Orhan Pamukun yeddi böyük romanı var. Onun «Qar» və «İstanbul» da daxil olmaqla əsərləri 40-dan çox dilə tərcümə edilib.
54 yaşlı Pamuk Türkiyədə ən məşhur yazıçılardan biridir.
Onun tarix, ya da müasir həyatla bağlı əsərlərinin mərkəzində həmişə Türkiyə durur. Pamukun mükafat aldığı ilk əsər 1982-ci ildə yazdığı «Cevdet Bey və onun oğlu» adlı roman oldu.
Orhan Pamuk bu cür yüksək mükafata layiq görülən ilk türkdür. Amma çox güman ki, onun mükafatlandırılması Türkiyədə ziddiyyətlə qarşılanacaq. Pamuk bu mükafatı bir ədəbiyyatçı kimi alıb. Amma o, həm də siyasətlə məşğul olur. Onun Türkiyə tarixini tədqiq etməsi bəzən ixtilaflara gətirib çıxarıb.
Ötən il Pamuk İsveç qəzetinə deyib ki, Türkiyə onun müasir tarixindəki iki ən ağrılı epizodu açıq müzakirəyə çıxartmağa icazə vermək istəmir. Bunlardan biri – birinci Dünya müharibəsi zamanı Türkiyədə ermənilərin qırğını və hazırda Türkiyənin cənub-şərqində kürd silahlı qruplaşmasıyla gedən gedən döyüşlərdir. Bundan sonra Pamuk «türkçülüyü təhqir etdiyinə görə» məhkəməyə verilib.
2005-ci ilin oktyabrında Pamuk bu hadisə barədə belə deyib: «Mən dediyim bütün sözlərimin arxasında dururam. Burada təkcə Osmanlı imperiyası zamanı ermənilərin ağrısından söhbət getmir. Bu məsələ daha da böyüyüb və Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlıdır. Türkiyədə söz azadlığı, eləcə də başqa insan hüquqları olmalıdır. Hər insan düşündüyünü deyə bilməlidir. Mən dediklərimə görə məsuliyyət daşıdığımı dərk edirəm».
Pamukun məhkəməsi bir neçə ölkədə narazılıqla qarşılanmışdı. Xüsusilə də Avropa Birliyi ölkələrində. Onlar deyirdilər ki, bu məhkəmə Ankaranın birliyə üzv olmaq səylərinə zərbə vuracaq.
Məşhur yazıçı üç il müddətinə azadlıqdan məhrum olundu. Amma bu ilin yanvar ayında İstanbul məhkəməsi elan etdi ki, bu cinayət işini dayandırır.
Son illər Pamukun yazdıqları daha açıq-aşkar siyasi xarakter alıb. Onun axırıncı «Qar» adlı romanı 2002-ci ildə çap olunub və burada Qars şəhərində islamçılar, kürdlər, dünyəvi quruluşun tərəfdarları və rəsmilər arasındakı mübahisələrdən söhbət gedir. Orhan Pamuk Türkiyənin cənub-şərqində kürd üsyançılarına qarşı hərbi repressiyaları tənqdi edən məqalələr yazıb.
Dekabrın 4-də Stokholmda keçiriləcək mükafatların təqdimetmə mərasimində Pamuk başqa Nobel laureatları kimi 1,4 milyon dollar məbləğində mükafat, qızıl medal və diplom alacaq.