Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:45

Rusiyada «Leviathan»-a qarşı kampaniya


Leviathan filmindən görüntü
Leviathan filmindən görüntü

.

27 yanvar media icmalı

Masha Lipman New Yorker-də bir neçə mükafat udmuş «Leviathan» filminə qarşı Rusiyada gedən kampaniyadan yazır.

«Rusiya hökumətinin beynəlxalq miqyasda pisləndiyi, ölkənin Qərb sanksiyaları altında əzildiyi bir vaxtda filmin uğuru milli qürur və təntənə sayılmalıydı. Ancaq Rusiya televiziyaları «Leviathan»-ın Golden Globe alması xəbərini demək olar ki, verməyiblər. Filmin pirat nüsxələri yayılandan sonra isə rejissoru Zvyagintsev-i rəsmilər, ruhanilər, mühafizəkar xristian qruplar, aktyorlar tənqid etməyə başlayıblar,» yazıda qeyd olunur.

Müəllifin fikrincə, bu kampaniya Rusiyada anti-Qərb konservatizminin artdığını göstərir. Bu, eləcə də Putinin kəskin anti-Qərb ritorikası nəticəsində ölkədə dözümsüzlük və ksenofobiya mühitinin əlamətidir.

Yazıda filmə qarşı kampaniya Sovet, Stalin dövrü ilə müqayisə olunur. Belə ki, Boris Pasternak-ın «Doktor Jivaqo» əsəri xaricdə yayılandan sonra ölkədə təqibə məruz qaldı. 1958-ci ildə ona Nobel mükafatı veriləndə məcbur oldu ki, imtina etsin.

Rusiyada güclü neo-Sovet əhvalına baxmayaraq, hazırkı rəhbərlik vətəndaşlarını dəmir pərdə arxasında saxlamır. Üstəlik filmin pirat nüsxələri yayılmaqda, uğuru ölkə daxilində də qeyd olunmaqdadır

«Zvyagintsev-in Oskar mükafatı almasına isə belə məhdudiyyətlər olmayacaq. Rusiyada güclü neo-Sovet əhvalına baxmayaraq, hazırkı rəhbərlik vətəndaşlarını dəmir pərdə arxasında saxlamır. Üstəlik filmin pirat nüsxələri yayılmaqda, uğuru ölkə daxilində də qeyd olunmaqdadır... Putinin sözçüsü də deyib ki, «Leviathan»-ın anti-rus saymır və Oscar almasına azarkeşlik edəcək. Bu dəstək mesajı filmin Rusiyada qrafikə uyğun buraxılacağının əlaməti sayıla bilər. Ancaq ölkədə anti-Qərb və anti-liberal mühiti dəyişməyəcək. Ola bilsin Zvyagintsev-ə qarşı çirkin kampaniyanın arxasında Kreml durmur, ancaq ona mümkün hücumlara görə tam məsuliyyət daşıyır,» müəllif yazır.

FACEBOOK TÜRKİYƏDƏ SƏHİFƏLƏRİ BAĞLAYIR

Facebook sosial şəbəkəsi Türkiyədə Məhəmməd Peyğəmbəri təhqir etdiyi bildirilən səhifələri bağlayıb. Neçə səhifənin bağlandığı hələlik bəlli deyil. Bazar günü Türkiyə məhkəməsi həmin səhifələrin bloklanması barədə qərar çıxarmışdı. Sosial şəbəkə bu addımı ona görə atıb ki, Türkiyədə facebook bütünlükdə bağlana bilərdi.

Mashable xəbər verir ki, Facebook məhkəmədən bildirişi alandan 24 saat ərzində buna əməl edib.

Arxiv fotosu
Arxiv fotosu

Yanvarda Türkiyə rəsmiləri Twitter sosial şəbəkəsindən tələb ediblər ki, hərbi reydlə bağlı sızdırılmış sənədləri yığışdırsın. Twitter ancaq bir neçə tviti silib. Ötən il isə Türkiyə Twitter və YouTube şəbəkələrini bağlayıb. Twitter iki həftə, YouTube 67 gün bağlı qalıb.

Facebook isə xarici ölkələrdə qanunlara tabe olduğunu bildirir və Türkiyə də bundan tam yararlanır. Nəticədə Türkiyə Facebook-un materiallarını yığışdırdığı ölkələr siyahısında ikinci yerdə qərarlaşıb.

«Examiner»​ yazır: «Maraqlıdır ki, Facebook son insidentə medianın təpkisinə necə cavab verəcək. Axı bu sosial şəbəkə bir neçə həftə öncə bəyanat yayaraq bildirmişdi ki, facebook insanların azad danışacağı məkan kimi qalacaq. İddia edirlər ki, bir qrupun diktəsi ilə oturub durmayacaqlar, ancaq Facebook Türkiyə deyən kimi buna cəld əməl edir»

UKRAYNADA MÜHARİBƏDƏN ÇIXIŞ YOXDUR

The Economist yazır ki, bir məqamda Donbasda atışma müharibəyə çevrildi və indi geriyə dönüş yoxdur. Separatçılar hücuma keçdikcə, Ukraynanın şərqi daha da qaranlığa qərq olur.

Ukrayna tankları
Ukrayna tankları

«Qərbdə çoxları ümid edirdi ki, sanksiyalar, neftin qiymətinin düşməyi, beynəlxalq təcrid Putini kompromisə sürükləyəcək. Ancaq Ukraynada zorakılığın artması Putin üçün «şantaj deməkdi», bunu Brookings institutundan Lilia Shevtsova deyir. «Hərəkətsizlik təslimə bərabərdir, ancaq hərəkət də çox az adamın istədiyi döyüşə bərabər olacaq. Etibarını qorumaq üçün Qərb dünən hazır olmadığı addımları atmağa məcbur olacaq,» Shevtsova deyir.

«Ukraynada Minsk sülh sazişi xülya kimi görünür. Daha sual o deyil ki, müharibə davam edəcək ya yox. Sual odur ki, müharibə nə qədər çəkəcək,» yazıda oxuyuruq.

«Yaşamaq savaşmaqdır,» Ukraynada Azov batalyonunun komandiri Andriy Biletsky deyir. Donetskdə yaraqlılardan biri isə təxmin edir ki, müharibə 2018-ci ilədək uzana bilər. Silahdaşları da başları ilə təsdiqləyirlər. Buna hazırdılarmı? Başçıları Dushman cavab verir: «Başqa seçimimiz yoxdur. Bundan çıxış yoxdur».

XS
SM
MD
LG