Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 00:41

Əli Əkbərin İsveçrədə almanca çap olunan romanından [Parça]


Əli Əkbər
Əli Əkbər

-

"Elə bil ölmüsən, şeyx də sənin mürdəşirindir, onun hüzurunda meyid kimi hərəkətsiz, gözləri bağlı olmalısan. Hətta şeyxdən uzaqda olanda da, şeyx səni görürmüş kimi ömür sürməlisən...“

Əbdülhəmid başını ehtiyatla qaldırıb mürşidinə baxdı, onunla göz-gözə gəlməkdən çəkinib, tez gözlərini endirdi...

Əli Əkbər

KƏSİŞMƏ

(Romandan parça)

Şeyxin mübahisəsiz ən sadiq tələbəsi və sirdaşı olsa da, Əbdülhəmid on beş ildir eyni ədəb-ərkanla mürşidinin hüzurunda əyləşir, hətta çox vaxt gözlərinə baxmağa utanırdı.

Atası Qiyasəddin iyirmi il əvvəl vəfat edəndə, on üç yaşı olan Əbdülhəmid, onun bütün nəsihətlərini bu günə kimi yadda saxlamışdı, heç birini unutmurdu, o cümlədən „Şeyxin qarşısında diz çökən mürid, sükut içində oturmalı, şeyxin izni olmadıqca danışmamalıdır“ sözlərini də. „Elə bil sahildə dayanmısan, Allaha yalvarırsan ki, dalğaların qoynunda sənə bir ruzi, balıq göndərsin.

Elə bil ölmüsən, şeyx də sənin mürdəşirindir, onun hüzurunda meyid kimi hərəkətsiz, gözləri bağlı olmalısan. Hətta şeyxdən uzaqda olanda da, şeyx səni görürmüş kimi ömür sürməlisən...“

"Kəsişmə" İsveçrədə almanca çap olunub.
"Kəsişmə" İsveçrədə almanca çap olunub.

Əbdülhəmid başını ehtiyatla qaldırıb mürşidinə baxdı, onunla göz-gözə gəlməkdən çəkinib, tez gözlərini endirdi.

Bu gün şeyxin çöhrəsi ona həmişəkindən daha nurlu göründü - bu üz sanki işıq saçırdı, ətrafı aydınlığa qərq edirdi. Əslində illərdir bunu müşahidə edirdi –hər dəfə şeyxini daha da gözəlləşmiş, daha da nurlanmış görürdü. İnanırdı ki, bunların hamısı ilahi möcüzədir, mürşidinin kəramətləridir.

Şeyx Osman Topbaş danışdıqca, ona ən yaxın oturan Əbdülhəmid, arxada əyləşmiş altmışa yaxın müriddən bəzilərinin ağladığını eşidirdi.

Başlarını təvazökarlıqla aşağı salıb həm qulaqları, həm də qəlbləri ilə şeyxə qulaq asan müridlər elə bil transa düşmüşdülər, gerçək dünyadan qopmuşdular, göylərdə pərvaz edirdilər. Əbdülhəmidin də gözləri yaşardı, udqundu.

Cümə namazından sonra, ənənəvi görüşə toplaşan müridlərinə moizə oxuyan şeyx Osman, pambıq kimi ağappaq, seyrək saqqalını iki dəfə tumarlayıb dedi:

- Odur ki, sizə qəribə görünən, məntiqsiz gələn sözlərimiz, hərəkətlərimiz sizi çaşdırmasın, yolunuzdan sapdırmasın. Qəlbinizə ağırlıq edən bütün sualların cavabı bizdə mövcuddur. Sual edin ki, cavab alasınız. Cavab alın ki, rahatlığa qovuşasınız.

Özü ilə bağlı danışanda şeyxin „biz“ şəkilçisindən istifadə etməsini sufilər, onun təvazökarlığı, Allah qorxusu ilə izah edirdilər. Onlar inanırdılar ki, öz „mən“inə qalib gələ bilməyən, eqosunu öldürməyən adam heç vaxt təsəvvüfdə yüksək mürşidlik mərtəbəsinə qalxa bilməz. Məhz buna görə, sufi əxlaqı „mən“ deməyi qadağan edir, bunun yerinə „biz“ deyilməsini məqbul, hətta zəruri sayır.

- ...Bəs necə olur ki, bizdə bütün sualların cavabı var? – şeyx soruşdu və gülümsündü. - Çünki biz, Allah tərəfindən ilhamlanırıq. Bəli, vəhy peyğəmbərlərə məxsusdur, onlar Allahla vəhylə ünsiyyət qururlar. Bizə isə ilham verilir. Buna Qurani Kərim də işarə buyurub.

Şeyxin moizə oxuduğu məkan, təxminən yüz kvadrat metrlik geniş, işıqlı otaqdır. Sağdakı iri, üçlaylı pəncərədən asılmış zərif, mavi tüldən içəri süzülən işıq, şeyxin oturduğu divanın yarısını, özünün bədənini isə bütöv aydınlatırdı. Bu işıqda, şeyxin ağ saqqalı günəşli havada bərq vuran qar təki parıldayırdı. Onun qabağındakı kətilin üstünə qoyulmuş su ilə dolu sətkana da günəş işığından pay düşürdü. Otağın sol divarı və şeyxlə üzbəüzdəki divarın qapıya qədər olan künc hissəsi, boydan-boya kitab rəfləri ilə çevrələnmişdi. Rəflərə səliqə ilə düzülmüş rəngarəng kitablar – məşhur sufilərin risalələri, rəvayətlər, hədis topluları, Qurani Kərimlər – döşəməyə sərilmiş müxtəlif rəng və ölçülü beş xalça ilə həmahəng idi. Otaqda şeyxin əyləşdiyi divandan savayı, oturmaq üçün heç bir mebel nəzərdə tutulmamışdı, hamı yerdə bardaş qurub otururdu. Şeyxin başının üstündəki divarda isə, tanınmış Ərzurumlu xəttat Həsən Kamil Yılmazın əl işi olan, qara fonda qızılı hərflərlə ərəbcə yazılmış və qızılı çərçivəyə salınmış «Ya Hu» yazısı asılmışdı.

Şeyxin əynində boğazına qədər düymələnmiş sadə, yaxasız ağ köynək; enli, boz şalvar, başında isə ağ təkkə vardı. Sağ əlində vişnə tumu boyda, doxsan doqquz ədəd kəhraba daşlı təsbeh tutmuşdu. İstər şəxsi həyatında, istərsə də dərgahda, müridləri ilə münasibətdə sadə davranşları ilə seçilən, təvazökarlığı ilə məşhur olan, iki qız atası Osman Topbaşı görən heç bir Allah bəndəsi, bu adamın necə nəhəng bir maliyyə imperiyasına nəzarət etdiyini təsəvvüründən belə keçirə bilməzdi. Saya hesaba gəlməyən var-dövlətə, mala-mülkə, pula, ləl-cəvahirata malik olan bu Naqşibəndi təriqəti, qollarını Türkiyə, Balkan dövlətləri, Qafqazlar və Orta Asiyaya ohtapot kimi uzatmışdı. Bu geniş coğrafiyada şirkətlərə, fabriklərə, məktəblərə, mədrəsələrə, universitetlərə, hətta kütləvi informasiya vasitələrinə nəzarət edən Osman Topbaş bir çox müsəlman dövlətlərin hökumətləri ilə də isti münasibətlərə malik idi. İslam həssaslığının olduğu ölkələrdə din üzərindən, islamdan uzaq ölkələrdə isə pulunun yardımı ilə demək olar ki, hər yerdə özünə sağlam dayaqlar tapmışdı. Onun dünyaya səpələnmiş müxtəlif profilli təhsil ocaqlarından hər il minlərlə tələbə məzun olur, onların ən azı yarısı gələcəklərini bu təriqətlə bağlayırdılar. Türkiyədə bir milyona yaxın tərəfdarı olan təriqət, Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi AK partiyanın seçkilərdə iki dəfə qalib gəlməsində əvəzsiz xidmət göstərmişdi deyə, təriqət hökumətdə də ciddi nüfuza malik idi.

Osman Topbaşın kəramətlərinə hamı inanırdı. Bəzi müridlər isə onun hətta uçduğuna, laməkan olduğuna iman etmişdilər. Bəziləri onun Məhəmməd Peyğəmbərlə bilavasitə görüşüb söhbətləşdiyini, bəziləri hər gecə Məkkəyə getdiyini, bir qismi isə dünyanın şeyxə görə, onun sayəsində dağılmadığını iddia edirdilər. Osman Topbaşın özünün də bu söhbətlərdən xəbəri var idi. Ona bu haqda sual veriləndə adəti üzrə gözlərini qapayaraq mülayim təbəssümlə cavab verir, lakin nə yox deyir, nə də deyilənləri təsdiq etmirdi. Əbdülhəmidin atası Qiyasəddin isə, ölüm döşəyində ikən oğluna belə bir əhvalat danışmışdı.

- Oğlum, məni yaxşı dinlə. Şeyx Osman müqəddəs şəxsiyyətdir. Onun dərgahından ayrı düşən, sürüdən ayrılan quzu kimi qurda-quşa yem olar. Mən, şeyxə yaxın olmaq xoşbəxtliyini dadmış adamlardanam. Allah mənə belə bir lütf nəsib edib ki, şeyx məni öz dostu, sirdaşı bilib, dar günlərində mənimlə məsləhətləşib, ürəyini mənə açıb. Bunun da tarixçəsi var oğlum, belə münasibətlər elə-belə qurulmur.

Sən hələ dünyaya gəlməmişdin, anan səni bətnində gəzdirirdi. Şeyx Osmanın mərhum atası, üstadımız, böyük şeyximiz Musa Topbaş haqqın rəhmətinə qovuşan gün, hamımızın beli dərddən-kədərdən bükülmüşdü, ağlamaqdan gözlərimiz kor olmuşdu. Onu son mənzilinə yola salıb, dəfn mərasimindən qayıdırdıq. Qəbristanlığa mindən çox adam toplaşmışdı. Şəhərlərdən də xeyli ziyarətçi gəlmişdi. Şeyx Osman atasının ruhuna dua oxuyandan sonra, rəhmətlik şeyxə ən yaxın olan qırx müridə „Gəlin dalımca“ dedi. Mən də onların arasındaydım oğlum. Biz, kədərdən solmuş qırx nəfər, qəbristanlıqdan çıxıb şeyx Osmanın ardınca getdik. Hara getdiyimizi heç birimiz bilmirdik, bu bizi maraqlandırmırdı da. Bir də onda ayıldıq ki, şeyx Osman Sübhan dağına doğru istiqamət alıb. Heç birimiz sual vermirdik, hara getdiyimizi soruşmurduq. Divanələr kimi düşmüşdük çöllərə.

Dağın ətəyinə çatanda, birdən şeyx Osman ayaq saxladı. Şalvarının qabağını qəfil açdı, işəməyə başladı. Biz hamımız heyrətdən donub qaldıq – nə danışa, nə də hərəkət edə bildik. Hava küləkli idi deyə, şeyxin sidiyi özünün də, bizim də paltarlarımıza sıçrayıb islatdı. Şeyx xeyli işədi. Birdən müridlər ayıldı, dəstəmiz dalğalandı, səslər yüksəlməyə başladı. Amma mən hələ də təəccübdən özümə gələ bilmirdim - quruyub qalmışdım. Handan-hana özümə gəlib arxaya çöndüm və gördüm ki, müridlər qışqırışa-qışqırışa, iti addımlarla qəsəbəyə doğru tələsirlər. Şeyxin yanında bir mən qalmışdım, bir də dülgər Əbu Bəkir ilə, müəllim Bilal. Yəni üç nəfər.

Şeyx işini görüb qurtardı, arxaya baxmadan yenə „gəlin dalımca“ deyib yoluna davam etdi, sanki heç nə baş verməmişdi. Biz də dinməz-söyləməz düşdük onun dalıyca. Bir az da yol getdik və qabağımıza çay çıxdı. Şeyx, suya doğru tələsdi, əynindəki paltarlarla çaya kəllə vurdu. Bu hərəkəti üç dəfə təkrarladı, elə bil qüsl alırdı. Sonra çıpa-çıp su içində qarşımızda dayanıb dedi:

- Deməli hamısı getdi, üçcə adam qaldı, - başını bulaya-bulaya gülümsədi. – Atam, Şeyx Musanın ölümündən sonra bu adamların içində şübhə vardı ki, onun nurunu bundan sonra oğlu daşıya, irşad vəzifəsini layiqincə icra edə biləcəkmi? Mən də sizinlə bu yola çıxdım ki, hamınızı sınayım, sədaqətinizi yoxlayım. Bəli, yolda işəməli oldum, sidiyim də üstünüzə sıçradı. Onlar isə xırdaca səhvimiz ucbatından bizi tərk etdilər. Deməli ağır qəbahətimizi heç bağışlamazlar, bizi başa düşməzlər. Lakin siz, axıra qədər gözlədiniz, səbat etdiniz. Bu hərəkətin mütləq bir izahının olduğuna şübhə etmədiniz. Beləliklə, həqiqət sizə agah oldu. Bundan sonra, bu yolda addımlamağa sizinlə davam edəcəyik və Allahın izni ilə, xalqı irşad edəcəyik.

O gündən sonra dərgahımıza bərəkət gəldi, sıralarımız gündən-günə artdı. İllər keçdi, sayımız yüz minlərə çatdı. Təriqətmizi haqqın qapısı bilənlər, axın-axın bizə üz tutdular. Sən dünyaya gələndə isə, qulağına şeyx həzrətləri azan oxudu, sənə mübarək nəfəsini toxundurdu. İndi mən gedirəm oğlum, sən isə qalırsan. Arzum odur ki, mənim qədər üstadımıza sadiq olasan. Özün də bilirsən ki, xətrini nə qədər istəyir, səndəki nuru görür...

Atasının sözlərini yada salan Əbdülhəmid qəhərləndi. Şeyx isə, onun qəlbindəkiləri duyubmuş kimi, həlim səsi ilə dilləndi:

- Əbdülhəmid qardışımız kimi Allah dostu olmağa can atmalıyıq, onun müridlik mərtəbəsinə yüksəlmək üçün dua etməliyik.

Əbdülhəmid diksindi, yaşlı gözlərini tez qaldırdı:

- Əstağfirullah şeyximmm! – dedi və hönkür-hönkür ağlamağa başladı. Arxadan da azı otuz nəfər ona qoşuldu, otağı elə bir hönkürtü, elə ahu-zar bürüdü ki, şeyxin səsi eşitməz oldu. Bu səbəbdən, şeyx Osman səsini bir qədər ucaltdı:

- Ağlayın! Çünki ağlamayan qəlblər yumşala bilməz. Allahın ən sevdiyi göz, ağlayan gözdür. Şübhəsiz bu göz yaşları mübarəkdir, - dedi və özü də ağlamağa başladı. Hıçqırıqlar arasından çətinliklə danışdı, - Biz kimik axı!? Allahın zəlil qulları! Qarışqa qədər gücümüz, iradəmiz yoxdur! Amma iddiamıza bax – haqqın müjdəsini təbliğ edirik! Hamımız bir yolun əsgərləriyik deyirik. Heç bilmirik sonumuz nə olacaq, heç bilmirik cənnət bizə qismət olacaq ya yox! Ay Allah! Ay Allah! Bizi cəhənnəm əzabından qoru, bizi cənnətinlə mükafatlandır! Yazığıq ay Allah! Yandırma bizi!

Artıq hamı ağlayırdı. Göz yaşları sel olub axırdı. Elə müridlər vardı ki, alınlarını yerə qoyub, səcdədə ağlayırdılar.

- Dua edin qardaşlarım! Dua edin! Bilin və agah olun ki, bu dünyada açılmayan bütün qapıları açan Allahdır. Qapını açmaq üçün, Allaha sadiq qul olmaq lazımdır. Ona qul olan üçün əsla qorxu yoxdur. Nə bu dünyada, nə də obiri dünyada. Maddəyə bağlı olmayın, mənanı dərk edin! Allahı sevin ki, o da sizi sevsin. Qəlbləriniz daşlaşmasın deyə çox ağlayın, az gülün. İnsanı robotdan fərqləndirən də, qəlbinin olmasıdır. Baxın indiki robotlara, hər şeyi edirlər, hər şeyi bilirlər. Amma qəlbləri yoxdur. İnsana isə Allah ruh verib, qəlb verib, duyğular verib. Dəmir, robot, texnologiyalar insana mənəvi həzz verə bilməz! Baxın, görün dünya nə hala düşdü. Hər şey robotlaşdı, mənadan uzaqlaşdı, maddənin köləsi oldu. Texnoloji inqilab deyirlər. Nədir bu texnoloji inqilab? İnsanlara xoşbəxtlik, səadət bəxş edə bildimi? İndi dünyamız daha qəddar, daha qanlı olub. Beyinlər qarışıb, ürəklər narahatdır. Ağlayın ki, qəlbləriniz yumşalsın! Ağlayın və Allahdan özünüz üçün də, bəşəriyyət üçün də mərhəmət diləyin, hidayət diləyin, xilas diləyin. Qurtuluşun yolu haqqın yoludur, islam yoludur. Allah bizi doğru yolda olanlardan eləsin. Amin!

Hamı bir ağızdan „amin“ dedi.

Şeyx cibindən dəsmal çıxarıb gözlərini silməyə başlayanda təsbehi kətilin üstünə, stəkanın yanına qoydu. Bu o demək idi ki, moizə artıq bitmişdir. Şeyx həmişə belə edir, müridlərinə belə işarə verirdi. Arxada hərəkətlənmə başlayan kimi, Əbdülhəmid geriyə boylandı, müridlərə gözucu baxdı. Ayağa qalxan müridlərin gözləri şişmişdi, qıpqırmızı olmuşdu. Onlar bir-bir şeyxə yaxınlaşıb onun əlini öpür, sonra öpdükləri əli alınlarına qoyurdular. Əbdülhəmid bu mənzərəni gözyaşları ilə izləyirdi. Şeyxin üzü indi daha nurlu görünürdü. Hər dəfə Əbdülhəmid öz-özünə deyirdi ki, bundan artıq nurlanmaq mümkün deyil, bu nur, nurun son həddidir, amma hər dəfə də yanıldığını başa düşürdü, çünki şeyxə hər baxdığında onu daha da işıqlı görürdü. „Bu da onun kəraməti, böyüklüyüdür. O, həqiqi Allah dostudur, vəliyullahdır“ düşündü.

Axırıncı mürid otaqdan çıxandan və qapı bağlanandan sonra, Əbdülhəmid də ayağa qalxdı, yaşlı gözləri ilə şeyxə yaxınlaşdı. Əlini öpmək üçün əyiləndə, şeyx onu saxladı:

- Otur, - dedi. – Tələsmə.

- Baş üstə şeyxim.

- Yanıma otur, yerə yox. Səninlə söhbətim var.

Əbdülhəmid divanın lap kənarına oturdu, əllərini dizlərinə qoydu, başını aşağı saldı.

- Mənə bax oğlum, qaldır gözlərini. Bax belə, - şeyx dedi və sudan iki qurtum içib, sözünə davam elədi, - Allah Təala qulunu sınağa çəkmək istəyəndə, ona gücünün yetməyəcəyi yükü vermir. Əsla vermir! Bizim bu həyatdakı ən böyük vəzifəmiz nədir oğlum? Cihad! Daima cihad aparmalıyıq, bir an olsun bu müqəddəs borcumuzu unutmağa haqqımız yoxdur. Həm nəfsimizlə cihad, həm də düşmənlə cihad. Bu çətin, amma şərəfli yolda əvvəl atan, indi də sən illərdir addımlayırsınız. Allah atana rəhmət eləsin, onu cənnətlə mükafatlandırsın. Biz də acizanə nəsə etməyə çalışırıq, dünyanın bir çox ölkəsində insanları haqqın yoluna çağırırıq. İxvanımız səbrlə, səbatla, əzmlə çalışır, Allahın kəlamını yer üzünə yayır. Əlbəttə ki, Allah gec-tez nurunu tamamlayacaqdır, amma məlumdur ki, bu işdə bizə mane olmaq istəyən şeytan dostu qüvvələr də az deyil. Biz tohidə dəvət edərkən, onlar da şirkə dəvət edirlər. Şirk də ən böyük zülmlərdən, günahlardandır. Allah bütün günahları bağışlayandır, bircə şirkdən başqa.

Əbdülhəmidin gözləri narahat ifadə aldı:

- Şeyxim, sizi nəsə narahat edir görürəm. Əvf edin, həddim olmasa da sözünüzü kəsdim.

- Haqlısan oğlum. Bakıdan pis xəbərlər gəlib. Bizi narahat edən xəbərlər, - şeyx Osman köks ötürdü. - Özün də şahidsən ki, sovetlərdən sonra bizim getdiyimiz ilk ölkə Azərbaycan olub. Bu ölkədə islamın çiçəklənməsi üçün necə çalışmışıq, necə təbliğat aparmışıq. Neçə-neçə qardaşımız, bacımız orada məhrumiyyətlərə sinə gərib, amma Allahın kəlamını yayıb, yorulmadan çalışıb. İş adamı qardaşlarımız orda firmalar, məktəblər açıb, həm pul qazanıb, həm qazandırıb, eyni zamanda insanları irşad edib. İndiyə qədər orda xalqın əksəriyyəti cahildir, dindən uzaqdır. Allah onlara hidayət versin. Amma Azərbaycanın kafir, müşrik hökuməti bu gün dinimizin onsuz da zəif olan dayaqlarını orda sarsıdmaqla məşğuldur. Məcusiliyi rəsmi din elan etmək istəyirlər!

Əbdülhəmid dəhşətlə hayqırdı:

- Əstağfirullah!

Şeyx daha da kədərləndi, başını buladı:

- Mən də eşidəndə qəzəbləndim, ağladım. Sənə də məlumdur ki, hökumət illərdir bizə necə mane olur. Bakıdakı ofislərimizə, mədrəsələrimizə vaxtaşırı hücum çəkir, bizə cərimələr yazır, hətta bir məscidimizi də bağladılar. Mömin qardaşlarımızı terrorçu adı ilə həbs edirlər, müsəlmanların saqqallarını qırxırlar. İndi isə təmiz azğınlaşıblar, xalqa zorla məcusiliyi sırımaq istəyirlər.

- Şeyxim, üzr istəyirəm, bu xəbər mötəbərdirmi? Axı bu necə ola bilər?

- Təəccübünü başa düşürəm oğlum, amma mötəbərdir. Məlumatı İngiltərədəki dostlarımızdan almışıq. Onlara da ingilis hökumətindən xəbər sızıb, - Şeyx bir qədər fikirləşdi, kətilin üstündəki təsbehinə baxdı. – İndi bizim Allah qarşısında borcumuz, bu kövrək islam diyarını, bu bəladan xilas etməkdir. Ordakı hakim sülalə çox zalımdır. Bunu ona görə deyirəm ki, Azərbaycanın içində işləmək çətin olacaq, bunun fərqindəyəm. Ona görə də Azərbaycandakı qardaşlarımıza daha ziyadə Türkiyədən dəstək verməliyik. Bir söz soruşum oğlum. Bakıda olanda Qız Qalasını görmüsənmi?

- Dəfələrlə görmüşəm şeyxim. Dəniz kənarındadır.

- Elədir. İndi bunlar nə deyirlər, bilirsən? – Şeyx Osman acı təbəssümlə soruşdu. - Guya Zərdüşt peyğəmbərin məzarı bu qalanın altındaymış, ona görə də azərbaycanlılar öz həqiqi dinlərinə qayıtmalıymış.

- Şeyxim, Türkiyədən dəstək verməliyik deyəndə, nəyi nəzərdə tutursunuz? – Əbdülhəmid çəkingən tərzdə maraqlandı.

- Nəinki Türkiyədən, mümkün olan hər yerdən və hər vasitə ilə işləməliyik oğlum. Qəzetlərimiz, televiziyalarımız Azərbaycanın müsəlman ölkə olmasından yazmalıdır, ora haqqında verilişlər, filmlər göstərməlidir. Bu məsələni daima diqqətdə saxlamalıyıq. Bizim bütün ixvanlarımıza xəbər ötürün. Göz görə-görə islam diyarı şirk yuvasına çevrilir, dinimiz əldən gedir. Oranın Oğul Diktatoru Allahın nurunu söndürməyə çalışan Tağutdur, amma Allah da buyurub ki, onun nurunu heç kəs söndürə bilməz! – Şeyx bunu deyib barmağını silkələdi. - İxvanımız bütün imkanlarını səfərbər etsin. Azərbaycanın necə qədim islam ölkəsi olması həqiqətini dünyaya yaymağa başlasınlar. Pir Şükrullah bin Qasımı, Seyyid Yəhya Şirvani həzrətlərini, Yəhya bin Bəhaəddini, Yusif Həlvətini, Məhəmməd Bakuvini gündəmə gətirsinlər. Bu islam böyüklərini, övliyaları yenidən təqdim etsinlər, tanıtsınlar. Onların Bakıdakı məzarlarından, gördükləri işlərdən danışsınlar. Oradakı müsəlman qardaşlarımızın harayını dünyaya yaysınlar. Vaxt itirmə oğlum. İstanbula yola düş. Cumali qardaşımız səni orda gözləyir. Planı bir yerdə hazırlayın. Allah yardımçınız olsun, sizə qələbə nəsib eyləsin.

Ayağa qalxan Əbdülhəmid:

- Amin üstadım! – dedi və şeyxin əlini ehtiramla öpdükdən sonra, otaqdan çıxdı.

XS
SM
MD
LG