-
Facebook-un yaradıcısı Mark Zuckerberg daha bir yenilik edib.
O, özünün Facebook səhifəsində elan edib ki, şəxsən özü üçün 2015-ci il üçün hədəf müəyyən edib - bu il hər ay iki kitab oxumaq! Məqsəd müxtəlif mədəniyyətlər, inanclar, eləcə də tarix və texnologiya haqda daha çox şey öyrənməkdir.
Əgər kimsə Zuckerberg-ə qoşulmaq istəyirsə, onun yaratdığı "Kitab ili" səhifəsinə keçə bilər.
Səhifəni artıq 125 mindən çox adam bəyənib.
2015-ci il üçün kitabları siyahısında ilk yerdə çağdaş dünyanın ən tanınmış mütəfəkkirlərindən biri, venesuelalı iqtisadçı, köşə yazarı Moisés Naím-in kitabı yer alır: "The End of Power" (Hakimiyyətin sonu)
"Foreign Policy" jurnalının keçmiş redaktoru olan Naimin kitabı müasir dünyadakı köklü hakimiyyət dəyişiklikləri haqdadır.
Hakimiyyət Qərbdən Şərqə, Şimaldan Cənuba, prezident saraylarından şəhər meydanlarına, nəhəng korporasiyalıardan yeni yaradılan firmalara, kişidən qadına keçir.
Bu hakimiyyət dəyişikliyi həm də hakimiyyətin içindən çürüməsi ilə müşayiət edilir.
Kitabda deyilir ki, bu gün hakimiyyət başında olanların həmin hakimiyyəti itirmək risqi əvvəllər olduğundan daha çoxdur.
Naím öz araşdırmasında yazır ki, mikrogüclərin anti-istəblişmənt hərəkatı tiranları, böyük şirkətləri, monopoliyaları taxtdan salmaqla insanlar üçün inanılmaz yeni imkanlar açır, amma həm də xaosa yol aça bilir.
İlk kitab elan ediləndən dərhal sonra, Associated Press-in məlumatına görə, artıq bazar günü Amazon.com-un anbarlarında qurtarmışdı.
Bir müddət əvvəl Zuckerberg Facebook istifadəçilərinə müraciət edərək ona 2015-ci il üçün şəxsi hədəflərini müəyyən etməkdə köməklik göstərmələrini xahiş etmişdi.
50 min nəfərdən aldığı təklif və tövsiyələr əsasında o, ötən həftə belə bir səhifə yaradıb.
Dünyanın ən zəngin insanlarından olan Zuckerberg (var-datı 18 milyard dollardır) daim özünü inkişaf etdirir. O, Çin dilini də öyrənir.