Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:43

ABŞ Azərbaycanla vətəndaş cəmiyyəti sahəsində dialoqa başlayır (Video)


ABŞ rəsmisi Bakıda, demokratiya, enerji və təhlükəsizlik məsələlərini müzakirə edib
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

ABŞ rəsmisi Bakıda, demokratiya, enerji və təhlükəsizlik məsələlərini müzakirə edib

-

«Biz Azərbaycan höküməti ilə insan haqları, azad media barəsində danışdıq. Vətəndaş cəmiyyəti və demokratiya mövzusunda Amerika-Azərbaycan dialoqunu gücləndirmək barədə razılığa gəldik»

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Victoria Nuland deyib. O, fevralın 16-da Azərbaycanda səfərdə olub.

DEMOKRATİYA VƏ İNSAN HAQLARINDAN DANIŞIBLAR

V. Nuland Bakıda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və dövlət başçısı İlham Əliyevlə görüşlər keçirib. Xanım Nuland görüş sonrası brifinq keçirib. Jurnalistlərin sualına cavabında ABŞ dövlət katibinin köməkçisi deyib ki, rəsmilərlə görüşlərdə demokratiya və insan hüquqları barədə də danışılıb:

Hökumətlə vətəndaş cəmiyyəti arasında açıq, yaxşı əlaqələr ölkənin gələcəyi üçün çox vacibdir və ABŞ bunu dəstəkləyir...

«Hökumətlə vətəndaş cəmiyyəti arasında açıq, yaxşı əlaqələr ölkənin gələcəyi üçün çox vacibdir və ABŞ bunu dəstəkləyir. Bu gün biz ABŞ-ın bu məsələ ilə bağlı narahatlığından, insan haqlarının vəziyyəti və KİV problemlərindən də danışdıq. Bu mövzuda məsləhətləşmələri davam etdirmək, vətəndaş cəmiyyəti və demokratiya mövzusunda Amerika-Azərbaycan dialoqunu gücləndirmək barədə razılığa gəldik. Söhbət Avropa Şurası strukturları ilə paralel işləyəcək ikitərəfli qurumun yaradılmasından gedir».

SƏMİMİ, MƏZMUNLU GÖRÜŞLƏR OLUB

Victoria Nuland Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və dövlət başçısı İlham Əliyevlə səmimi və məzmunlu görüşlər keçirdiyini deyib. O, brifinqdə görüşlərin yekunları barədə danışarkən bildirib:

Biz onu daha da güclü, daha demokratik və müstəqil görmək istəyirik, təhlükəsizlik, iqtisadiyyat, energetika sahəsində əməkdaşlığı davam etdirmək istəyirik, demokratiya sahəsini mümkün qədər daha da gücləndirmək istəyirik

«Görüşlərdə mənim əsas mesajım o oldu ki, biz Azərbaycanla 20 illik əməkdaşlığı yüksək qiymətləndiririk. Biz onu daha da güclü, daha demokratik və müstəqil görmək istəyirik, təhlükəsizlik, iqtisadiyyat, energetika sahəsində əməkdaşlığı davam etdirmək istəyirik, demokratiya sahəsini mümkün qədər daha da gücləndirmək istəyirik».

ENERJİ, TƏHLÜKƏSİZLİK

Nuland əməkdaşlığın digər prioritetləri arasında ekstremizmə və terrorizmə qarşı mübarizəni göstərib. Bildirib ki, bu çərçivədə ABŞ Azərbaycanın güc strukturlarına dəstəyini davam etdirəcək. Nuland qeyd edib ki, təhlükəsizlik məsələsi energetika, əsasən neft və boru kəmərlərinin təhlükəsizlyinin təminatı ilə əlaqəlidir. Bu mövzu «Cənub» qaz dəhlizi layihəsi baxımından aktuallaşır. ABŞ və Avropa İttifaqı bu layihəni fəal şəkildə dəstəkləyir.

«Biz həmçinin qeyri-neft sektorunun və iqtisadi əlaqələrin inkişafı məqsədilə Azərbaycan iqtisadiyyatının diversifikasiyasından danışdıq. Bu gün prezident korrupsiyaya qarşı mübarizədə qətiyyətli olduğunu bildirdi. Çünki korrupsiya demokratiyanın qatilidir və xarici investisiyaların qarşısını alır. Biz bu istiqamətdə birgə səyləri davam etdirməyə razılıq verdik», - Nuland qeyd edib.

Victoria Nuland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub.

«Biz münaqişə zonasında zorakılığın artmasından çox narahatıq və mən bu mövzunu Ermənistanda da davam etdirəcəm. Çünki vəziyyətə görə hər iki tərəf məsuliyyət daşıyır», - Nuland vurğulayıb.

İNQİLAB NƏ VAXT MÜMKÜNDÜR?

Jurnalistlərin «Azərbaycanda «rəngli inqilab»ların hazırlanması ilə bağlı Vaşinqtonun ünvanına səslənən ittihamları ABŞ necə qiymətləndirir» sualına cavabında Nuland deyib ki, inqilab o zaman mümkündür ki, hökumət, vətəndaş cəmiyyəti və sadə insanlar arasında dialoq olmasın. Qapılar bağlıdır və hakimiyyət problemləri eşitmir, onları müzakirə etmək istəmir.

«Məhz bundan ötrü biz hakimiyyətlə vətəndaş cəmiyyəti arasında güclü dialoqa tərəfdarıq ki, mövcud problemlər həllini tapsın», - Nuland bildirib.

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ İLƏ GÖRÜŞ...

O yarım günlük səfər zamanı vətəndaş cəmiyyətinin təmsilçilərinə də vaxt ayırıb. Nuland jurnalist Elçin Şıxlı, Marşal Fondunun təmsilçisi Mehriban Rəhimli və NİDA Hərəkatından Turqut Qəmbərlə görüşüb.

Mehriban Rəhimli AzadlıqRadiosuna deyib ki, görüşdə vətəndaş toplumunun problemlərindən danışıblar, ancaq bu haqda mətbuata geniş məlumat verə bilməz.

Elçin Şıxlı AzadlıqRadiosuna görüş haqda bunları söylədi:

“O prezidentlə görüşdən sonra bizimlə danışdı. Xüsusi müzakirə olmadı. Vaxt çox az idi. Ancaq Victoria Nuland dedi ki, prezidentlə insan haqları, demokratiya məsələlərini, regional problemləri müzakiə ediblər. Təssürat budur ki, bizimlə işləmək istəyirlər, işləyəcəklər də... ”

DİLQƏM ƏSGƏROV VƏ ŞAHBAZ QULİYEV...

Dövlət katibinin müavini görüşdən sonra mətbuatın suallarını cavablandıdrıb.
APA-nın məlumatına görə, Victoria Nuland Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini Ermənistanda da qaldıracaq. Bundan başqa, ABŞ rəsmisi atəşkəsin pozulmasından narahat olduqlarını da bildirib:

“Təmas xətində son altı ayda baş verən gərginliklərdən narahatıq. Bizim Azərbaycana, eyni zamanda Ermənistana mesajımız odur ki, gərginlik dayandırılsın və bir masa arxasına gəlsinlər”.

Nuland Bakıda görüşlərini yekunlaşdırdıqdan sonra Gürcüstana yollanıb.
Onun Tbilisidə rəsmilər, müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Fevralın 18-də isə Victoria Nuland-ın Yerevanda rəsmiləri, vətəndaş cəmiyyəti və gənclərin nümayəndələri ilə görüşəcəyi bildirilir. Bu görüşlərdə iqtisadi və siyasi sahələrdə əlaqələrin gücləndirilməsi, o cümlədən Dağlıq Qaraqbağ münaqişəsi müzakirə olunacaq.​

XS
SM
MD
LG