Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:54

"Parçalanma deyə bir şey yox. Türkmənçay bizim qurtuluş müqaviləmizdir"


Türkmənçay müqaviləsi, 1828
Türkmənçay müqaviləsi, 1828

-

Türkmənçay müqaviləsi: lənətlənməli, yoxsa sevinməli?

Kərəm Məmmədov:

- Rusların Şimali Azərbaycana köçürdüyü ermənilər Qarabağı da bizdən qopardılar. Budur qazancı Azərbaycanın?

İranla Rusiya arasında Türkmənçay müqaviləsinin imzalanmasından 187 il keçir. 1828-ci il fevralın 10-da bağlanan sazişi Azərbaycan ziyalıları necə qiymətləndirirlər?

Babək Muğanlı:

Dünya Azərbaycanlıları Konqresinin "Güney Azərbaycan nümayəndəliyi"nin rəhbəri

Babək Muğanlı
Babək Muğanlı

Bu müqavilə olmasaydı, yəqin Azərbaycan yenə də İranın bir parçası olaraq qalacaqdı.

Amma bu halda mədəniyyətimizin, dilimizin əldən gedəcəyinə, xalqımızın farslaşacağına da inanmıram. Ona görə ki, indi İranda yaşayan 35 milyonluq xalqımız heç də farslaşmayıb.

Amma bununla razıyam ki, Türkmənçay müqaviləsi olmasaydı, müstəqil Azərbaycanın varlığını çətin ki, görərdik.

Bununla belə, biz bu müqaviləyə müsbət bir şey kimi baxmamalıyıq. Bu müqavilə bizə ancaq göz yaşı, dərd, ağrı verdi, millətin bir qismi İran yumruğu altında, bir qismi Rusiya yumruğu altında qaldı.

Bu müqavilə bir xalqı iki yerə parçaladı.

Araz çayı bizim göz yaşımız oldu, o tərəfdə edamlar, bu tərəfdə sürgünlər baş alıb getdi. Hələ də o acını yaşayırıq, hələ də tam müstəqil ola bilməmişik..

Əfşar Süleymani

İranın Azərbaycandakı keçmiş səfiri

Əfşar Süleymani
Əfşar Süleymani

İndiyədək Azərbaycan tarixçiləri bu müqaviləni heç ətraflı şəkildə tədqiq edib, ictimaiyyətə göstərməyiblər. İranda da onu ətraflı oxumadan haqqında danışanlar var.

Əvvəla, müqavilə İran yox, Persiya dövlətinin adından imzalanıb. Ruslar Qacarların dövlətini məhz belə adlandırırdılar, indiki İran dövləti isə öz adını Pəhləvilər dövründə alıb.

Və yaxud çoxları iddia edirlər ki, bu müqavilə yüz illik bir sürəliyə bağlanıb, halbuki müqavilədə belə bir bənd də yoxdur. Müqavilənin ümumi məzmunu İranın şimalındakı torpaqların Rusiyaya verilməsindən ibarətdir.

Deməzdim ki, Türkmənçayın imzalanmasından sonra Azərbaycan xalqı böyük bir parçalanmaya, mədəni dəyişilməyə məruz qaldı. Daha doğrusu, İran tərəfindəki azərbaycanlılar öz dillərini, mədəniyyətlərini və dinlərini qoruyub saxlasalar da, Şimalda qalan azərbaycanlıların dini inanclarına rus-sovet hakimiyyəti tərəfindən böyük əngəllər yaradılmağa başlanıldı.

Lakin bunu da qəbul etməliyik ki, sonradan müstəqil bir Azərbaycan dövlətinin yaranması xeyli müsbət bir hadisə oldu. İndi Azərbaycan dünya dövlətləri tərəfindən tanınır, BMT-də nümayəndəsi var, öz dili və dinini qoruyub saxlayır. Bununla belə İran ərazisində yaşayan azərbaycanlılar da, Qacarlar və Pəhləvilər dövründə öz dillərini istifadə etməkdə maneələrlə üzləşsələr də, indiki İran dövlətindən dil və mədəni azadlıqlarını tam alıblar.

Rəhim Əliyev

Rəhim Əliyev
Rəhim Əliyev

Elmlər Akademiyası Ədəbiyyat İnstitunun "Cənubi Azərbaycan" şöbəsinin elmi işçisi, ədəbiyyatşünas və tənqidçi

Türkmənçay müqaviləsi 1828-ci ildə imzalanıb, Azərbaycanda Sovet hakimiyyəti isə 1920-ci ildə qurulub. Keçən bu yüz ildə və ondan sonrakı tarixdə biz xeyli şey qazandıq.

Azərbaycanda Avropa maarifçiliyinin əsasları qoyulub, süni də olsa mədəni inqilab olub. Ruslar əvvəlcə ruhani təbəqəni, sonra da bəylər və xanları öz tərəflərinə çəkiblər.

Həmin o bəylərin övladları sonradan 1918-ci ildə Demokratik Azərbaycan Cümhuriyyətini qurdular. Həmin adamlar ilk qəzetləri açdılar, ilk teatrları yaratdılar.

Bu müqavilənin xalqın bütövlüyünü pozduğunu demək tarixi baxımdan bir qədər məntiqsizdir, çünki hamımız bilirik ki, o dövrdə bu coğrafiyada yaşayan insanlar özlərini hansısa xalqın nümayəndəsi deyil, müsəlman, ya da iranlı sayırdılar.

Hələ tam yetişmiş, öz iradəsi, öz dövləti olan bir xalq yox idi. Bizim xalqın formalaşması isə XX əsrin ortalarından başlandı.

Kərəm Məmmədov,

tarixçi

Kərəm Məmmədov
Kərəm Məmmədov

Bəyəm görmürsünüz ki bu müqavilədən sonra Azərbaycan sadəcə iki yerə bölünmədi. Şimali Azərbaycanın özündən Borçalı, Dərbəndin qoparılması bir yana qalsın,hələ üstəlik Çuxursəəd bəylərbəyiliyi hesabına Ermənistan adlı dövlət də yaradıldı.

Dünən-srağagün isə ruslar tərəfindən Şimali Azərbaycana köçürülən ermənilər Qarabağı da bizdən qoparıblar.

Budur qazancı Azərbaycanın?

Güneydə isə diskriminasiyanın daha eybəcər şəkildə aparılması bir yana, ordakı Azərbaycandan Həmədan, Qəzvin, Ərdəbil qoparılıb ayrı ostanlıq elan edildi.

Güntay Gəncalp,

araşdırmaçı yazar

Güntay Gəncalp
Güntay Gəncalp

Məlumdur ki, Azərbaycan xanlıqları Rusiya ilə daha çox işbirliyi qururdular.

Çünki mədəni dünyaya Rusiya vasitəsilə qoşulmağı düşünürdülər. Qafqaz xanlıqları heç vaxt Qacar dövlətinin bir parçası olmadı.

Sadəcə olaraq Qacarlar Qafqazla bağlı ərazi iddiasındaydılar. Türkmənçay müqaviləsi ilə də bu iddialarından vaz keçdilər. Bu üzdən də Türkmənçay müqaviləsini Azərbaycanın parçalanması müqaviləsi kimi göstərmək tarixi gerçəklərlə uyğun gəlməməkdədir.

Çünki Türkmənçay müqaviləsində “Azərbaycan” adında bir söz keçmir. A. A. Bakıxanov, Rəsulzadə kimi ziyalılar rus müstəmləkəsi olmağı İran-Səfəvi mühitindən azad olmaq üçün bir şans olaraq dəyərləndirmişlər.

Geniş Rusiya ərazisində modern və milli ziyalılar meydana çıxdı. Ən önəmlisi isə odur ki, Türkmənçay müqaviləsindən sonra Osmanlı-türk imperyası Qafqaz türkləri ilə də maraqlanmağa başladı. Qafqaz türkləri də İran basqısı və molla-feodal əngəli olmadan Anadolu və Türküstan türkləri ilə duyğudaşlıq, və yazqıdaşlıq içinə girdilər.

Bunun hesabına tarixdə ortaya çıxan ilk fürsətdə “istiqlal məfkurəsi” sözdən əmələ keçdi. Qafqazda ortaya çıxan bütün milli gəlişmələrə rəğmən İranın qüzeyində toplu halında yaşayan türklərdə heç bir milli düşüncə doğmadı.

Çünki o mühitdə Səfəvilərdən sonra əsasında fars millətçiliyi dayanan dünyagörüşü hakim idi.

Türkmənçayla Qafqaz türkləri hissən, ruhən və inanc zəminində bağlanmış olduqları İran kimliyindən qopdular.

Bu qopuş bir boşluq yaratdı və bu boşluğu da milli və modern axtarışlar doldurmağa başladı. Türkmənçay müqaviləsi olmasaydı, indi Bakının nefti fars dilinin inkişafına xidmət edəcəkdi.

Ona görə də “Türkmənçay” bizi parçaladı yalanını rədd etmək lazımdır. Artıq yeni və modern yöntəm kəşf etmənin zamanı gəlmişdir. Parçalanma deyə bir şey yox. Türkmənçay bizim qurtuluş müqaviləmizdir. Türkmənçay müqaviləsi ilə müstəqil Azərbaycan Respublikasının əsası qoyuldu. Bu istiqlalın əsası Türkmənçayda qoyuldu. Rəsulzadə “Qafqaz türkləri” əsərində farsca bir atalar sözü qullanaraq eynən bu cümləni işlədir: “İran mühitindən bizi azad etmək üçün rus adlı düşməni Allah göndərdi.”

XS
SM
MD
LG