Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:33

Biden “tək əldə cəmləşən hakimiyyəti” tənqid etdi


ABŞ vise-prezidenti Joe Biden (foto arxivdəndir).
ABŞ vise-prezidenti Joe Biden (foto arxivdəndir).

ABŞ vise-prezidenti Türkiyədəki çıxışında ad çəkməsə də, mətbuat onun Erdoğanı nəzərdə tutduğunu təxmin edir.

ABŞ vise-prezidenti Joe Biden və Türkiyə prezidenti Recep Tayyip Erdoğan “İslam Dövlətini məğlub etməyin və Suriya müxalifətini gücləndirməyin” yollarını müzakirə ediblər.

Türkiyədə səfərdə olan Joe Biden bildirib ki, Erdoğanla danışqılarda Suriyada “siyasi keçid”in təfərrüatları müzakirə olunub.

Birləşmiş Ştatlar İD-ə qarşı mübarizədə Türkiyədən daha geniş iştirak, Türkiyə isə ABŞ-dan Suriya prezidenti Bashar al-Assad-ın devrilməsini istəyir.

Birgə mətbuat konfransında ABŞ vise-prezidenti bildirib ki, ikitərəfli danışıqlarda İraq və Suriya böhranlarının təfərrüatlı müzakirəsi gedib.

Təhlilçilər qeyd edirlər ki, mətbuat konfransında verilmiş bəyanatların ehtiyatlı səslənişindən Suriya və İraqdakı vəziyyətə münasibət məsələsində ABŞ və Türkiyə arasında ciddi fikir ayrılığının qaldığıhiss olunur.

Üzr yox, aydınlıq

Joe Biden-in Türkiyəyə bu üçgünlük səfərindən hələ öncə iki siyasətçi arasında bir sıra gərginliklər baş verib.

Ötən ay Joe Biden bildirmişdi ki, cənab Erdoğan ona şəxsi söhbətində Ankaranın cihadçıların Suriyaya daxil olmalarına imkan yaratdığını etiraf edib.

Bu xəbəri Türkiyə prezidenti acıqlı bir şəkildə rədd etmiş və belə bir söz dediyini danmışdı.

Cənab Biden-in ofisi sonradan vise-prezidentin Erdoğandan üzr istədiyini bildirsə də, Biden-in özü bunun “üzr” yox, “aydınlıq gətirilməsi” olduğunu bildirmişdi.

“Tək əldə hakimiyyət” xəbərdarlığı

Biden və Erdoğan arasında ciddi fikir-ixtilafı və incikliyə Britaniya qəzetləri xüsusilə diqqət çəkirlər.

“The Guardian” qəzeti yazır ki, ABŞ vise-prezidenti Türkiyədə olarkən verdiyi bəyanatda bütün siyasi hakimiyyətin bir tək dövlət başçısının əlində cəmləşməsinin “aşındırıcı” amil ola biləcəyi barədə xəbərdarlıq edib.

Joe Biden bu bəyanatı Erdoğanla görüşündən az əvvəl Türkiyə vətəndaş cəmiyyəti qruplarının nümayəndələri ilə görüşündəki çıxışında verib.

Cənab Biden deyib ki, məsələn, Birləşmiş Ştatlarda hakimiyyətin üç qolu – prezidentlik, qanunvericilik və ədliyyə eyni gücə malikdirlər.

“Banilərimiz belə qərara gəliblər ki...”

“Ölkəmizin baniləri belə qərara gəliblər ki, səlahiyyət güclərinin konsentrasiyası hər hansı sistem üçün ən aşındırıcı amil ola bilər,– deyib vise-prezident, - biz bunun doğru yol olduğuna hələ də əminik”.

O hətta prezident Obama ilə Konqresin daha çox səlahiyyətlərə malik olmalı olduğu barədə dəfələrlə zarafat etdiyini də yada salıb.

Səlahiyyətlər məsələsindən söz açarkən, Biden konkret misal gətirməyib, lakin qəzet yazır ki, bu bəyanatın məhz Türkiyədə səslənməsi onun Recep Tayyip Erdoğana aid olduğuna şübhə yeri qoymur, beləki, on ildən artıq bir müddətdə baş nazir vəzifəsini tutduqdan sonra Erdoğan ölkə prezidentliyinə seçilib.

2024-dək Erdoğan

“The Guarduian” yazır ki, tənqidçiləri Erdoğanı, ona qədər əslində mərasim vəzifəsi olan prezidentik institutunu qüdrətləndirməyə çəhd göstərməkdə günahlandırırlar.

Məqalədə vurğulanır ki, Erdoğan Amerikadakı kimi iki müddət prezidentlik etsə, 2024-cü ilədək hakimiyyətdə qala bilər.

Onun hakim Ədalət və İnkişaf Partiyası gələn il keçiriləcək ümumi seçkilərdə də qalib gəlmək niyyətindədir.

Bir sıra təhlilçilər bu qənaətdədirlər ki, məhz bu seçkilərdən sonra cənab Erdoğan parlamentin və ədliyyənin səlahiyyətlərinin məhdudlaşdırılması hesabına prezidentliyi gücləndirə bilər.

İndi, indi, məhz indi

ABŞ vise-prezidenti Joe Biden həmçinin Atlantika Şurasının İstanbulda keçirilən enerji təhlükəsizliyi sammitinə qatılıb.

Buradakı çıxışında Biden Avropanı Rusiyadan enerji asılılığını azaltmaq üçün təchizatı şaxələndirməyə çağırıb.

“Bunu indi, indi, məhz indi etmək lazımdır, - deyə vurğulayıb cənab Biden – Ukraynada baş verənlər bu məsələnin təcililiyini bir daha vurğulayır”.

Bununla belə, vise-prezident əlavə edib ki, o, Rusiya ilə enerji ticarətini dayandırmağa çağırmır və Avropa hələ uzun müddət Rusiya qazından asılı olacaq.

O qeyd edib ki, sadəcə olaraq, Rusiyanın enerji təchizatından silah kimi istifadə etməsinin əleyhinədir və Rusiya qaydalara uyğun oyun oynamalıdır.

Davutoğlu Qarabağ münaqişəsini yada saldı

Bu sammitdə çıxış edən Türkiyə baş naziri Ahmet Davutoğlu isə enerji təhlükəsizliyi ilə bağlı Cənubi Qafqazdakı vəziyyətə toxunub.

Türkiyə baş naziri deyib ki, Qafqaz və Balkanlar həmişə narahat yer olublar, lakin indi TANAP kəməri sayəsində bu region sülh regionuna çevrilə bilər.

O deyib ki, bir vaxtlar Bakı-Ceyhan boru kəmərinin çəkiləcəyinə heç kim inanmırdı, lakin layihə yerinə yetirildi.

Cənab Davutoğlu Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın bu layihədən kənarda qaldığını yada salıb.

Baş nazir deyib ki, Azərbaycan və Ermənistan arasında yaxşı münasibətlərdən ən çox məmnun olacaq ölkə Türkiyədir.

XS
SM
MD
LG