Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:36

Neftçaladakı balıq bazarının sahibinə cinayət işi açılıb


Məhəmməd Fərziyev
Məhəmməd Fərziyev

-

«Qardaşım 20 Yanvar əlilidir. Şəhərin mərkəzində balıq bazarı var. Neçə aydır ki, icra hakimiyyətinin başçısı bazarı sökdürmək istəyir. Elə yol qalmadı ki, əl atmasın. Gah balıqsatanları cərimələtdirdi, gah adamları hədələdi. İndi də baytarlıq idarəsinin laborantı polisə şikayət ərizəsi verib ki, guya o, bazara gələndə qardaşım ona bıçaqla hücum edib».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Neftçaladakı balıq bazarının sahibi Məhəmməd Fərziyevin qardaşı Zakir Fərziyev deyir.

Onun bildirdiyinə görə, icra hakimiyyətinin başçısı rayonun mərkəzindən kənarda iri bazar tikdirib. Balıq bazarındakı satıcıların çoxunu müxtəlif təzyiqlərlə həmin bazara köçürüb. Getməyənləri isə cərimələtdirib:

«ƏTRAFDAKI MAĞAZA SAHİBLƏRİ TƏZYİQLƏRƏ DÖZMƏYİB QAÇDILAR»

«İndi burada azı 20 nəfər alverçi qalıb. Çoxu da qadınlardır. Rayonun baytarlıq idarəsi onları məhkəməyə verib cərimələtdirdi. Guya satdıqları balığı laborator müayinədən keçirmirlər, ona görə... Halbuki, həmin balıqları satıcılar elə başçının bazarından alıb gətirib satırlar. Balıq həmin bazarda laborator müayinədən keçirilirsə, ikinci dəfə onu müayinədən keçirməyin nə adı? Başçı ətrafımızdakı mağazaların sahiblərini müxtəlif təzyiqlərlə buradan uzaqlaşdırıb, mağazalarını da sökdürüb. İndi də əlini bizim bazara qoyub».

Balıq bazarı
Balıq bazarı

Zakir Fərziyev deyir, bir neçə gün əvvəl isə qardaşı Məhəmməd Fərziyevin evinə gələrək onu polisə aparıblar:

«Baytarlıq idarəsinin laborantı rayon polis şöbəsinə şikayət ərizəsi yazıb ki, guya o, bazara gələrkən qardaşım ona arxadan bıçaqla hücum edib, vurmaq istəyib. İndi də bu yolla təzyiq edirlər ki, bazardan çıxaq».

Neftçala rayon polis şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, Məhəmməd Fərziyev barədə Mələk Hüseynova tərəfindən şikayət ərizəsi daxil olub. Polis ərizəni araşdırır.

«GİGİYENİK QAYDALARA RİAYƏT EDİLMİR»

«Bizə deyirlər ki, başçının tikdirdiyi bazara getməsəniz, hamınızı dama basacağıq».

Bunu isə «Qaynar xətt»ə Məhəmməd Fərziyevə məxsus balıq bazarında balıq satmaqla məşğul olan Rəsmiyyə Zülfüqarova deyir. Bu yaxınlarda Neftçala məhkəməsi onu da satdığı məhsulu laborator müayinədən keçirmədiyinə görə cərimələyib.

Bazar ətrafında sökülmüş mağazalar
Bazar ətrafında sökülmüş mağazalar

Neftçala rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, rayonun mərkəzində abadlıq işləri aparılır. Məhəmməd Fərziyevə məxsus bazarda gigiyenik qaydalara riayət olunmur və bazar ərazinin səliqəsinə xələl gətirir. Satıcıların cərimələnməsi isə rayon baytarlıq idarəsinin məhkəməyə müraciəti əsasında olub. İdarənin kəsdiyi cərimə satıcılar tərəfindən ödənilmədiyinə görə məhkəməyə müraciət olunub.

MÜKAFATINI DA KƏSİBLƏR

Zakir Fərziyevin AzadlıqRadiosuna bildirməsinə görə, indiyədək bazara bir neçə dəfə polis qüvvəsi cəlb olunub. Satıcılardan başçının tikdirdiyi iddia olunan təzə bazara köçmələri tələb edilib.

Zakir Fərziyev deyir ki, 20 Yanvar əlili olan qardaşına 20 Yanvar hadisələrinin 25 illiyi ərəfəsində verilməli olan mükafatı da kəsiblər:

«Bütün 20 Yanvar əlillərinə mükafat verildi. Qardaşıma da hər il verirdilər. Bu il kəsdilər. Görün, bunlar nələrə əl atırlar - ən primitiv üsullara».

Bazarın ətrafındakı mağazalar bir neçə aydır ki, sökülüb.

Hüquqşünas Namizəd Səfərov deyir, istənilən söküntü məhkəmə qərarı ilə baş tuta bilər:

«Adamların əllərində mülkiyyət üzərində sahiblik hüququ verən sənədlər var. Hətta bu sənəd olmasa belə, yenə də məsələni məhkəmə həll etməlidir. Kompensasiya müəyyənləşdirilməli, mülk sahibinə ödənilməlidir».

XS
SM
MD
LG