Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20

Günel Mövlud. Bir manatlıq vətənpərvərlik...


Günel Mövlud
Günel Mövlud

-

Toylarda ayaqlar altına səpilən şabaşa, müğənnilərin, rəqqəsalərin məmələri arasına basılan pullara və o pulları havaya səpələyən, saxladığı müğənnilərin ayaqlarına səpən məmurlara niyə dinmirsiniz?

O pullar dövlət atributu deyil?

Günel Mövlud

BİR MANATLIQ VƏTƏNPƏRVƏRLİK...

Neçə gündür, bütün ölkə iki bacının bir manatı cırmağını müzakirə edir.

Ziyalı, savadsız, qadın, uşaq, müəllim, fəhlə, bir sözlə hamı bu barədə danışır. Bir manatı az qala müqəddəs elan edib, ekiz bacılara az qala ifritə adı qoydular.

Bu qızlara qarşı qəzəb elə mənasız, saxta və pafoslu idi ki, bizimkilər xristian, dövr inkvizisiya dövrü olsaydı, qızları tonqalda diri-diri yandırardılar. Sırf yalançı dövlət, millət, vətənpərvərlik hisslərini gözə soxsunlar deyə...

Əvvəla, hətta görmə qabiliyyəti zəif adamlar belə görə bilərdi ki, bu, aşkar reytinq tələsidir, ucuz reklam oyunudur. Bizim toplum yüngülbeyinlər, küyə gedənlər sarıdan bol olduğu üçün olduqca ucuz və bayağı reklam nömrəsi uğurla baş tutdu.

Bir manat cırıb, milyonluq reklamı havayı qazandılar. Şəxsən mən o bir manat söhbətinə qədər bu iki qız barədə heç nə bilmirdim. Heç indi də çox şey bilmirəm, bildiyim elə o bir manat söhbətidir.

İkincisi, pul dövlət atributu, onu cırmaq günah, yekəxanalıq, tərbiyəsizlikdirsə, toylarda ayaqlar altına səpilən şabaşa, müğənnilərin, rəqqəsalərin məmələri arasına basılan pullara və o pulları havaya səpələyən, saxladığı müğənnilərin ayaqlarına səpən məmurlara niyə dinmirsiniz? O pullar dövlət atributu deyil?

(Ardı aşağıda)

Ümumiyyətlə, hansı pulun dövlət atributu olmasını, hansı pulun dövlət atributu olmamasını kim və necə müəyyən edir?

Bir toplum nə qədər boş-bekar olmalıdır ki, bir manatın cırılmağını müzakirə etsin? Nə qədər saxta olmalısan ki, cırılan bir manatı günlərlə müzakirə edib, məmurların, məmur balalarının oğurladığı, səpələdiyi pullara göz yumasan? Nə qədər hiyləgər olmalısan ki, bir manatın müdafiəsinə qalxmaqla vətənpərvər görünmək istəyəsən, vətəndaş kimi etiraz, söz demək, müzakirə etmək haqqını bir manatla təmin eləyəsən?

Vətənpərvərlikdən söhbət düşmüşkən. Hərdən mən də bu barədə düşünürəm. Düşünürəm ki, bəlkə doğrudan da mən yaxşı vətəndaş deyiləm? Bəlkə mən vətənpərvər ruhda ola bilmirəmsə, həmvətənlərimi hər şeydə, hər situasiyada dəstəkləmək ehtiyacı duymuramsa, bayrağa, atributa deyil, insana dəyər verirəmsə, bəlkə mən doğrudan da yaxşı insan, yaxşı vətəndaş deyiləm? Mən bu barədə çox düşünürəm.

Amma sağ olsunlar, «vətənpərvərlik», «vətən təəssübü», bayraq, millət söhbəti edənlərin az qala hamısı mənə haqlı olduğumu sübut etməklə məşğuldurlar.

Hamınızın tanıdığı bir jurnalist var. Qarabağ qazisidir. Baş redaktordur. Saytının adının birinci yarısı Vətən-lə başlayırdı. Amma «Qarabağ», «Vətən» söhbətlərini sağmal inək kimi sağırdı. Gün gəldi, yuxarıdan bircə sifarişlə bir vətən qızının, bir azərbaycanlı xanımın yataq videosunu özünün Vətən adı ilə başlayan saytında yaydı. Bir qram da utanıb, çəkinmədən.

Təxminən bir il əvvəl Gürcüstanda bir özəl klinika açıldı. Sahibi azərbaycanlıdır. Eşitdiyimə görə otuz milyon sərmayə qoyub klinikaya. Klinikanın girişinə Azərbaycan bayrağını sancmışdı. Hər səhər işə gələndə, bayrağı öpüb, sonra kabinetinə keçirmiş.

Yarım il sonra məlum oldu ki, klinikasında işləyən neçə azərbaycanlı qadının aylardır ki, maaşını vermir. Qadınlardan biri deyir ki, dəfələrlə qışın soyuğunda əllərimi ovuşdura-ovuşdura klinikaya, halal maaşımı istəməyə getmişəm. Klinika sahibi heç üzümə də baxmayıb. Mənim də, pulunu istəməyə gələn başqa qadınların da. Hamısı da azərbaycanlıdır.

Məbləğ də nə olsa yaxşıdır. 300 lari. Yani təxminən 140 manat. Bir insan nə qədər kasıb olmalıdır ki, ayı 140 manata işləməyə razı olsun. Bir insan nə qədər vicdan, halallıq hissini itirməlidir ki, 140 manata işləməyə razı olanın maaşını verməsin?!

Deməli, məsələ bayrağı öpməkdə, dövlət atributunu əzizləməkdə deyil. İnsana qiymət vermək lazımdır. Bir manatlıq vətənpərvərlik olmur. İş 140 manata gələndə bu pula görə öz soydaşının haqqını tapdayan, haqqını yeyən adamlar var ki, Azərbaycan bayrağını iş otağının qapısına taxır. Bayrağı öpüb, əzizləyir. Amma soydaşının halal qazancını kəsir.

Bu məsələ barədə bir dəfə yazmışdım. Etirazçı, millətçi xanımlardan biri yazdı ki, tutaq ki, lap verməyib, sənə nə?

Daha heç nə...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG