Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 04:53

Parlamentdə sanksiyalar, Tarif Şurası və alimentlərdən danışıldı


Milli Məclis
Milli Məclis

-

Azərbaycan Milli Məclisinin 2015-ci ilin yaz sessiyasında ilk plenar keçirilir.

Yazı yenilənir. Ən son xəbər yazının əvvəlindədir.

SANKSİYALAR YOX, DİALOQ

«Biz sadəcə sanksiyalar əvəzinə, dialoqun tərəfdarıyıq». Bunu Milli Məclisin spikeri Oqtay Əsədov fevralın 2-də parlamentin yaz sessiyasının ilk iclasında deyib. Spiker Azərbaycanın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinə səs verməsi ilə bağlı fikirlərə aydınlıq gətirib.

apa-nın məlumatına görə, spiker deyib ki, rəsmi Bakı bütün hallarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək:

«Ancaq biz sanksiyalara qoşulmuruq, bunun əleyhinəyik. Guya deyirlər ki, Azərbaycan işğalçıya dəstək verir, işğalçıya haqq qazandır və sair. Xeyr. Bu, qətiyyən belə deyil. Biz, sadəcə, sanksiyalar əvəzinə, dialoqun tərəfdarıyıq. Necə ki, elə həmin Avropa Dağlıq Qarabağ məsələsində ermənilərə sanksiya tətbiq etmək əvəzinə, bizə ancaq dialoq təklif edir. Biz də onlara elə onların öz variantlarını hər yerdə eyni tətbiq etməyi təklif edirik. Bu o demək deyil ki, Ukrayna ilə bağlı nəsə mənfi mövqedəyik. Biz bütün mənalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik».

Zahid Oruc
Zahid Oruc

TARİF ŞURASININ ƏSASSIZ ADDIMI

Milli Məclisin yaz sessiyasında hökumətin, Ombudsmanın, Hesablama Palatasının hesabatları dinləniləcək, büdcə məsələsinə yenidən baxılacaq.

Deputat Zahid Oruc qış tətilində ölkə başçısının Tarif Şurasının qərarını ləğv etməsinə toxunub. Deputat bildirib ki, əslində, Tarif Şurasının statusu qanunla müəyyənləşməlidir. O, Şurada QHT, parlament nümayəndələri və Mətbuat Şurasından bir nəfərin olmasını zəruri sayıb. Z.Oruc yanacaq məsələsində qurumun əsassız addım atdığını və nəticənin də belə olduğunu qeyd edib.

ÖDƏNMƏYƏN ALİMENTLƏR

Deputat Qənirə Paşayeva aliment verməkdən imtina ilə bağlı problemdən danışıb. Deyib ki, qanunvericiliyə edilən dəyişiklik də bu problemi aradan qaldırmayıb.

Qənirə Paşayeva
Qənirə Paşayeva

Parlament üzvü xatırladıb ki, icrasını gözləyən 140 min işin 1/3-i alimentlə bağlıdır. Q.Paşayeva aliment fondunun yaradılması barədə təşəbbüs qaldırıb. Təklifə görə, dövlət alimenti verir, sonra atadan alır, yaxud işsiz valideynləri işə düzəldir.

Spiker Oqtay Əsədov isə hesab edir ki, indiki vaxtda fond yaradıb hər şeyi dövlətin üstünə atmaq əlavə problem yaradar. O, ayrı variantlar üzərində işləmək lazım olduğunu vurğulayıb.

İQBAL AĞAZADƏDƏN AMNİSTİYA ÇAĞIRIŞI

«Yeni Müsavat» qəzetinin yazdığına görə, deputat İqbal Ağazadə fevralın 2-nin Gənclər Günü olmasını xatırladaraq ölkədə amnistiya elan edilməsinin vacibliyini vurğulayıb:

İqbal Ağazadə
İqbal Ağazadə

«Bir qrup gənclərimiz də var ki, uzun müddətdir həbsxanadadır. Qarşıdan Yay Avropa Oyunları gəlir. Azərbaycan gərək bu proseslərdə elə mövqe sərgiləsin ki, heç yerdən bu proseslərə mane olan heç bir addım atılmasın. Siyasi partiyalarla hakimiyyət arasında dialoq da davam etdirilməlidir. Qarşıdan Novruz bayramı, Cümhuriyyət günü, Avropa Oyunları gəlir. Odur ki, geniş amnistiya siyahısı hazırlana, həbsdə olan insanlar, Tofiq Yaqublu, İlqar Məmmədov, Seymur Həzi, Fərəc Kərimli və başqaları da bu siyahıda yer ala, onlar həbsdən azad oluna bilər. Bu, həm ölkədə barış yaradılması, həm də 2015-ci il parlament seçkilərinə normal şəraitdə gedilməsini təmin edə bilər».

Deputat həbsdəki qadınların sayının da artdığına diqqət çəkib:

«İstər Xədicə İsmayıl, istər Leyla Yunusun həbsi də ciddi müzakirə mövzusudur, bu məsələyə də yenidən baxıla bilər. Bu, Azərbaycan hakimiyyəti tərəfindən amnistiya aktı ilə tənzimlənməlidir. Bu gün hansı pəncərədən baxsaq, oradan Azərbaycan görünür. Hətta bəzən günahlara və cəzalara da yumşaq mövqe sərgiləməliyik ki, Azərbaycan yaxşı görünsün».

Spiker O.Əsədov bu yaxınlarda 100-dək insanın əfv olunduğunu bildirib. «Əfsus ki, bir çox ruhsuz adamlar ruh almaq əvəzinə, Azərbaycanda Avropa Oyunlarının keçirilməsinə qarşı iş aparır» - o, qeyd edib.

XS
SM
MD
LG