Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:15

Venesiya Komissiyasına göndərilən təkliflərin heç də hamısı texniki xarakterli deyil


Azərbaycan hökumətinin Seçki Məcəlləsinə dəyişiklik və əlavələrlə bağlı Avropa Şurası Venesiya Komissiyasına (VK) göndərdiyi təkliflərin heç də hamısı texniki xarakterli deyil. Komissiya üzvü Sergey Kuznetsov belə deyir. Amma cənab Kuznetsov həmin təkliflər üzərində ekspertlər işlədiyi üçün bundan artıq heç nə demir. Onun sözlərinə görə, mütəxəssislərin dəyərləndirməsi yaxın 15 gündə başa çatdırılacaq.


Bundan əvvəl də Azərbaycan hökuməti seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı Venesiya Komissiyasına təkliflərini göndərmişdi. Amma o zaman komissiyanın verdiyi rəyə görə, təkliflərin əksəriyyəti texniki xarakterli idi. Belə ki, hökumət beynəlxalq qurumların təkidlərinə baxmayaraq, seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması, seçkilərlə bağlı şikayətlərin baxılması prosedurunun sadələşdirilməsi və sair kimi məsələlərdə dəyişikliklər etməmişdi. Bu üzdən də ötən il keçirilən parlament seçkilərindən sonra da Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana seçki qanunvericiliyinə dəyişikliklər edilməsiylə bağlı tövsiyələrini təkrar etdilər.


Həmin tövsiyələrdən biri də «Sərəbst toplaşmaq azadlığı haqqında» qanunla bağlı idi. Hökumət də bir neçə ay əvvəl həmin qanunu ekspertizadan keçirmək üçün Venesiya Komissiyasına göndərmişdi. Ekspertlərin sənədlə bağlı rəyi tamamlanmaq üzrədir. Bu üzdən də həmin rəyi gözləyən birgə işçi qrup (həmin qrup hökumət, Venesiya Komissiyası və ATƏT-in iştirakı ilə yaradılıb) gələn həftə müzakirələrə başlayacaq. Bu haqda ATƏT-in Bakı Ofisindən verilən məlumatda deyilir.
XS
SM
MD
LG