Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:06

Terrora görə bütün müsəlmanları suçlayan milyarderə cavab verdi


J.K. Rowling
J.K. Rowling

-

Britaniya yazıçısı, “Harry Potter” haqda kitabların müəllifi JK Rowling islamçı ekstremistlərin Parisdə “Charlie Hebdo” satirik dərgisində törətdiyi terror aktına görə müsəlmanların hamısını ittiham edən milyarderə sərt cavab verdi.

Dünyanın bir sıra aparıcı media orqanlarının, o cümlədən “Wall Street Journal”ın sahibi olan Rupert Murdoch ötən şənbə günü Twitter-də yazmışdı ki, “bəlkə də müsəlmanların çoxu sülhpərvərdir, amma şişi getdikcə böyüyən jihad xərçəngini etiraf edib məhv eləyənə qədər hamısı buna görə cavabdehlik daşımalıdırlar”.

O əlavə etmişdi ki, “cihad təhlükəsi dünyanı başına alıb. Filippindən Afrikaya, Avropadan Amerikaya qədər meydan sulayır.

Və siyasi cəhətdən korrekt olmaq bu problemin inkarı və riyakarlığa yol açır”.

Bu tvit-i minlərlə insan paylaşmışdı.

JK Rowling Twitter-də buna sərt reaksiya verib. Yazıb ki, onun xristian olması heç kəsə əsas vermir ki, onu orta əsrlərdə İnkvizisiya Məhkəməsinin törətdiyi dəhşətlərə, din, tanrı adıyla insanları öldürməsinə görə ittiham etsin.

Rupert Murdoch
Rupert Murdoch

Yazıçı qeyd edib ki, o da Rupert Murdoch kimi xristiandır. Amma bu o demək deyil ki, Murdoch -un əməllərinə görə məsuliyyət daşımalıdır.

Rowling sarkazmla yazıb ki, ispan inkvizisiyası, ümumilikdə xristian fundamentalistlərinin əməllərinə görə o da cavabdehlik daşıyır. Bir də Jim Bakker.

Jim Bakker ABŞ-da yevangelist xristianların məşhur televiziya proqramının aparıcısıdır. Yeni il müraciətində o, xristianları müsəlmanlara qarşı hücumlara çağırmışdı.

Rowling tvitlərində onu da qeyd edir ki, ümumilikdə terror aktlarında ölən müsəlmanların sayı qeyri-müsəlmanlardan 8 dəfə çoxdur. Yazıçı Parisdə supermarketə hücum zamanı yəhudi müştəriləri gizlədən müsəlman gənc Lassana Bathily haqda da xoş sözlər yazıb.

“Onun hərəkəti bizə insanlığın nə demək olduğunu xatırladır” – deyə Rowling qeyd edib.

"Guardian"a istinadla OxuZalı

XS
SM
MD
LG