Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:09

«Azərbaycan»: ««Qrant uşaqları»nın mövcudluğu kiməsə sirr deyil»


Arxiv foto
Arxiv foto

-

“Azərbaycan” qəzeti baş redaktoru Bəxtiyar Sadıqovun yazısını dərc edib. Müəllifin fikrincə, müharibədən yazan jurnalist əsl vətənpərvər olmalı, öz xalqını və millətini sevməyi, təəssübünü çəkməyi bacarmalıdır.

“Qrant uşaqları” adlanan, adları azərbaycanlı olsa da, vətənə xəyanətə daim hazır olanların mövcudluğu və fəaliyyətləri də kimsəyə sirr deyildir! Təəssüf ki, belələrinin ağzından vuranların və onlara yerlərini göstərənlərin sayı çox azdır! Əslində, ilk növbədə, ictimaiyyət milli maraqları hərraca qoyanları ifşa edib, onlara dözülməzlik şəraiti yaratmalıdır....

Son hadisə - 12 noyabrda Ermənistanın hərbihelikopterin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması və həmin məqamın çəkilərək tez-tələsik, düşünülmədən internetdə yerləşdirilməsi də göstərir ki, bu sahədə bəzi nöqsanlar hələ də mövcuddur!

Ön mövqedə olan hərbçinin əlində niyə çəkilişə və süjetin internetə ötürülməsinə imkan verən cihaz olmalıdır? Çəkilən kadrlar niyə Müdafiə Nazirliyinin xəbəri və razılığı olmadan ictimaiyyətə açıqlanmalıdır? Belə səhvlərin qarşısının alınması üçün ilkin, şifahi razılıq da əldə olunmuşdu ki, cəbhənin təmas xəttindəki hadisələrlə bağlı informasiyalar yalnız Müdafiə Nazirliyinin müvafiq qurumlarının açıqlamasından sonra, həm də həmin açıqlamalar çərçivəsində və ruhunda olmalıdır!

MƏSCİD TƏXRİBATİNİN ARXASINDAN PKK İZİ ÇIXDI

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları ötən həftə Qaraçuxur məscidini yandırmağa cəhd edən iki nəfəri həbs edib. Həmin şəxslərdən birinin PKK terrorçu təşkilatının nəzarətində olan Suriya ərazilərinə gedərək döyüşlərdə iştirak etdiyi, qayıtdıqdan sonra qeyri-rəsmi “Yekbun” təşkilatını yaratdığı bildirilir.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu cür hadisələr ölkədə dini zəmində gərginliyi artırmağa xidmət edir:

“Mən bir qədər əvvəl də demişdim ki, bu, çox həssas mövzudur. Regionda gedən prosesləri, eləcə də vətəndaşlarımızın bu proseslərdə iştirakını - mən İraq və Suriyanı nəzərdə tuturam - nəzərə alsaq, bu, Azərbaycanda məzhəblərarası münasibətləri gərginləşdirmək cəhdi kontekstində qiymətləndirilməlidir. O zaman da demişəm ki, təsadüfi hadisə deyilsə, təxribatdır. Artıq həbs həyata keçirilib və indi Azərbaycan təhlükəsizlik orqanlarının imkanı var ki, bu hadisənin arxasında hansı qüvvələrin durduğunu, təşkilatçıların və sifarişçilərin kimlər olduğunu aydınlaşdırsın. Ümid edək ki, MTN bu sahədə əlindən gələni edəcək”.

Son illərdə Yaxın Şərqdə baş verən proseslərin fonunda Azərbaycanda da terror təhdidinin yüksəldiyini qeyd edən həmsöhbətimizin fikrincə, terrora qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir:

“Azərbaycanda terror təhdidi səviyyəsini yüksəlmiş hesab etmək olar. Son hadisə də onu göstərdi ki, Azərbaycanda terror təhdidi səviyyəsi ”narıncı" səviyyəyə qaldırılmalıdır. Məlum olduğu kimi, sonuncu “qırmızı” səviyyədən aşağı “narıncı” səviyyədir. Terrorla Mübarizə Mərkəzi də artıq “narıncı” səviyyədə öz iş planını qurmalıdır".

«BÜTÜN HALLARDA RUSİYA ÇƏTİNLİKLƏRƏ TAB GƏTİRƏCƏK»

“Bizim Yol” qəzeti 1994-cü ildən 1999-cu ilə kimi Azərbaycanın maliyyə naziri işləmiş Fikrət Yusifovla müsahibə dərc edib. 2005-ci ildə F.Yusifov keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov və digərləri ilə əlbir olaraq dövlət çevrilişi hazırlamaqda da təqsirli bilinərək həbs edilib. 2006-cı ildə azadlığa buraxıldıqdan sonra yenidən Rusiyaya qayıdıb. Artıq doğma vətəninə geri dönən keçmiş maliyyə naziri “Ekonomiks” Beynəlxalq İctimai Araşdırmalar Birliyi adlı təşkilat təsis edərək, ictimai sektorda fəaliyyətini davam etdirir. Müsahibədən bir hissəni təqdim edirik:

- Dövlət Neft Fondu sanksiyalara məruz qalmış "VTB" Bankın 3 faizə yaxın səhmlərinə malikdir. Eyni zamanda, Moskvada daşınmaz əmlaka yatırım qoyub. Bu yatırımlara təhlükə yarana bilərmi? İlin birinci yarısında rubla yatırılan investisiyanın 1,3 faiz olduğu göstərilir. Amma bu yatırıma daşınmaz əmlak deyil, yalnız "VTB Bank"a qoyduğu 500 milyon dollarlıq səhm paketini daxil edib.

- Bu investisiyaları qoyarkən Dövlət Neft Fondu heç vaxt düşünməzdi ki, Rusiya iqtisadi maliyyə çətinliklərinə düçar olacaq. Hər bir investisiya əməliyyatlarının bazarda riskləri var. Nə qədər sığortalasan da, hər an fors-major durumlar meydana çıxır. Əlbəttə, Neft Fondunun indiki itkiləri nisbidir. Yəni rublun dollara nisbətdə dəyərdən düşməsi nəticəsində yaranmış zərər ola bilər. Sabah rublun məzənnəsi yüksələn kimi Neft Fondunun oradakı səhmlərinin və daşınmaz əmlakının qiyməti də bahalaşacaq.

- Sizcə, Fond bu bankın səhmdarı olmaqdan imtina etməlidirmi?

- Xeyr. Bunun tək iqtisadi tərəfləri deyil, eyni zamanda, siyasi tərəfləri də var. Fond belə bir addım atarsa, elə Rusiyanın özündə buna dərhal siyasi rəng verənlər tapılacaq. İkincisi, burada elə də böyük rəqəmlərdən söhbət getmir ki, bu ciddi narahatlıq doğursun.

AZADLIQ QƏZETİ HƏBSDƏ OLAN CƏBHƏÇİLƏRDƏN YAZDI

“Azadlıq” qəzeti son vaxtlar həbs olunmuş AXCP üzvlərindən yazır. Son bir neçə ay ərzində partiyanın beş üzvü - Murad Ədilov, Seymur Həzi, Hicran Qasımov, Sənan Daşdəmirov Asif Yusifli müxtəlif ittihamlarla həbs olunub. Azərbaycanda insanların əksəriyyətinin narkotiklə şərləndiyi hər kəsə bəllidir. Elə adıçəkilən cəbhəçilərdən üçü - Murad Ədilov, Hicran Qasımov və Sənan Daşdəmirov da narkotiklə şərlənib.

AXCP Təşkilat Şöbəsinin rəhbəri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin vəkili Azər Nağıyev bildirib ki, Sənan hələ də “bandotdel”də saxlanılır. Vəkil eyni zamanda, Sənana qarşı irəli sürülmüş ittihamın qurama olduğunu vurğulayıb:

“Sənan Daşdəmirlinin həbsi, ona qarşı irəli sürülən ittihamlar quramadı. Atasının siyasi fəaliyyətilə əlaqədar həbs edildiyini düşünürük. Özü ilə bağlı bir məsələ olmadığı üçün ona heç bir işgəncə verilmir. Tez-tez görüşürəm, şikayəti yoxdur. Hələ də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır”.

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili olan Asif Yusiflinin vəkili Fəxrəddin Mehdiyev isə hələ ki, onunla görüşə bilməyib. Bu həftə görüşün baş tutacağı gözlənilir.

XS
SM
MD
LG