Sentyabrın 17-də Şəki Rəsm Qalereyasında karikatura rəsmlərindən ibarət olan «Gülüş rəsmlərdə» adlı ilk beynəlxalq sərginin açılışı olacaq. Sərgidə 20 əcnəbi, 25 yerli karikaturaçı rəssamın əl işləri sərgilənəcək. Rəssamlar İttifaqının nümayəndəsi Ənvər Qarayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, bu cür sərginin hər il keçirilməsi qərara alınıb. Sərgidə rəssam Əzim Əzimzadənin «Molla Nəsrəddin» jurnalına çəkdiyi karikaturalar da göstəriləcək. Sərgi iki həftə davam edəcək.
Ənvər Qarayevin sözlərinə görə, gələn ilin aprelindən başlayaraq hər il Şəkidə beynəlxalq gülüş günü ilə bağlı yerli və əcnəbi rəssamların yumoristik rəsm əsərləri arasında müsabiqə keçiriləcək. Aprel ayında Şəkiyə ilk gələn bu şəhərlə qardaşlaşmış Bolqarıstanın Qabrovo şəhərinin rəssamları olacaq. Müsabiqədə Türkiyə və Gürcüstan rəssamları da iştirak edəcək.