Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:48

Rusiyada çalışan azərbaycanlıları hansı aqibət gözləyir?


Moskva-Bakı qatarı. arxiv foto
Moskva-Bakı qatarı. arxiv foto

“Bizim Yol”: “Rusiyada iki milyona yaxın azərbaycanlının yaşadığını nəzərə alsaq, bu ölkənin valyutasının taleyinin rəsmi Bakını da maraqlandırmasını başa düşmək olar.

Rublun sürətli ucuzlaşması bir sıra şayiələrin yaranmasına səbəb olur. Qeyd edilir ki, Rusiyada böhranlı vəziyyət bu ölkədə yaşayan azərbaycanlıların kütləvi şəkildə vətənə qayıtması və Rusiyadan Azərbaycana hər ay edilən nağd pul transferlərinin həcminin kəskin azalmasına səbəb olub. Amma ekspertlər bu situasiyada panikaya düşməməyi və tələsik nəticələr çıxarmamağı tövsiyə edirlər. Bununla belə, onlar vəziyyətin doğrudan da təhlükəli olduğunu gizlətmirlər.

Prosesləri "Bizim Yol"a şərh edən, Rusiyada yaşayan azərbaycanlı politoloq, Konstruktiv Siyasət Fondunun (KSF) direktoru Abdul Nağıyev bildirdi ki, Rusiya iqtisadiyyatında baş verən sürətli dəyişikliklər azərbaycanlılar üçün yaxşı heç nə vəd etmir: "Rusiyada işləyən azərbaycanlıların çoxu hər ay evlərinə müəyyən məbləğdə pul göndərirlər. Onların gəlirləri rus rublu ilə idi. Rubl isə sürətlə ucuzlaşır və azərbaycanlılar evlərinə dolları yeni, baha kursla göndərirlər. Dollarla müqayisə etsək, demək olar ki, gəlirlər bütün Rusiya üzrə iki dəfədən çox azalıb. Əgər Rusiyada böhranlı vəziyyət davam etsə, onda azərbaycanlı miqrantların bu ölkədən kütləvi şəkildə evə dönüşünü müşahidə edə bilərik".

25 İLLİK AZADLIQ

Dekabrın 24-də “Azadlıq” qəzeti 25 yaşını qeyd edəcək. “İlk sayı 1989-cu il dekabrın 24-də işıq üzü görən “Azadlıq” sonralar Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrildi. “Azadlıq” qəzetinin üzərinə hazırda da böyük məsuliyyət düşür. Ölkədə insan haqlarının pozulmasına, demokratik dəyərlərin tapdanmasına qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması hazırkı hədəflər sırasındadır. Bu əlamətdar gündə ölkənin tanınmış ictimai-siyasi xadimləri “Azadlıq”ın keçdiyi yola nəzər salaraq, qəzetimizin bu günə qədər olan fəaliyyətini dəyərləndirirlər:

Tanınmış şair Vaqif Bayatlı Odər:

- Bakı Azərbaycanın paytaxtı olduğu kimi, “Azadlıq” qəzeti də ilk sayından sözün, mətbuatın, azadlığımızın paytaxtı oldu. Hamının gözü onda idi. Bu hərəkat, bu qəzet əslində 25 il bundan əvvəlin yox, əbədiyyətin, zamansızlığın qəzetidir. O ən çox da Allahımızı, insanlarımızı, azadlığımızı sevindirən qəzet oldu.

BU İL 805 MEDAL QAZANILIB

İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin yekunlarına görə idmançıların və mütəxəssislərin mükafatlandırılması mərasimində iştirak edib.

Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Prezident çıxışında deyib ki, 2014-cü il ölkə iqtisadiyyatı üçün uğurlu il olub.

“Eyni zamanda, bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Bütün çətinliklərə, dünyada və bölgədə yaşanan böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdir və biz 2014-cü ili yaxşı nəticələrlə başa vururuq. O cümlədən bu il də idman sahəsində gözəl nəticələr olub. Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu il də istisna il olmayıb. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılıb və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Bu, həm onu göstərir ki, idmançılarımız daha da gözəl nəticələr qazanırlar, eyni zamanda, daha geniş mənada beynəlxalq yarışlarda iştirak edirlər. Medalların sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının əsas göstəricisidir”.

QARDAŞLARIN HÜZNÜ

“Media forum” saytı dekabrın 16-da Pakistanda məktəbdə törədilmiş qanlı olaydan yazır.

“2014-cü ilin 16 dekabrını qardaş ölkədə qara gətirdilər, günahsız insanları qətlə yetirib Peşəvar şəhərində hərbi məktəbi qan gölünə çevirdilər. Pakistanlı hüquq müdafiəçisinin Nobel mükafatı alması hadisəsinin ardınca Pakistanda dəhşətli hadisə törədildi. “Təhriki-Taliban Pakistan” adlı terror təşkilatının yaraqlıları 500-dək şağird və müəllimin çalışdığı hərbi məktəbə soxulub adamları gülləbaran etdilər. Ölənlərin sayı 140-ı ötdü, 120 nəfərdən çox gənc kursant və müəllim, eləcə də məktəb işçisi yaralandı.

“Dostlarının, eləcə də Azərbaycanın həmişə yanında olan böyük və qüdrətli Pakistana hər zaman ağır yaralar vurmağa çalışıblar. Nüvə ölkəsinə çevrilən, dəfələrlə Hindistanla müharibəyə cəlb edilən qardaş ölkənin məqsədli şəkildə dağıdılması planı yeni deyil. 1971-ci ildə Hindistanın və Böyük Britaniyanın təsiri ilə Banqladeşin (Şərqi Pakistan) Pakistandan ayrılması həmin planlardan yalnız biridir. İllərlə dünya xəritəsindən Pakistan adını silməyə, onu parçalamağa cəhd edənlər, hətta siyasi baxımdan əks qütblərdə duran ölkələr belə bu dövlətə qarşı sui-qəsdə gələndə birləşirlər”.

XS
SM
MD
LG