunublar.

Müttəhimlər Britaniyada ağır cinayət işlərinə baxan Old Bailey məhkəməsi qarşısına dekabrın 4-də çıxarılacaqlar.

BBC xəbər verir ki, bu işlə əlaqədar həbs edilmiş dördüncü şəxs ona qarşı heç bir ittiham irəli sürülmədən elə həmin gün azad edilib.

İslamçı terrorizm

Törədilməsi planlaşdırılan terror aktının təfərrüatları açıqlanmasa da, polis bunun hər hansı bir mülki şəxsin edamsayağı qətli olduğuna inanır.

Bələdiyyə polisi bildirir ki, şübhəlilər islamçı terrorizmlə əlaqədar davam edən təhqiqatın gedişində həbs ediliblər.

Son aylarda Britaniya polisi terror aktlarına hazırlıqda şübhəli olan şəxslərin bir neçə həbsini həyata keçirib və ölkədə terror təhlükəsinin dərəcəsi qaldırılıb.

Bu günlərdə ölkənin baş naziri David Cameron xəbərdarlıq etmişdi ki, İraq və Suriyada geniş əraziləri zəbt etmiş İslam Dövləti Britaniyanın milli maraqlarına birbaşa təhlükə törədir.

Ekspertlər bildirirlər ki, Britaniyanın İD-ə qarşı hava reydlərinə qoşulmasından sonra ölkədə terror təhlükəsi xeyli artıb.

“Başkəsənlər briqadası”

Mətbuat xatırladır ki, bu, Britaniyada “başkəsmə” terroru ilə bağlı ilk hadisə deyil.

Ötən il iki islamçı radikal Londonun gur küçələrindən birində, günün-günorta çağı Britaniya ordusunun əsgəri Lee Rigby-ni başını kəsərək qətlə yetirmişdilər.

İslam Dövlətinin yaydığı videolarda qərbli girovlıarın başlarını kəsən şəxsin London ləhcəsində danışdığı və Britaniya vətəndaşı olduğu barədə ehtimallar irəli sürülüb.

Bəzi qəzetlər “Cihadçı John” ayaması ilə tanınan bu şəxsin İD-in “başkəsənlər briqadası”na rəhbərlik etdiyini xəbər verirlər.

Britaniya təhlükəsizlik xidmətləri hazırda İraq və Suriyada 500-dək Britaniya vətəndaşının cihadçıların sıralarında döyüşdüyünü təxmin edir.

Ötən həftə bu şəxslərin Britaniyaya qayıtmasını son dərəcə çətinləşdirəcək qanun layihəsi təklif edilib.

XS
SM
MD
LG