Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:23

İlham Əliyevin Almaniyaya səfəri


Angela Merkellə İlham Əliyevin 2010-cu ildə Berlindəki görüşü
Angela Merkellə İlham Əliyevin 2010-cu ildə Berlindəki görüşü

Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfərdədir.

İLHAM ƏLİYEVƏ MERKELLƏ GÖRÜŞDƏN SONRA ETİRAZ

...

ƏLİYEV MERKELƏ - AZERBAYCANDA MEDİA AZADLİĞI TƏMİN EDİLİR

Azərbaycan prezidenti İlham Əliyev insan haqları ilə bağlı tənqidləri rədd edib, ölkədə mətbuat azadlığı və digər insan haqlarına təminat verildiyini bildirib.

O bunu yanvarın 21-də Berlində Almaniyanın kansleri Angela Merkellə görüşdən sonra deyib.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın mətbuat azadlığı ilə bağlı beynəlxalq təşkilatların reytinqində aşağı olması ilə bağlı problemi yoxdur.

O həmçinin qeyd edib ki, ölkədə keçirilən son prezident seçkiləri göstərdi ki, insanlar onun tərəfidədir, ölkə əhalisinin 90 faizdən çoxu onu dəstəkləyir.

Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən parlament və prezident seçkilərini azad və ədalətli saymır.

Human Rights Watch təşkilatı da daxil olmaqla hüquq-müdafiə təşkilatları Merkeli İlham Əliyevlə görüşdə Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri və müxalifət fəallarının həbsi ilə bağlı məsələ qaldırmağa çağırmışdılar.

ALİYEV VƏ STEİNMEİER

Etiraz

Berlində İlham Əliyevə etiraz: Siyasi məhbusları azad et!

Yanvarın 20-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier arasında görüş olub.

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

ƏLİYEV MÜNXEN BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK KONFRANSINDA

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrick Ischingerlə görüşüb.

AzərTacın məlumatına görə, görüşdə Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının regional təhlükəsizlik və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr və digər digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SƏFƏRDƏN ƏVVƏL İNSAN HAQLARIYLA BAĞLI ÇAĞIRIŞLAR

Müxtəlif ölkələri təmsil edən insan haqları təşkilatlarının “Hüquqlar üçün İdman” adlı birgə kampaniyası Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazırlaşan Almaniya kansleri Angelə Merkelə məktubla müraciət edib.

Almaniya və Azərbaycan liderlərinin görüşü bu gün Berlində keçirilir.

Məktub müəllifləri xanım Merkeli “insan haqlarını çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə görüşün əsas mövzularından biri etməyə” çağırırlar.

“Son illərdə Azərbaycanda siyasi fəaliyyət, vətəndaş cəmiyyəti və jurnalistika üçün məkan tədricən məhdudlaşdırılıb və xüsusən son altı ayda biz sərt və misli görünməmiş repressiyanın, onlarla vətəndaş cəmiyyəti fəalı və jurnalistin cəza çəkməsinin və ya barələrində hökm çıxarılmasını gözləməsinin şahidi olmuşuq. Ölkənin ən tanınmış araşdırmaçı jurnalisti və bir çox aparıcı hüquq müdafiəçiləri hökumət siyasətini tənqid etdikləri üçün cəzalandırılaraq həbs olunublar. Fundamental hüquq və azadlıqları kriminallaşdırımasını əsaslandırmaq üçün “vergidən yayınma” kimi saxta ittihamlardan istifadə olunur” – deyilir müraciətdə.

Bakıdan təcili siyasət dəyişikliyi tələbi

“Hüquqlar üçün İdman” koalisiyasının insan haqları məsələsini Azərbaycanda keçiriləcək qarşıdan gələn beynəlxalq idman tədbirlərinin kontekstində qaldırmaq üçün yaradıldığı bildirilir.

Almaniya kanslerinə ünvanlanmış məktubda deyilir ki, “növbəti böyük idman hadisəsi - Avropa Olimpiya Komitələri tərəfindən hazırlanmış və tənzimlənən Bakı Olimpiya Oyunlarının uğurlu olması üçün Azərbaycan tərəfindən açıq cəmiyyət istiqamətində siyasət dəyişikliyi təcili surətdə tələb olunur”.

Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi, Polşanın Helsinki Fondu, Britaniyanın “Censorship İndex” təşkilatının, Norveçin Helsinki Komitəsi kimi təşkilatların, habelə “ailə üzvlərinin təhlükəsizliyi barədə narahatlıqları səbəbindən anonim qalmaq istəyən bir qrup vətəndaş cəmiyyəti fəalı” tərəfindən imzalanmış müraciətdə prezident Əliyevdən Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə hörmət göstərməsinin tələb olunmassı rica edilir.

Əvvəl İnsan, sonra İdman

Məktubda Angela Merkelə xatırladılır: “prezident Əliyev simvolik azad olunmalara işarə edə bilər – lakin zəhmət olmasa, unutmayın ki, bunlar nadir hallarda baş verməklə yanaşı, günahsız insanların ifadə və birləşmə azadlıqları kimi əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə öz həyatlarının aylarını və illərini itirmələrindən sonra baş verir”.

Müraciətdə Azərbaycanda hazırda həbsdə olan və ya məhkəmələrini gözləyən siyasi fəalların, jurnalistlərin və insan haqları müdafiəçilərinin konkret siyahısı verilib.

“Sizdən Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərini birmənalı şəkildə xatırlatmağınızı xahiş edirik. Azərbaycanın tərəfdaşları təkid etməlidirlər ki, Bakının Avropa Oyunlarına ev sahibliyi etməsindən əvvəl ölkənin insan hüquqları sahəsindəki bu dəhşətli ləkə silinsin” – deyilir məktubda.

HRW: "Almaniya insan haqlarına görə Əliyevə təzyiq göstərməlidir"

"Almaniyanın kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevi çağırmalıdır ki, aparıcı insan haqları müdafiəçiləri, jurnalistləri, hökumətin digər tənqidçilərini azadlığa buraxsın," bunu Human Rights Watch (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı yanvarın 20-də yaydığı bəyanatında deyir.

FÜRSƏTİ QAÇIRMAQ OLMAZ

Angela Merkel yanvarın 21-də Berlində İlham Əliyevlə görüşüb ikitərəfli münasibətləri, enerji siyasətini və digər məsələləri müzakirə edəcək.

HRW bildirir ki, təkcə 2014-cü ildə Azərbaycan hakimiyyəti 30-dan çox hökumət tənqidçisini həbsə atıb. Müstəqil təşkilatların işini məhdudlaşdıran qanunvericilik dəyişiklikləri qəbul olunub. Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyir:

"Kansler bu fürsəti qaçırmamalı, açıq və qapalı görüşlərdə Azərbaycan prezidentini insan haqlarına hücumu dayandırmağa çağırmalıdır. Fəallara qarşı bu ittihamlar siyasi motivlidir. Merkel onların azadlığının təminatına kömək edə bilər".

YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYƏTİ GƏLMƏSİN

Bəyanatda qeyd olunur ki, hökumət azı 34 insan haqları müdafiəçisi, siyasi və vətəndaş cəmiyyəti fəalı, jurnalist və bloqqerə qarşı saxta ittihamlar irəli sürüb. Bəziləri ölkədən qaçıb gizlənməyə məcbur olub. Saxta ittihamlara isə qanunsuz narkotik maddə və silah saxlama, vergidən yayınma, xuliqanlıq, təhrik etmə, hətta vətənə xəyanət daxildir.

Azı 50 qeyri-hökumət təşkilatının, bəzi hallarda həmin qurumlarının əməkdaşlarının bank hesabları dondurulub. Azı 3 insan haqları qrupu bağlanmağa məcbur olub, digərləri fəaliyyətini dondurub:

"Artan təzyiqlərlə eyni vaxtda Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu meqa idman tədbiri ölkənin beynəlxalq imicini gücləndirməyə xidmət edir. Avropa ölkələrinin iştirak etdiyi bu yarış ilk dəfə olaraq Bakıda, iyunun 12-dən 28-dək keçiriləcək. Merkel aydın şəkildə bildirməlidir ki, həbsdəki fəallar azad olunmayanadək Almaniya Avropa Oyunlarına yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcək," Human Rights Watch bildirir.

HRW-nın mövqeyinə görə, Angela Merkel özəlliklə hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, İntiqam Əliyev, Anar Məmmədli, jurnalist Xədicə İsmayıl, siyasi hərəkat lideri İlqar Məmmədovun dərhal azad edilməsini istəməlidir.

DAHA SIX MÜNASİBƏTLƏR NƏYƏ SÖYKƏNİR

Williamson deyir:

"Dünya liderləri ilə görüşmək və meqa idman tədbirləri keçirməklə Prezident Əliyev daha böyük legitimlik axtarışındadır. Merkel aydın şəkildə bildirməlidir ki, Avropa ilə daha sıx siyasi və iqtisadi təmaslar, ədalətsiz həbs olunmuş jurnalist və hüquq müdafiəçilərinin buraxılması və fundamental insan haqlarına hörmətə birbaşa bağlıdır".

Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi motivlərlə həbsə atılmadığını, ancaq törətdiyi cinayətə görə saxlandığını bəyan edir. Human Rights Watch, Freedom House, Amnesty İnternational kimi beynəlxalq hüquq-müdafiə təşkilatları isə Azərbaycana qarşı ikili standartlar, qərəzli münasibət sərgiləməkdə ittiham olunur.

XS
SM
MD
LG