-
Könül Həsənqulu
YENİ ŞEİRLƏR
“QUM KİMİ” YORĞUN
O kürdün mahnılarından sonra
Bircə çırtmayla öldürmək asandır məni
Yaxın gəl...
Qapıları bərk-bərk kilidlədim, çəkdim pərdələri!
“Dava-dava” oynamaqdansa
Mən təslim oluram
Qaytar indi
Cibindəki buğdaları geri – ovuclarıma
Cücərəmmədi səndə o buğdaların heç biri
Qaytar!
Sonra bir çırtma vur udlağıma...
Bu dəfə dəqiq öləcəyəm... Vur! Qorxma.
QARANLIQ
Gecənin
Silahları susdurub köndələn yıxan saatlarıdı
Bax...
Ovuclarıma sıxmışam
Başımın üstündə qaynaşan qara qarğaların
Kin vurnuxan qanadlarını
Və susdurmuşam
Susdurmuşam içimdə
Züleyxanın qara zindan misalı Yusifə zülm edən məkrini
Ağrılarını
Gecənin
Kor qaranlığıdı
Gəl...
Ayı
Dağların ətəyinə
Günəşi
Bir körpənin əllərinə tapşırmışam
Tutsunlar
Saxlasınlar sabahacan
KİÇİK FORMATDA KÜÇƏ
Küçədə əl izləri var
Çəkilib üzüaşağı
Həzin bir sığal
Damlarda göz yaşları
Ordasa yaydı
Ovcunda tutub bir kişi üst-üstə iki çörək
Sol qolunda saatı
Əlində
Qara eynək
Çörəyin üstündəsə
Qat-qat öpüş izləri – anamın dodaqları
Bu –
Sənin fotoşəklindir
Ata!
SƏNDƏN SONRA
Axtarırdım sənə qovuşmağın yollarını –
Öncə düşüb həyətə
Ovuclarımla su səpdim əkdiyin güllərin dibinə
Bəlkə orda susuzsan deyə...
Sonra geri çəkdim divar saatımızı
Anamın qoparıb atdığı təqvim ləçəklərini də
Gətirib yapışdırdım yerinə
Bəlkə bu arıq əllərimlə
Geriyə çəkə bilərəm deyə zamanın çarxını
Olmadı...
Səndən sonra o şəkillərin də
Heç birindən mənə ata olmadı
Heç biri çərçivələri sındırıb çıxmadı...