Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

ARDNŞ bəzi evlərin sənədləşdirilə biləcəyini deyir


Arxiv fotosu: Balaxanıda neft gölməçələri yaxınlığında sənədsiz evlər.
Arxiv fotosu: Balaxanıda neft gölməçələri yaxınlığında sənədsiz evlər.

-

“Qanunsuz sayılan bəzi tikililər tanına bilər. Mədən ərazilərində bəzi ərazilər var ki, onlara hüquqi status verilə bilər. Tikililərin sayının artmaması şərti ilə evlər sənədləşdirilə bilər”.

Bunu ARDNŞ Hüquq İdarəsinin rəisi Eldar Orucov fevralın 20-də jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, həmin ərazilərdəki tikililər sökülsə belə, orada quyuların istismarı sərf etməyəcək:

“Bu səbəbdən layihə üzərində iş gedir. Layihə gerçəkləşərsə ARDNŞ-nin nəzdində olan bəzi qanunsuz tikililər tanınacaq. Amma bəzi ərazilər var ki, orada quyuları belə təmir edə bilmirik. Layihə bu ərazilərə şamil olunmayacaq.”

SAKİNLƏR DƏ ŞİRKƏTİ MƏHKƏMƏYƏ VERİR...

O, həmçinin zəbt olunmuş torpaqlarla bağlı sakinlərin ARDŞN-ni məhkəməyə verməsinə də toxunub:

“Şirkətin nəzdində olan torpaqlarda tikinti aparan sakinlər bizi məhkəməyə verirlər. Bunu düzgün saymıram. Sakinlər ARDNŞ-ni yox, bələdiyyələri məhkəməyə verməlidir. Onlarda belə bir fikir formalaşıb ki, məhkəmə yolu ilə ARDNŞ kompensasiya ödəyəcək. Bələdiyyələr isə məhkəməyə verilmir.”

35 MİN SÖKÜLMƏLİ EV

Eldar Orucovun müavini Tərlan Tahirov isə deyib ki, təkcə Binəqədi rayonunda 35 min sökülməli ev var:

“Şirkət evlərin söküntüsü ilə bağlı qərar vermir. Bu qərarı məhkəmə verir və icraata da məhkəmə nəzarət edir. ARDNŞ-nin vəzifəsi ərazisində ev tikən sakinləri məhkəməyə vermək və qanunsuzluğun aradan qaldırılması üçün hüquqi addımlar atmaqdır. Məhkəmə də qanunsuz tikililərin sökülməsinə qərar verib.

Lakin bir qurum kimi vətəndaşları düşünüb söküntü işlərinə təzyiq etmirik. Bu, qeyri-müəyyən vaxta kimi belə olacaq. Təkcə Binəqədi rayonunda 35 min sökülməli olan tikili var. Bu insanları necə evindən etmək olar?”

Uzun müddətdir ki, Bakı və ətraf kəndlərdə mədən ərazilərində tikilmiş on minlərlə evin söküləcəyi barədə məlumatlar yayılır. Dövlət Neft Şirkəti artıq çoxdan neft hasilatı dayanmış amma hələ də onun balansında olan bu ərazilərdə tikilmiş evlərin sənədləşdrilməsinə imkan vermir.

Hazırda bununla bağlı məhkəmələrdə minlərlə mübahisələrə baxılır. Xüsusilə Binəqədi rayonu ərazisində evlərin sökülməsi zamanı sakinlərlə ARDNŞ nümayəndləri arasında vaxtaşırı qarşıdurmalar da baş verir.

ARDNŞ-nin yeni açıqlaması isə artıq yeni vəziyyətin yaranması deməkdir. Şirkətin planlarının konkret Bakının hansı rayonlarını əhatə etdiyi bəlli deyil. Amma Bakıda Sabunçu, Binəqədi, Səbail rayonları ərazisində on minlərlə sakin şirkətin planlarının nə olduğunu gözləməkdədir.

Prezident İlham Əliyevin yanvarın 13-də fərman da bu ərazilərdəki evlərin çoxunun sənədləşdirilməsi məsələsini əhatə etməmişdi.

XS
SM
MD
LG