Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:57

Həbib Müntəzir: "Anamın görmədiyim məzarını ziyarət etmək istəyirəm"


Həbib Müntəzir
Həbib Müntəzir

"Fəaliyyətimi dayandırmağımla bağlı hədələr olub, dəfələrlə baş vermiş bir şeydir. Bu cür təhdidləri ciddiyə almıram".

-

"- Doğrudanmı şəxsi həyatınız yoxdur?

- Bu fikirdə müəyyən mənada həqiqət payı var..."

Almaniyada yaşayan azərbaycanlı bloqçu Həbib Müntəzirlə müsahibə

- Həbib bəy, on ildən çoxdur Almaniyadasınız və mühacir həyatı yaşayırsınız. Birinci sualım - sizə çox çətindir bu həyatı yaşamaq? Darıxırsınız? Bakı, Azərbaycan barədə nə qədər düşünürsünüz? Haraları, kimləri, nələri xatırlayır və görmək istəyirsiniz?

- Artıq 13 ildir Almaniyada, Berlində yaşayıram. Bu qədər vaxt keçməsinə baxmayaraq hələ də Bakı ilə yatıb, ora ilə qalxıram. Bütün fəaliyyətim boyunca bunu hiss etmək, duymaq mümkündür. Bəzən hətta deyirlər, elə bil ki, sən xaricdə deyilsən, biz ordayıq. Burada, qulağımızın dibində olanlardan bizim xəbərimiz yoxdur, sən Berlindən xəbər verirsən, filan.

Artıq bir neçə ildən sonra çətinliklər də, darıxmaq da insana öyrəncəli gəlir, alışırsan. Doğulduğum, yaşadığım məhəlləm üçün, qohumlarım, dost-tanış üçün, əsasən də İçəri Şəhər və Filarmoniya bağı üçün darıxmışam. Bir də anamın görmədiyim məzarını ziyarət etmək istəyirəm.

- Azərbaycandillilər arasında ən məşhur bloqçu hesab etmək olar sizi. Sizə dindar da inanır, ateist də, millətçi də, kosmopolit də, homofob da, fərqli oriyentasiyalı da, mühafizəkar da, yenilikçi də, solçu da, sağçı da. Bu inamı necə qazanmısınız? Obyektivlik, ədalət hissi, təvazökarlıq, yoxsa hakimiyyətə qarşı qatı müxalif mövqedə dayanmaqla?

Həbib Müntəzir (Facebook)
Həbib Müntəzir (Facebook)

- Obyektivlik və ədalət naminə deyim ki, ən məşhur bloqçu deyil, ən məşhurlardan biriyəm. (Gülür). Məncə sabit mövqe və nə qədər qeyri-təvazökar səslənsə də, dürüstlük bunda öz rolunu oynayıb. Zənnimcə, müxalif düşüncə ilə əlaqəsi yoxdur. Çünki iqtidarı təmsil edən insanlar içində də məni izləyən, inanan insanlar var. Bunu dəfələrlə şəxsi yazışmalarda və görüşlərdə bildiriblər.

- Sosial şəbəkələrdə izləyiclərinizlə həddən artıq ünsiyyətə girir, hətta açıq-aşkar provokatorla belə mübahisəyə girirsiniz. Bu ehtiyacı özünüzdə niyə hiss edirsiniz? Özünüzü hər kəsə cavab verməyə borclu sayırsınız?

- Məqsədim özüm inandığım həqiqətləri insanlarımızla paylaşmaqdır. Təbii ki, bu məqamda həm də insanlarımızın müsbətə doğru dəyişə biləcəyinə inam da öz rolunu oynayır. Əks təqdirdə, yuxarıdakı sualda qeyd etdiyiniz fərqli düşüncəlilər inanmazdılar. Uğur qazanmaq üçün xalqla iç-içə olmaq çox əhəmiyyətlidir, önəmlidir. Xalqla olmayan, onun problemlərini dilə gətirə bilməz və dediyi, aşıladığı düşüncələr iflasa uğrayar.

- Almaniyada çevrəniz əsasən kimlərdir? Almanlar, mühacirlər, yoxsa şəxsi və dar çevrəniz? Özünüzü Almaniya həyatına inteqrasiya etmiş insan hesab edirsinizmi? Hesab etmirsinizsə, niyə on ildən çox bir müddətdə bunu bacarmamasınız?

- Özüm hər kəsə açıq və bu mövzuda komplekssiz olsam da, təəssüflə qeyd etməliyəm ki, dar çərçivədə bir mühitə sahibəm. Bunun səbəblərindən biri daha çox internetdə olmağım, öz şəxsi işimin də bu şəbəkə ilə bağlı olmasıdır, bir sözlə, asosial olmağımdır. Bir də təbii ki, alman cəmiyyətinin inteqrasiyaya bir az qapalı olmasından qaynaqlanır. Buna baxmayaraq, bu mövzuda yenə də əsasən özümü qınayıram. Ən qısa zamanda bu durumu dəyişməyə çalışıram.

- Belə bir fikir var ki, siz ümumiyyətlə virtual dünyada və bu dünya vasitəsilə Azərbaycanla yaşayırsınız. Doğrudanmı şəxsi həyatınız yoxdur?

- Bu fikirdə müəyyən mənada həqiqət payı var. Şəxsi həyatım isə mövcuddur, sadəcə mən onu istər real həyatda, istərsə də sosial şəbəkələrdə işıqlandırmağı, yaymağı sevmirəm.

- Şəxsi həyatdan ikinci sual. Həbib bəy, bu qədər xanım izləyiciniz, pərəstişkarlarınız var. Niyə flirt, sevgili, ya da rəsmi münasibətlər barədə düşünmürsünüz?

- Özüm müntəzir olduğum üçün, başqalarını intizarda saxlamağı sevmirəm: Kim deyir ki, düşünmürəm? Düşünməkdən də o yana keçirəm, əməldə də icra edirəm. Fəqət yuxarıda dediyim kimi mən şəxsi həyatımın “public” olmasını sevmirəm. Bu cür suallar verilirsə, deməli buna müəyyən qədər nail olmuşam (Gülür)

- Prezidentin son səfəri və həmin səfərdəki görüş əsnasında yenə olduqca casarətli və gözlənilməz addım atdınız. Bu məsələ ilə bağlı birinci sual? Prezidentə sual verməyinizə imkan yaradılsa idi, ona hansı sualı verəcəkdiniz?

- Artıq cənab İlham Əliyevlə ikinci dəfədir qarşı-qarşıya idim. İlk dəfə bir az uzaq, son dəfə isə 4-5 addımlıqda. Nəhayət ona hiss etdirə bilirik ki, o, əlçatmaz deyil və etirazları birbaşa öz gözü, qulaqları ilə hiss edir. O ki, qaldı son görüşə, iki sual hazırlamışdım. Biri alman dilində xanım Merkelə, digəri ana dilimdə İlham Əliyevə. Və düşünürdüm ki, hamı kimi mən də onlara öz suallarımı ünvanlaya biləcəyəm.

Almaniya - Merkel və Əliyev
Almaniya - Merkel və Əliyev

Amma təəssüf ki, orda suallar öncədən qeydiyyatla imiş. Suala gəldikdə isə hazırladığım sual bu idi: “Cənab İlham Əliyev, sualım sizədir. Azərbaycan AŞPA-ya sədrlik edə-edə 100-dən çox siyasi-ictimai, inanclı fəal saxta ittihamlarla həbsxanalara dolduruldu: Məsələn siyasi rəqibiniz İlqar Məmmədov, hüquqşünas İntiqam Əliyev, sizin və ailənizin biznesini araşdıran Xədicə İsmayıl, doktor Mövsüm Səmədov və b. Bu arada ailəniz haqqında hər hansı bir şəxs yazı yazıb, araşdırma aparıbsa ya öldürülüb, ya həbs olunub, ya da ölkədən didərgin düşüb. Mən Özüm 13 ildir vətənimə gedə bilmirəm. Bütün bunların fonunda özünüzü necə hiss edirsiniz?”

- İkinci sual: Belə şeylər edəndə düşünürsünüzmü ki, özünüzü təhlükəyə atırsınız?

- Bu qədər haqsızlıq, ədalətsizliyin olduğu bir zamanda bunu özümə vicdan borcu hiss edirəm. Təhlükəyə atıldığımın fərqindəyəm, amma Azərbaycanda, Bakıda olanlar daha da böyük təhlükədədirlər. Mən nəsə bir cəsarət nümayiş etdirdiyimi də düşünmürəm. Bakıda məndən də cəsarətli həmvətənlərim, dostlarım var ki, hazırda onların bir çoxu bu rejim tərəfindən şərlənərək həbsxanalara doldurulub. Mən doğru bildiyimi etmişəm və bundan peşman deyiləm. Xalqa yalan danışan, onun sərvətini talayanlar etdikləri əməllərdən peşman olmalıdırlar.

- Belə bir fikir var ki, ölkə xaricində olan həmvətənlərimiz nə qədər cəsarətli müxalifətçilik etsələr, ölkə daxilində olanlar üçün təhlükə o qədər azalar, çünki hakimiyyət təzyiqlərin, həbslərin effektsizliyini anlayar. Bu fikrə qatılırsınız?

- Tamamilə qatılıram. Şər bütün qüvvələrini necə səfərbər edib haqqa, xeyirə qarşı mübarizə aparırsa, haqq-ədalət uğrunda səmimi mübarizə aparan insanlar da, harda, necə nə vaxt olmaqlarından aslı olmayaraq, onlara qarşı səfərbər olmalıdır deyə düşünürəm. Nəticəsi də mütləq olacaq. Ən azından, azca da olsa, çəkinəcəklər ki, Avropaya, xaricə gələndə onları burda bir etiraz dalğası gözləyəcək. Bundan ehtiyat edib, etdikləri zülmün fərqinə varar, bu məsuliyyətin ağır olduğunu hiss edərlər.

- Hakimiyyət və ya hansısa qüvvələr tərəfindən sizə işbirliyi təklifi, susmağınız, fəaliyyətinizi dayandırmağınız üçün hansısa imkanlar vəd edilirmi? Əks təqdirdə təqiblər, təzyiq, hədələr olunurmu?

- İndiyə qədər işbirliyi təklifi almamışam, bundan sonra da alacağımı düşünmürəm. Onlar bilirlər kimlərə, nə təklif edirlər. Fəaliyyətimi dayandırmağımla bağlı hədələr olub, dəfələrlə baş vermiş bir şeydir. Bu cür təhdidləri ciddiyə almıram. Hər bir situasiyanı gözə alıb, bu yola baş qoymuşam. Onlar pisliklərindən qalmadıqca, biz nə üçün yaxşılıqlarımızdan qalmalıyıq axı?

- Bildiyim qədərilə hakimiyyətin yüksək pillələrində təmsil olunan insanlar və onların övladları Sizə şəxsən zəng edir, əlaqə yaradır və danışıqlara getməyə çalışırlar? Belə şeylər olub?

- Bir neçə dəfə belə cəhdlər olub. Araşdırıb yazdığım yazılar, sosial şəbəkələrdəki statuslar-filan onları buna vadar edib. Amma mən doğru bildiyimdən dönən biri olmadığım üçün, cəhd etdikləri boşa çıxıb. Mən istərdim ki, bu sistem və ona xidmət edənlər özləri bu cür səhvlər buraxmasınlar və Həbib Müntəzir də mız qoyacaq nəsə tapa bilməsin.

Günel M.

XS
SM
MD
LG