-
«Ötən il Türkiyə Twitter və YouTube portallarını qısa müddətə bağlaması ilə dünya gündəminə gəldi. İndi isə hər iki şəbəkədə fəallar internet azadlığı sarıdan narahatlıqlarını dilə gətirirlər». Bunu BBC yazır.
«Dünyada ən populyar Twitter haştaqlarına baxanda bəzilərinin türkcə olduğunu görürsən. Çoxu da siyasi yüklüdür. Türkiyədə siyasi spektrın bütün tərəfləri öz arqumentini əsaslandırmaq üçün sosial mediadan yararlanır».
«İnterneti tənzimləmək üçün istənilən cəhd ölkədə qəzəb doğurur. Son həftələrin top haştaqları hökuməti məhz bu niyyətə görə atəşə tutur. Parlamentin qəbul etdiyi qanun layihəsi nazirlərə səlahiyyət verəcək ki, milli təhlükəsizliyə, səhiyyəyə təhlükə yaradan, yaxud ictimai sabitliyin pozulmasına və ya cinayətə səbəb olacaq veb-materialı dörd saat ərzində çıxarsın və ya bloklasın. Bu qaydaya əməl etməyən kontent provayderləri ağır cərimə və ya həbslə üzləşə bilər».
Hökumət yeni qanunu vətəndaşların təhlükəsizliyinin təminatı ilə əlaqələndirir. Türkiyə mətbuat azadlığı indeksinə görə dünyanın 180 ölkəsi içində 154-cü yerdə qərarlaşıb. Bəs görəsən hakimiyyət sosial medianı tənzimləməyə niyə can atır? Fəallar bunu iyunda keçiriləcək parlament seçkiləri ilə əlaqələndirirlər. Prezident Erdoğan konstitusiyanı dəyişmək səlahiyyətini qazanmaq istəyir. Hakim AKP-nin sədr müavini Yasin Aktay bu fikirlə razılaşmır: «Müxalifət çox güclüdür, minlərlə vebsayt hökumətə qarşı çıxır, bu, qəbulolunandır və alqışlanır», - o, «BBC Trending» proqramına deyib.
Yeni qanununun hansı təsiri olacaq? Bilgi Universitetinin kommunikasiya üzrə mütəxəssisi Erkan Saka deyir ki, bu qanun müxalif səslərin gücünü azaldacaq: «Daha çox anonim yazacaqlar, bu da şərhlərin çəkisini azaldacaq. Artıq görürük ki, tanınmış mövqedə olanlar, aktyorlar, aktrisalar, siyasi mesajları dayandırır, ya da AKP-yönümlü danışırlar, yoxsa iş tapmazlar».
NEMTSOV-UN QƏTLI KREMLİ KÜNCƏ SIXIŞDIRIR
«Boris Nemtsov-un qətlinin arxasında kimin durmasına dair nəzəriyyələr az deyil. Ancaq müstəntiqlərin və kremlyönümlü medianın yaydığı yalanlara da aldanmamalıyıq», - «The Moscow Times» redaksiya məqaləsində yazır.
«Nemtsov-un qətli rejimin özünə ciddi təhlükədir: əslində kimsə Rusiya kimi avtoritar dövlətdə dövlətə məxsus olmalı sahədə monopoliyaya iddia edir – siyasi zorakılıq üzrə monopoliyaya. Bu halda Kremlin iki variantı var. Birincisi, Nemtsov-un qatillərini tapıb aşkar hüquqi prosesdə cəzasını vermək və eyni zamanda belə zorakı təşəbbüslərin mənbəyi ola biləcək qruplara hücuma keçmək. Ancaq bu strategiyanın da böyük əmmaları var: ölkədə siyasi zorakılığa son qoymaq üçün Kreml ölkə daxilində və xaricdə Rusiyanın düşmənlərinə qarşı kampaniyanı dayandırmalı, azından geri çəkilməlidir. Bu, mümkün deyil, çünki bu qarşıdurma Putin rejiminin əsas fərqləndirici xüsusiyyətidir. Digər tərəfdən hüquq-mühafizə orqanlarının «xarici agentləri» və «beşinci kolon» üzvlərini qorumağa başlaması da qəribə görünər».
«İkinci variant da odur ki, Kreml təşəbbüsü zorakı fəallardan alır və özü siyasi müxalifətə qarşı zorakı təzyiqlərə başlayır. Bunun adı terrordur və təsəvvür etmək belə çətindir. Həftəsonu yayılan məlumata görə, Nemtsov-un qətlini Mikhail Khodorkovsky-nin keçmiş «Yukos» neft şirkətinə və ukraynalı pilot Nadezhda Savchenko-ya qarşı işə nəzarət edən şəxs araşdıracaq. Elə bu fakt da ölkə rəhbərliyinin birinci strategiyanı seçəcəyinə dair böyük suallar yaradır».
PUTIN-İN QORXU VƏ ÖLÜM MƏDƏNİYYƏTİ
«Wall Street Journal» Nyu-Yorkda mənzillənən İnsan Haqları Fondunun sədri Garry Kasparov-un məqaləsini dərc edib.
«Fotolarda göstərilir ki, Nemtsov-un qətlindən bir neçə saat sonra qanı səkidən təmizlənir. Yəni aparılacaq təhqiqatın keyfiyyətini təsəvvür etmək çətin deyil. Boris-in meyiti hələ isti ikən Vladimir Putin qətli «provokasiya» adlandırmaqla təhqiqatı başladı və bitirdi. Bu terminə görə, Rusiya prezidentinin düşmənləri bir-birini qətlə yetirir. Sonra həyasızcasına Boris-in anasına başsağlığı verdi».
Kasparov yazır ki, «Əmri Putin veribmi?» sualı bu gün boş səslənir. 2006-cı ildə jurnalist Anna Politkovskaya güllələnəndə, Putin-in tənqidçisi Alexander Litvinenko zəhərlənəndə, ötən il Ukraynanın şərqində Malayziya təyyarəsi vurulanda da belə idi.
«İctimai yürüşlərdən öncə Rusiya təhlükəsizlik qüvvələri müxalifət liderlərini izləyir. Boris də bazar günü Ukrayna müharibəsinə qarşı aksiya planlaşdırırdı. Bu təlim görmüş itlər başqasının onu izlədiyini necə görməyə bilərdi? Putin-in əmri verib-verməməsindən asılı olmayaraq, onun belə qətllərə yaradılan şəraitə görə məsuliyyət daşıdığına şübhə yoxdur».
«Putin 2012-ci ildə prezidentliyə qayıdanda, Boris-lə mübahisəm başladı. Fikrimcə, Putin-in qayıdışı dinc siyasi yolla rejim dəyişikliyinə real ümidlərə son qoydu. Boris isə daim nikbin idi, deyirdi ki, «Rusiyada dəyişiklik görmək üçün çox yaşamalısan». İndi isə özü heç vaxt bunu görməyəcək».
«Onun idarəçiliyinə son qoymağın yeganə yolu Rusiya xalqı və elitasının anlamasıdır ki, nə qədər postdadır, onların gələcəyi yoxdur. Bu günsə onlar Putin-ə məğlubedilməz kimi baxırlar. O, Ukraynada özünə yol açır, ərazi tutur, müharibə aparır. Angela Merkel və François Hollande ilə danışıqlar aparır, sazişlər bağlayır. Onun düşmənlərinin Moskva küçələrində meyiti tapılır», - Kasparov yazır.
Garry Kasparov-un Vladimir Putin barədə «Qış gəlir» kitabı payızda dərc olunacaq.