Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Günel Mövlud. Nifrət etmədiyim yeganə millətçi


Günel Mövlud
Günel Mövlud

-

Onun əsərlərindən sərxoş insanların tərinin iyi, ucuz otellərin, çirkli küçələrin, qadın alt paltarlarının qoxusu vurur adamı...

Günel Mövlud

NİFRƏT ETMƏDİYİM YEGANƏ MİLLƏTÇİ

Marina Svetayeva deyirdi: mənim üçün yaradan yaratdığından vacibdir.

Ömrünün yarıdan çoxunu olmazın əzablar içində keçirmiş şairə tanrını nəzərdə tutmurdu. Sənətkarı, yazıçını, şairi, rəssamı, rejissoru, filosofu nəzərdə tuturdu.

Yəni ola bilər ki, sən gözəl əsərlər yaradırsan, yaratdıqların möhtəşəmdir, bəşəridir, əbədidir. Amma özün insan, vətəndaş kimi borcunu yerinə yetirmirsənsə, pis adamsansa, əclafsansa, deməli, yaratdıqların da boş şey olmasa da, sənə bəraət qazandırmır.

Marina Svetayevanın prinsipi mənim üçün də həmişə keçərli olub. İstər klassika olsun, istər müasir ədəbiyyat, istər yerli, istər xarici, adətən oxuduğum, bərk təsirləndiyim əsərlərin müəlliflərinin həyatını təftiş etməyi oxucu kimi borcum bilmişəm. Yazarlar olub ki, həyatlarını oxuyanda çox məyus olmuşam. Yazarlar olub ki, düşünmüşəm ki, bunları yazan adama da elə belə insan, belə vətəndaş olmaq yaraşardı. Adətən, həyatı, əməllərindən məyus olduğum yazıçıların əsərlərinə qarşı obyektiv olmağı bacarsam da, özlərinə bəraət verə bilmirəm.

Eduard Limonovdan başqa...

Eduard Limonov
Eduard Limonov

Limonov mənim üçün ən ziddiyyətli, ən epataja meylli, insan, şəxsiyyət kimi ən zədəli, insan kimi ən pis yazıçıdır. Qeyri-ciddi siyasətçi, qeyri-ciddi persona, millətçi, hoqqabaz, dəli...Bir sənət adamı, ictimai insanın şəxsiyyəti barədə nə qədər mənfi sözlər varsa, bəlkə də hamısını Limonov üçün demək olar.

Eduard Limonov
Eduard Limonov

Bununla belə...Bununla belə, təpədən-dırnağa qədər yazıçı. Təpədən dırnağa qədər ədəbiyyat adamı. Təpədən dırnağa qədər estet, zövq, duyğu, hiss adamı...

Limonov o yazıçılardandı ki, əsərlərinin 90 faizi ilə tanışam. Əsərlərinin yarıdan çoxunu iki, üç dəfə oxumuşam. Hər dəfə də oxuyanda bir yazıçının, bir qələm adamının yazar səmimiyyətinin hansı qatlarına vara bildiyini görüb, heyrətlənmişəm.

İlahi, insan, yazı adamı hansı ovqatda olmalı, hansı həyatı, hansı əzabları, hansı məyusluqları yaşamalıdır ki, bunları yaza bilsin. Limonov uydurmur, Limonov memuar yazır, o öz həyatının stenoqramını yazır. Onun həyatı, özünü taleyin ümidinə buraxıb, haralara gedib çıxmağı, sonradan bunu hansı hisslərlə, hansı ustalıqla təsvir etməyi bir oxucuda sadəcə heyranlıq doğurmalıdır.

Onun əsərlərindən sərxoş insanların tərinin iyi, ucuz otellərin, çirkli küçələrin, qadın alt paltarlarının qoxusu vurur adamı. Təsvirlər o qədər canlı, yozum o qədər səmimi, yaşadıqları o qədər sarsıdıcıdır ki, oxucu üçün onun təsvir elədiyi iyrəncliklərin heç biri əslində iyrənc deyil. Sən iyrənmirsən, sən heyrətlənirsən, sən dəhşətə gəlirsən ki, həyat insanı haralara aparıb çıxara bilər?! Təbii ki, söhbət riyakar oxuculardan, naz-qəmzəli, pudralı-pomadalı, hər şeyə subyektiv fikri olan nazənin oxuculardan getmir.

Limonovu anlamaq üçün onun yaşadıqlarını doğrudan da, duymalısan. Sənin çox sadə bir şeyin – ürəyin olmalıdı. Sən sırf insana məxsus bir şeyi bacarmalısan – insan əzabına qiymət verməyi, rəhm eləməyi, mərhəməti. Riyakar olmamalısan. Tez əxlaq, sterillik, gigiyena, mərifət-qanacaq kimi maskaları taxıb, maskalı münasibət göstərməməlisən. Limonov elə yazıçıdır ki, onu anlamaq, hiss etmək üçün gərək bir insan kimi cəmiyyətə, özünə qarşı borclu olduğun bütün etik, əxlaqi normaları bir qırağa buraxıb oxuyasan, sonra qiymət verəsən.

Limonov elə bir yazıçıdır ki, Rusiya kimi şokedici münasibətlərin, həyat tərzinin olduğu bir yerdə belə normal qarşılanmır. Onun yazdıqları, leksikonu lənətlənir, rədd edilir. Onun yazdıqlarına nifrət edirlər. Buna görə də, Azərbaycan oxucusunun (söhbət təbii ki, 5-6 oxucudan gedir, kimdi bizdə Limonov oxuyan?) onu anlamasını, hiss etməsini gözləmək bilmirəm, nə qədər doğrudur.

Limonov elə bir yazıçıdır ki, Azərbaycanda mən bu yazar barədə 4 nəfərlə danışa bilirəm. Seymur Baycan, Elmir Mirzəyev, Emin Aslan və Xalid Bağırov.

Limonov yeganə yazıçıdır ki, onun əsərləri barədə söhbət düşəndə, əsərindən hansısa fikir, hansısa təsvir yadıma düşəndə, mən yaşının ahıl çağında özünü dəliliyə qoymuş, millətçi bəyanatlar verən, sözün həqiqi mənasında gicləyən, şəxsiyyəti insanda yüngül ifadə etsəm, ürəkbulanması yaradan pis adam barədə düşünmürəm və düşünmək istəmirəm.

Çünki mən ona bütün pisliklərini, çirkin və çirkli əməllərini, həyatının ən utancverici anlarını, alçalmasını, bir sözlə, hər şeyi ədəbiyyata çevirə bilmiş, özü də ustalıqla çevirə bilmiş bir sənət adamı kimi hörmət etməyə məcburam. Hər bir əxlaqlı oxucu da buna borcludur. Azərbaycan kimi, min bir oyundan çıxıb, min bir əclaflığa göz yumub, min bir prinsipdən vaz keçib, özünü müqəddəs, sufi, dərviş, əzabkeş kimi qələmə verən, elədiyi heç bir pis əməli ədəbiyyata çevirməyi bacarmayan xalq yazıçılarına sahib ölkədəki oxucular isə buna beşqat borcludular.

Limonovu oxuyun, xanımlar və cənablar!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG