Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:56

Aygün Aslanlı. Onlar gələndə...


Aygün Aslanlı
Aygün Aslanlı

-

Bircə dəfə qorxudanmı, «mənim yerim istidi, başqalarından mənə nə» prinsipilə, ya da «buna da şükür» deyib susmağa qərar verdinmi, hər şeyin sonu gəlir.

Bir dəfə susdunmu, artıq cınqırını belə çıxartmağa həvəsin olmayacaq...

Aygün Aslanlı

ONLAR GƏLƏNDƏ...

Bir dostum mənə təzə söz öyrədib: yetinmək.

Yəni əlində olanlara, yaşadıqlarına qane olmaq. Daha artığını istəməmək, sual verməmək, maraqlanmamaq, görməməzliyə vurmaq özünü.

Çox-çox bayağı bir nümunə: Sevdiyiniz insanın, nişanlınızın, ərinizin hər gecə, hər səhər başqa qadın(lar)la on dəqiqə-bir saatlıq söhbət seansını izləyirsiz. Necəsini soruşmayın. Yetinin deyə deyil, sadəcə texniki tərəqqinin kulminasiyaya çatdığı bir dövrdə yaşayırıq. Artıq uçan kometaların üzərinə cihazlar endirilir. Bir söhbət nədi ki..

Hə, harda qalmışdıq.. Söhbət seansında. Hər şey ola bilər. Məsələn, dost ünsiyyəti ola bilər, ya da adi məzələnmə… Ancaq siz bunu bilmirsiz, axı. Heç nə bilmirsiz. Bildiyiniz bircə odu ki, yetinməlisiz. Sual vermək olmaz. Onda yavaş-yavaş susmağı öyrənirsiz. Tədricən, susmaq istəyə çevrilir, sonra həyat tərzinə. Susa-susa laqeydləşirsiz və zamanla bu hiss hər şeyə- düşüncənizə, davranışlarınıza, hətta üz ifadənizə də sirayət eləyir.

Cəmiyyət də belədi. Bircə dəfə qorxudanmı, «mənim yerim istidi, başqalarından mənə nə» prinsipilə, ya da «buna da şükür» deyib susmağa qərar verdinmi, hər şeyin sonu gəlir. Ədalətin, haqqın, insanlığın. Hər şeyin!

Bernard Şou demiş, «insanlara qarşı törədə biləcəyimiz ən böyük cinayət onlara nifrət bəsləmək yox, laqeyd olmaqdı. Zülmün ən böyük zirvəsi budu».

Zira laqeydlik asta-asta böyüyür, ondan müalicə olunmaq, geri qayıtmaq mümkün deyil. Laqeyd insan üçün həyat sürətlə solğunlaşır, bozarır. Sonunda o öz cahilliyi və miskin rahatlığı ilə təkbətək qalır.

Bu il Bakıda keçiriləcək I Avropa Oyunlarının emblemi- rəqs eləyən ceyranla Çippolinoya oxşayan, zolaqlı köynək geyindirilmiş narın millətə təntənəli təqdimatının ertəsi günü sosial şəbəkələrdə kreativ rəsmlər peyda oldu: narın köynəyinin üzərinə vicdan məhbuslarımızın- nidaçıların barmaqlıq arxasından baxan simaları həkk olunmuş, qoluna qandal vurulmuşdu. Bu rəsmlərdən birinin altında «onlara azadlıq veriləcəyi var idisə də, belə şeylərdən sonra yüz faiz verilməyəcək. Qoyun, unudulub getsin. Bəlkə bağışlanalar» deyən şərh yazılmışdı. Yəni biz onları iqnor eləyək ki, yuxarıdakılar da camaatın onları vecinə almadığını, unutduğunu görüb bağışlasın. Yəni vicdan məhbuslarına qarşı laqeydlik nümayiş etdirək. Amma onlar üçün bu, daha böyük cəza olmazmı? Zatən içəridəkilər bayırdakılara, bayırda mübarizəsini davam etdirənlər də içəridəkilərə güvənib dayanırlar.

Və ən əsası, bir dəfə unutmaq, iqnor eləmək (ki, şərhdəki təklifin reallaşmaq şansı olsa, çox şeyə gözə yummalıyıq) başına könüllü şəkildə dəvə dərisi bağlayıb qızmar günəşin altına uzanmağa bənzəyir. Unutdunmu, birdəfəlik unudacaqsan. Bir dəfə susdunmu, artıq cınqırını belə çıxartmağa həvəsin olmayacaq.

Onsuz da absolyut azadlıq deyə bir şey yoxdu. Hegelindən Haydeqqerinə qədər nəhəng filosoflar bu işə qalaq-qalaq kitablar həsr eləyiblər. Axırda da hamısı eyni nəticəyə gəlib: Azadlıq da müəyyən şərtlər- yazılmış və yazılmamış qanunlar çərçivəsində mümkündü. Onu da laqeydlik bataqlığında yox eləməyək.

Alman keşiş Martin Nimüllerin keçən əsrin ortalarında yazdığı «Onlar gələndə» şeiri bu gün bizim üçün çox aktualdı:

«Nasistlər kommunistləri aparmağa gələndə mən susdum. Mən kommunist deyiləm, axı.

Sonra onlar sosial-demokratları aparmağa gəldilər, mən susdum. Sosial-demokrat deyiləm, axı.

Sonra onlar həmkarların üzvlərini aparmağa gəldilər, mən susdum. Həmkarlar ittifaqının üzvü deyiləm axı.

Sonra onlar yəhudiləri aparmağa gəldilər, mən susdum. Yəhudi deyiləm, axı.

Sonra onlar məni aparmağa gəldilər və artıq etiraz edəcək kimsə qalmamışdı».

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG