-
Avropa Yəhudiləri «artan antisemitizmlə» üz-üzədirlər. Əksər ölkələrdə qitəni tərk edənlərin sayı rekord həddə çatıb. Bunu «The Washington Post»da Ishaan Tharoor yazır.
Son aylar ərzində Paris və Kopenhagendə ayrı-ayrı hadisələrdə silahlıların hədəfində məhz yəhudilər və yəhudi müəssisələri olub. Hətta ölü yəhudilər də rahat buraxılmayıb, onların qəbirlərinin də murdarlanması barədə məlumatlar yayılıb.
Buna baxmayaraq Avropada tolerantlıq və multikulturalizmin gələcəyi heç də qaranlıq görünmür. Çünki bu cür hücumlardan sonra kütləvi küçə yürüşləri və fəallıq bu yöndə yaranan mənfi fikirləri alt-üst edir. Bəzi icmalar isə öz doğma şəhərlərində həmrəylik yaratmağa çalışır.
«SÜLH HALQASI»
Norveçdə bir qrup müsəlman şənbə günü Oslodakı sinaqoqun ətrafında «sülh halqası» təşkil etməyi planlaşdırır. «Facebook»da bu məqsədlə yaradılmış səhifədə qrup üzvləri məqsədlərini belə izah edirlər:
«İslam dinindən asılı olmayaraq bütün bacı və qardaşlarımızı müdafiə etməyə çağırır. İslam nifrətə və düşmənlə eyni səviyyədə düşünməyə qarşıdır. İslam insanların bir-birini müdafiəsidir. Müsəlmanlar göstərmək istəyir ki, yəhudilərə qarşı istənilən nifrətə qarşıdırlar və onları müdafiə edirlər. Bu məqsədlə biz fevralın 21-də sinaqoq ətrafında insan halqası yaradacağıq. Hər kəsi gəlməyə səsləyin!».
Osloda kiçik yəhudi icmasının rəhbəri Ervin Kohn tədbirin keçirilməsinə razılıq verib. «Facebook» səhifəsində minə yaxın insan tədbirə qoşulacağını bildirib.
«SİNAQOQA HÜCUM ETMƏK İSTƏYƏN...»
«Kopenhagendə terror hücumundan sonra düşünürəm ki, biz müsəlmanların yəhudilərə qarşı zorakılığa, baş verənlərə qarşı olduğumuzu göstərmək üçün əla fürsətdir» – tədbir təşkilatçılarından biri – 17 yaşlı Hajrad Arshad Norveç televiziyasına müsahibəsində belə deyib.
Tədbirin başqa bir təşkilatçısı isə «Facebook»da yazıb ki: «Sinaqoqa hücum etmək istəyən öncə bizim üstümüzdən keçməlidir».