Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:04

Bizə dəli, pozğun, kafir kimi baxırlar...


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

-

Siz, əgər ürəyiniz istəyirsə, saç uzada, sırğa taxa, sevdiyiniz rəngdə paltarlar geyinə bildinizmi? Yox, çünki, yenə o valideynlər, o müəllimlər, o "qaqaşlar" sizi danlayacaq, söyəcək, döyəcəklər...

Orxan Bahadırsoy

GƏNCLƏRSİZ GƏNCLİK GÜNÜ

Bu gün gənclər günüdür və mən sizə müasir Azərbaycan gənclərindən danışmaq istəyirəm.

Gənclik nədir? Bu sualın cavabı Avropa üçün müasir fikirli, azad düşüncəli, bilikli, bacarıqlı, zaman və dəblə ayaqlaşan, sevgi dolu, enerjili, baxımlı, əyləncəli bir yaş dövrüdür. 18 yaşdan 35 yaşa qədər davam edir. Amma Azərbaycan üçün bu sualın cavabı tamam fərqlidir və gənclik heç başlamadan bitir...

Ölkəmizdə dünyaya baxışı "klassik" düşüncədən fərqli olan, fərqli geyinən, fərqli davranan, maraqlı fikirlərlə çıxış edən, bilikli, enerjili, sevgi dolu, azad düşüncəli, əyləncəli gənclərə çox az, hətta nadir hallarda rast gəlmək olar. Amma bunlardan uzaq olan gənclərimiz o qədər çoxdur ki, onların gözünə müasirlər dəli, pozğun, kafir, cahil kimi görünür və onlar öz ünvanına hər addımda bu sözləri eşidir.

İndi o kiçik kütləni bir kənara qoyaq da, sizə böyük olan, ölkəmizin dörd tərəfinə səpələnən, "hər evə lazım" şərti ilə hər evdə tapılan Azərbaycan gəncliyindən danışaq...

Siz orta məktəbdə oxuyanda bir qıza aşiq oldunuzmu? Amma bunu mümkün qədər gizlətməyə çalışdınız, hə? Müəllimləriniz bunu bilərsə valideyninizi məktəbə çağırıb şikayət edər, sizə töhmət yazar, sevdiyiniz qızın adı çıxar, ona əxlaqsız gözü ilə baxarlar, evdə qalar, sizə "sənin sevmək yaşın deyil, dərslərini oxu, qonşunun oğlu mühəndislik oxuyur, savadlı və tərbiyəlidir, sən eşq-məhəbbətə düçar olub avaralıq edirsən" deyəcəklər və bu kimi müxtəlif şeylər düşündünüz, elə deyilmi?

Çünki, bizim psixologiyamızda sevginin xüsusi meyarları var. Hansı ki, bunlar ən birinci "kimlərdəndir?" sualı ilə, daha sonra "atası, anası necə adamdır", "müsəlmandırlarmı?", "evi, maşını, işi, təhsili varmı?", "sağlamdırmı?", "hansı millətdəndir?" və digər suallarla ölçülür.

Vay o günə ki, sevdiyin şəxsin nəsil-nəcabətində bir əyyaş kişi, iki dəfə ərə gedən və ya fahişəlik edən bir qadın, hansısa genetik xəstəliyi olan bir şəxs, bir qeyri-müsəlman tapıla, sevdiyin insan bir az azad fikirli, açıq-saçıq geyinən, əyləncəli, romantik ola...

Elə həmin dəqiqə sevdiyin şəxsin tayfası pozğun, sevdiyin şəxs əxlaqsız və yüngül olur, sənə də onunla evlənmək qəti qadağan olunur! Bu da sənin gənclik eşqin! Sən ya buna etiraz edib min cür-əzab əziyyətlə o şəxsə qovuşa bilirsən, ya mübarizəyə gücün çatmır, özünü öldürürsən, ya da bu sevgini ürəyində dəfn edib atanın, ananın, xalanın, bibinin sənə tapdığı hansısa tərbiyəli, əsl ev qızı ilə evlənməyə məhkum edilirsən! Di belə bir şəraitdə sev görüm necə sevirsən!?

Siz heç öz inancınızı sorğuladınızmı? Bu haqda düşünməyə belə dəyməz, çünki, sizə kafir deyəcəklər! Çünki sizə nadan, murdar, naxələf deyən böyükləriniz, görəndə tərs-tərs baxan qohumlarınız, hər vəchlə sizə öz inancını təbliğ və tərənnüm edən müəllimləriniz, dostlarınız, tanışlarınız var, elə deyilmi?

Siz heç müəllimlərinizin fikirlərinə qarşı çıxıb öz mövqeyinizdən çıxış etdinizmi? Vay, vay, mən nə danışıram? Axı qarşıdan gələn imtahanlarda o müəllim sizi mütləq kəsəcək, heç rüşvət də almayacaq ki, siz onu sinifdə biabır etmisiniz!

Siz heç qızlı-oğlanlı bir qrupla flaşmob etdinizmi, parti keçirdinizmi, etiraz aksiyalarına yığışdınızmı? Yox, çünki, sizi bölməyə aparacaq polislər, danlayan və etiraz edəndə yumruqlayan, şillələyən vəzifəli qohumunuz, övladlıqdan çıxarmaqla qorxudan valideyniniz, universitetdən qovacaq dekanınız, rektorunuz var!

Siz sevdiyiniz şəxslə parklarda, küçələrdə əl-ələ gəzib romantik evlilik təklifləri edə bildinizmi? Yox, çünki, sizə "camaatın anası-bacısı var", "peysər", "qaqaş, yaxşı hərəkət deyil", "yaxşı oğlan belə etməz", "namuslu qız buna icazə verməz" deyib etiraz edəndə təpikləyən, döyən, sevdiyinizin yanında sizi mənən sındıran əli təsbehli, başı papaqlı, "qeyrətli-namuslu", "igid kişi"lər var, hə?

Siz, əgər ürəyiniz istəyirsə, saç uzada, sırğa taxa, sevdiyiniz rəngdə paltarlar geyinə bildinizmi? Yox, çünki, yenə o valideynlər, o müəllimlər, o "qaqaşlar" sizi danlayacaq, söyəcək, döyəcəklər və yaxın dostlarınız, tanışlarınız sizi öz aralarından təcrid edəcək, hamı sizə qeyri-kişi gözü ilə baxacaq, elə deyilmi?

Daha sizə nəyi deyim, nədən danışım, hə? Bütün arzu və istəklərdən mərhum olduğunuz halda özünüzü hələ də gənc hesab edirsiniz? Bu günü öz bayramınız kimi görürsünüzmü? Özünüz özünüzə vicdanla cavab verin - siz necə gəncsiniz?

Gənclər günün mübarək, ey gənclərsiz Azərbaycan gəncliyi!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG