Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:50

Putin millətçiliyinin canı neftin qiymətindədir- Mətbuat icmalı


Moskvada nümayiş . Posterdə yazılıb- "Vova müalicə olunmur".
Moskvada nümayiş . Posterdə yazılıb- "Vova müalicə olunmur".

-

Moskvada avro “göyə qalxdı” - 65 rublu keçdi.

Putinə millətçilik, vətənpərvərlik dəstəyinin nə qədər davam edəcəyi neftin qiymətindən asılıdır. Putin neftin qiymətinin düşməsiunin yerini vətənpərvərlik hisslərini qızışdırmaqla doldurmağa çalışacaq.

Dünyanın eşitmədiyi müstəbid rejim – Özbəkistan.

Avropa dünyanın ən sürətlə qocalan regionudur. Ümid miqrantlaradır. Miqrantları isə Avropa istəmir.

Rusiyda HİV daşıyıcıların sayı son 10 ildə 100 mindən 1 milyona çatıb.

Dünya mediası bu gün nədən yazır?

BBC yazır ki, dekabrın 1-ci günü rublu Moskvada birjanın açılışında avro göyə yüksəldi və ilk dəfə 65 rubl həddini keçdi. ABŞ dolları da ilk dəfə olaraq 52 rubla çatdı.

Bazar ertəsi neft də son 10 ildə ən aşağı qiymətinə düşdü. BBC-nin fikrincə, rublun düşməsinə əsas səbəb neftin qiymətinin düşməsidir.

NEFTİN QİYMƏTİ PUTİNƏ SINAQDIR

Financial Times qəzeti yazır ki, neftin qiyməti Putinin millətçiliyinin nə qədər resursa malik olacağına sınaqdır.

Buna vaxt lazımdır, çünki totalitar hakimiyyət iqtisadiyyatdan asılıdır, iqtisadiyyat isə sürətlə dəyişmir.

Putinin siyasi gücünün iki mənbəyi var: neftin yüksək qiyməti və regional münaqişələrdən yararlanan vətənpərvərlik əhvalı.

Qəzet neftin qiyməti amilinin üstündə dayanaraq yazır ki,neftinqiyməti daş kimi düşür. İyunda barreli 105 dollar olan neft indi 70 dollardan bir az yuxarıdır.

Qəzetin fikrincə, bu vəziyyət Putin üçün təhlükəlidir.

Putin hakimiyyətə gələndə dövlətin neft və qaz sektoru, maliyyə sektoru üzərində nəzarəti gücləndi. Bu, bir növ milliləşdirmədir və təbii sərvətlərlə zəngin ölkələrdə adətən belə milliləşdirməyə əhali pis baxmır. Ancaq onlar bunun faydasını gözləyir.

Hökumətin belə milliləşdirməsiözəl investisiyaların qarşısını alır. İnvestisiyaların “quruması” qiymətlərin qalxmasına, istehlakın azalmasına aparır.

Qəzet yazır ki, son 10 ildə Rusiyada ictimai xərclər sürətlə artırdı, sosial yardımlar, pensiyalar, ictimai sektorda maaşlar və hərbi xərclər – hamısı artırdı.Bunları adətən “millətçilik resursu” hesab edirlər. Bunu İraqda Səddam Hüseyn dövründə, Venesuelada Hugo Chaves dövründə aydın görmək olardı. Bu yolla gedən ölkə liderləri labüd olaraq, ölkə səviyyəsindən çıxıb,regional liderliyə iddia edirdi. Putin də bu yolla gedir.

Qəzetin fikrincə, məsələnin başqa tərəfi də var.Neftin qiymətinin düşməsi Putinin bu millətçilik resursunun iqtisadiyyat tərəfini zəiflədir, Putin bunun yerini əhalinin millətçilik ruhu ilə doldurmağa çalışacaq. Başqa sözlə, qəzetin proqnozuna görə, Putinin Qərblə qarşıdurması getdikcə güclənəcək, zəifləməyəcək.

KARİMOVA NİYƏ SÖZ DEYƏN YOXDUR?

Washington Post qəzeti “Sizin heç vaxt eşitmədiyiniz tiraniya” adlı məqalə yazıb və söhbət Özbəkistandan gedir. Qəzet yazır ki, Zimbabve kimi buranın da prezidenti hakimiyyətdən getmək istəmir. İslam Kərimov 1989-cu ildən- Özbəkistan hələ kommunist ölkəsi olduğu vaxtdan bəri gah kommunist , gah müstəqil dövlət lideri kimi Özbəkistana başçılıq edir.

76 yaşlı Karmovun liderliyi ilə Özbəkistanda adambaşına düşən daxili məhsul 3800 dollardır. Bu da Özbəkistana dünyada 171-ci yeri verir.

Çində Tiananmen meydanında nümayişçiləri güllələdikləri kimi Özbəkistanda da 2005-ci ildə Andicanda etirazçıları güllələdilər.

Şimali Koreya kimi burda da çoxlu sayda siyasi məhbus var. Ola bilsin ki, Şimali Koreyadakı kimi 100 min deyil, ancaq insan haqları təşkilatları Özbəkistanda 10 mindən 20 minə kimi siyasi məhbus olduğunu deyirlər.

Qəzet bunlardan sonra Qərb ölkələrini tənqid edir ki, ABŞ və Avropa liderləri Karimovla və onun rejimi ilə qarşıdurmaya getmək istəmirlər. Çünki onlara Özbəkistandan keçməklə Əfqanıstana hərbi təchizat yolu lazımdır. Qəzet 2011-ci ildə ABŞ prezidenti Barack Obamanın İslam Karimovla telefon danışığının Ağ Evin təqdim etdiyi qısa icmalını misal çəkir. Burda Obama iki ölkə arasında əməkdaşlıqdan, vətəndaş cəmiyyəti, özəl sektorlar arasında əməkdaşlıqdan danışır.

Qəzet yazır ki, bu məlumatı oxuyanda, məsələn, Özbəkistanda həbsdə olan60 yaşlı jurnalist yada düşür.

Bu, yəqin ki,dünyada ən çox həbsdə yatan jurnalistdir.

Muhammad Bekjanov 1999-cu ildə Ukraynada yaşayırdı və onu Özbəkistanın xüsusi xidmətləri oğurlayıb, Özbəkistan gətirdilər. Burda onu döydülər, elektroşokla işgəncə verdilər, həbsxanada vərəm xəstəliyinə tutuldu, məhkum olundu, onun həbs müddəti 2012-ci ildə bitirdi, bu vaxt da onu həbsxana qaydalarını pozmaqda ittiham edib, həbsini 5 il də artırdılar.

Qəzet yazır ki,bütün bu əzab-əziyyətə səbəb Bekjanovun vaxytilə müxalifət qəzetinin redaktoru olmasıdır.

AVROPA QOCALIR

Reuters yazır ki, dünyanın ən sürətlə qocalan regionu Avropadır. Avropanın immiqrantlara ehtiyacı var. Avropa isə immiqrantların gəlməsini istəmir.

İndiki təmayüllə Almaniya,İspaniya və Polşanın əhalisi yaxın 30-40 ildə azalacaq,bu da iqtisadi artımı aşağı salacaq. 2050-ci ilə Almaniyanın əhalisi indiki 82 milyondan 74,7 milyona düşəcək. Almaniyda orta yaş 50 olacaq. Bu, Avrostatın proqnozudur. Avrostat bu proqnozunu miqrasiyanınindiki səviyyədə qalmasına əsaslanaraq verib.

Miqrantlar hesabına yeni işçilər gəlməsə, Avropa ölkələri məhsuldarlığı kəskin şəkildə artırmalıdırlar ki,indiki həyat səviyyəsini saxlaya bilsinlər.

Məhsuldarlığın belə artması ağlabatan deyil. Qalır yeganə yol- miqrantlar.

RUSİYADA VENAYA İYNƏ VURAN 2 MİLYON NARKOMAN VAR

“AİDS: Müasir epidemiya “ kitabının müəllifi Cesar Chelala Moscow Times qəzetində yazır ki, Rusiya HIV-ə qarşı müharibəni uduzur. BMT-nin hesabatına görə, Rusiyada vena daxilinə narkotik vuran 2 milyon narkoman var. Onlardan 60-70 faizində HİV xəstəliyi var. Son 10 ildə Rusiyada HİV virusu daşıyıcılarının sayı 100 mindən 1 milyona qədər artıb.

XS
SM
MD
LG