Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:12

Hikmət Hacızadə: «ABŞ istəmir ki, Azərbaycan Rusiya tərəfə keçsin»


Hikmət Hacızadə
Hikmət Hacızadə

-​

30 yanvar- yerli mətbuatın icmalı


“Yeni Müsavat” yenidən ABŞ-Azərbaycan münasibətlərindən yazır: “Amerikadakı bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana qarşı sanksiya çağırışlarının ardınca Amerikanın nüfuzlu qəzetlərinin faktiki olaraq Azərbaycanın piar kampaniyasını aparması bir az da gözlənilməz oldu. Eyni zamanda ABŞ-ın bir neçə qəzeti Azərbaycanın təbliğinə yönələn, bəzən hətta Azərbaycanın rəsmi qəzetlərindəki tezislərə bənzər təbliğat yazıları ilə çıxış edib. Düzdür, burada Azərbaycan lobbisinin, Bakıdan gedən deputatların da rolunun olduğu haqda fikirlər var. Amma prosesin arxasında başqa mətləblərin dayandığı da iddialar arasındadır.

Rasim Musabəyov
Rasim Musabəyov

Politoloq Rasim Musabəyov deyir ki, əslində burda təəccüblü bir şey yoxdur: “Azərbaycan heç kimdən ona ağıl öyrətməyi xahiş etmir. Biz Amerika ilə tərəfdaşlığı pozmamışıq. Əfqanıstana tranzit qalır, böyük enerji layihələrində əməkdaşlıq qalır. Lakin bəzi məsələlər var ki, indiki Amerika administrasiyası onların həllindən yayınır və bizə mühazirə oxuyur. Təbii ki, cavab kifayət qədər sərt olacaq”.

Politoloq Hikmət Hacızadə də ortada barışıq məsələsinin olduğunu istisna etmir: “Hazırda Amerikanın başı başqa yerə qarışıb, ayrı cəbhədə vuruşmaq həvəsi yoxdur, ona görə də bu yolla Azərbaycanın ”saqqızını oğurlamaq", könlünü almaq istəyiblər. Hətta öz ictimaiyyətinə başa salmaq istəyirlər ki, bizim Azərbaycandakı çoxsaylı pozuntulara qarşı heç nə etməməyimizin konkret səbəbləri var. Çünki Azərbaycanın bizimçün əhəmiyyəti nəzərə alırıq, onlar bizimçün vacibdir deyə, düşmənçilik etmirik. ABŞ-da insan haqlarını yüksək tutan, buna önəm verən böyük kəsim var. Bu mesajlar əsasən onlara yönəlib. Amerika prezidentinin yumşaq siyasətinin səbəblərini bu yolla onlara başa salmağa çalışırlar".

H.Hacızadə deyir ki, Azərbaycan Əfqanıstan, İran məsələləri ilə bağlı aparılan siyasət üçün ABŞ-a lazımdır: “Amerikanın Əfqanıstana yolu burdan keçir, ordu, mütəxəssislər bu yolla təchiz olunur. Azərbaycanın aeroportlarından istifadə edilir. Üstəlik, yəqin istəmirlər ki, Azərbaycan Rusiya tərəfə keçsin. Barışığın arxasında həm də bu amil dayana bilər. Amma məncə, əsasən Azərbaycanın aeroportları Amerika üçün əhəmiyyət kəsb edir. Dəfələrlə bu barədə deyilib. Amerika da bəyan edib ki, bizim üç istiqamətdə əməkdaşlığımız var: hərbi-strateji, iqtisadi və demokratiya, insan haqları. Sonuncu ilə bağlı əməkdaşlıq alınmır, amma hərbi-strateji əməkdaşlıq və iqtisadi əməkdaşlıq alınır. Amerika qəzetləri də ictimaiyyətə bunu başa salmaq istəyir”.

“Azərbaycan” qəzeti ”Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun müsahibəsini dərc edib.

Azərbaycan Türkiyə prezidentləri görüş zamanı
Azərbaycan Türkiyə prezidentləri görüş zamanı

Səfir deyib ki, müdafiə sahəsində imkanları artırmağa ehtiyac var. “Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Buna görə də hərbi gücünü, müdafiə qabiliyyətini, manevr imkanlarını artırmaq Azərbaycanın haqlı hədəfidir. Azərbaycanda bu istiqamətdə çox önəmli işlər görülür. Türkiyə hər sahədə olduğu kimi, müdafiə sahəsində də hər zaman Azərbaycan ilə sıx əməkdaşlıq edib. Azərbaycanın müəyyən etdiyi hədəflərə Türkiyə olaraq töhfə verməyə hazır olduğumuzu daim söyləmişik və bunun üçün çalışmışıq. Bu iş hazırda da davam etməkdədir.

Türkiyədə müdafiə sənayesi çox sürətlə inkişaf edir. Müdafiə sənayesinin və iqtisadiyyatın inkişafı bir-biri ilə bağlı, bir-birindən asılı prosesdir. Qarşıda öz tanklarımızı, döyüş təyyarələrimizi istehsal etmək hədəfləri dayanırdı. Artıq öz helikopterlərimizi istehsal edirik.

Azərbaycan ilə Türkiyədə toplanan bu ehtiyatlardan, ortaq istehsaldan necə istifadə edə bilərik? Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək, Türkiyənin bu baxımdan verə biləcəyi, eləcə də Türkiyənin Azərbaycandan yararlanmaq imkanları, - burada böyük işlər görülür, müdafiə sənayesi inkişaf edir, Azərbaycan bu baxımdan xeyli işlər görür, - qısası, biz Azərbaycan ilə bu sahələrdə birgə iş görmək üzərində çalışırıq. Prezidentlərin mətbuata bəyanatlarında da toxunulan önəmli məsələlərdən biri də bu oldu...
2014-cü ildə Türkiyənin “F-16” təyyarələri Azərbaycana gəldi və burada birgə təlimlər keçirildi. Bu təlimlərin keçirilməsi davam etdiriləcək. Bu, həm şəxsi heyətin bir-birini tanıması, həm Silahlı Qüvvələrimizin birlikdə hərəkət etmək bacarığının inkişaf etdirilməsi, həm də Azərbaycanın qarşıya məqsəd qoyduğu NATO standartlarına çatmasına Türkiyənin töhfə verməsi baxımından çox faydalıdır. Bütün bunlar Azərbaycanın və Türkiyənin müdafiə qabiliyyətini, manevr imkanlarını artıran və beləliklə, bölgədə sabitliyə töhfə verən məsələlərdir”.

XS
SM
MD
LG