Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:49

7 dil bilən, 6 filmdə çəkilən qazax taekvando ustası – Мustafa Öztürk


Mustafa Öztürk
Mustafa Öztürk

-

Ruslan Medelbek (AzadlıqRadiosunun Qazax Xidməti)

Mustafa Öztürk 1954-cü ildə İstanbulda doğulub. O, Qazaxıstan və Türkiyə taekvandosunun banilərindən sayılır. Onun ata-babaları məşəqqətli 1930-cu illərdə Çin Altayına gedib və daha sonra Hindistan və Pakistandan keçərək Türkiyəyə sığınıblar.

Mustafa Öztürk
Mustafa Öztürk

1975-1980-ci illərdə Öztürk Taybey Siyasi Universitetində oxuyub və «jurnalist» diplomu alıb. Tərcümeyi-halından görünür ki, o, Çində taekvandoya meylini salıb və şərq döyüşünün bu növünü öyrənərək 7-ci mərhələyə yüksəlib və sarı-yaşıl kəmərə layiq görülüb. Daha 3 mərhələ yüksələn və ağ kəmər qazanan taekvandoçu usta adını daşıyır. Universiteti bitirən Öztürk Münhendə şərq döyüşləri üzrə məşqçi işinə düzəlir. O bu alman şəhərində hərbçi və polislərə taekvandonun sirlərini öyrədir. Daha sonra Almaniyada ilk taekvando məktəbini açan Öztürk bu təşəbbüsünü 1980-ci illərdə artıq Türkiyədə – İstanbulda da təkrarlayır. Mustafa Öztürkün taekvando məktəbinin Türkiyədəki yetirmələri dünya birinciliklərində mükafata layiq yerlər tutmağa başlayırlar. O, 1983-cü ildə Türkiyənin taekvandoçular yığmasını çalışdırır. Həmin il türk taekvanduçusu Yılmaz Helvacıoğlu Kopenhagendə keçirilən dünya birinciliyində çempion adını qazanır. Türkiyənin daha iki taekvandoçusu həmin yarışda gümüş və bürünc medallara sahib olur.

QAZAXISTANA QAYIDIŞ

1990-cı ilin yazında Mustafa Öztürk Qazaxıstan hakimiyyətinin dəvətiylə ilk dəfə öz tarixi vətəninə gəlir. O, xatirələrində həmin günü belə təsvir edir: «Təyyarəyə minəndə və qazaxca danışan adamları görəndə, həyəcanlandım. Əvvəllər heç bu qədər həyəcan keçirməmişdim».

Öztürkün anası Raziya da oğluyla Qazaxıstana gəlib. O, ölkənin mərkəzi televiziyasına müsahibəsində belə demişdi: «Mən oğlumun öz millətinə xidmət etməsini istəyirəm».

Musatafa Öztürk (3-cü)
Musatafa Öztürk (3-cü)

1990-cı ildə Öztürk taekvandonu qazax gənclərinə öyrətmək üçün həmişəlik Qazaxıstana köçür və bir il sonra ölkə taekvando federasiyasını yaradır. 1992-ci ildə Qazaxıstan Beynəlxalq Taekvando Federasiyasının (WTA) üzvü olur. Elə həmin ildə Öztürk Qazaxıstan vətəndaşlığına qəbul edilir. Yenə həmin ildə onun yetirmələri Türkiyədə keçirilən beynəlxalq yarışa qatılaraq 2 qızıl medalla vətənə dönürlər. Onlardan biri – Kayrat Kırqızbayev ölkə mediasına müsahibəsində belə deyib: «Mustafa Öztürk idman sarayının sirk meydanında ustad dərsləri nümayiş etdirirdi. O vaxt çox adam taekvando ilə maraqlanırdı. Öztürk Qazaxıstana gələndə, mən hələ tələbə idim – bədən tərbiyəsi institutunda oxuyurdum. Mənim bacarığımı görüb ustalığımı artırmağa kömək etdi. Türkiyəyə yarışlara yollandıq. Onun «ölkəyə qızıl medalsız dönməyə üzümüz olmaz» sözləri bizi toparlatdı. Mən 80 kq-aqədərki çəki dərəcəsində yarışdım və qalib gəldim. Məndən başqa Sultanmahmut Şokpıtov da qızıl medal aldı. Qələbədən sonra Qazaxıstan bayrağı qaldırılarkən, bizim Mustafa ağanın gözlərinin necə yaşardığını indi də xatırlayıram».

Mustafa Öztürkün yetirmələri 1995-ci ildə hərbçilər arasında dünya çempionatında yalnız Cənubi Koreya komandasını önə buraxaraq, 2-ci yeri tutdular.

MÜƏMMALI ÖLÜM

Mustafa Öztürk 1994-cü ildə Qazaxıstan parlamentinə namizədliyini irəli sürür, ancaq seçkilərdə yetərli səs yığa bilmir. O, yenə məşqçilik fəaliyyətini davam etdirir. Daha bir il ötür və o üzücü xəbər yayılır: «Öztürk Almaatıdakı bir xəstəxanada vəfat edib...». Dostlarının dediyinə görə, 1995-ci il martın 11-də Baluan Şolak adına mədəniyyət sarayında kikboksinq yarışları varmış. Yarışlar bitəndən sonra Öztürk özünü pis hiss etdiyini söyləyib. Ardından onu xəstəxanaya aparıblar.

Mustafa Öztürk
Mustafa Öztürk

Öztürkün dostu Mamet Damir o günləri belə xatırlayır: «Martın 15-də onun halı daha da xarablaşır. Axşam saat 6-nın yarısında o, yaşamını itirir. Yanındakı dostları Öztürkün zəhərləndiyini deyirlər. 1995-ci ildə ölkədə zorakı rəqabət baş alıb gedirdi. Görünür, onun Qazaxıstana gəlişi, yüksəlişi bəzilərinin ürəyincə deyilmiş. Belə düşünürük ki, onun yeməyinə zəhər qatıblar...».

Bu ehtimalı nə taekvando ustasının müalicə olunduğu tibb müəssisəsi, nə də hakimiyyət təsdiqləyib.

Anası Öztürkün cansız bədənini İstanbula aparıb və orada dəfn edib. Raziya-apanın özü 2012-ci ildə İstanbulda dünyadan köçüb. Mustafa Öztürkün dul xanımı Nurilya, oğlu Nazirbek, qızları – Nesli və Aslı Münhendə yaşayırlar.

ÖZTÜRKÜN İZİ

Мustafa Öztürk qazaxcadan başqa türk, ingilis, çin, yapon, kore (Koreya) və alman dillərini bilirmiş. O, Türkiyədə yaşayarkən, 6 filmdə də çəkilibmiş.

XS
SM
MD
LG