Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:59

«Heydər» məscidi işləmir


«Heydər» məscidi
«Heydər» məscidi

-

«Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün biz Azərbaycanın ən böyük məscidi olan «Heydər» məscidinin açılışına toplaşmışıq»…

Keçən il dekabrın 26-da prezident İlham Əliyev Binəqədi rayonundakı «Heydər» məscidinin açılışını etmişdi. Üstündən iki aydan çox keçsə də, məscid hələ fəaliyyətə başlamayıb. Səbəbi məlum deyil. İbadətə gələnlər məscidin bağlı olduğunu görüb geri qayıdır.

«DEDİLƏR İSTİFADƏYƏ VERİLMƏYİB»

İbadətə gələn Etimad Səfərov deyir ki, məscid açılanda o da belə bir məsciddə ibadət edəcəyinə sevinib. Ancaq iki aydan çoxdur ki, hər dəfə məscidə gələndə qapıları bağlı görür:

«Açılış günü işlədi, ancaq sonra nəsə dayandı. Fəaliyyət göstərsəydi, yaxşı olardı, camaat gedib-gələrdi. Böyük məsciddir, içərisi də çox gözəldir. Bəlkə də təmir gedir, nə deyim...».

Sərfinaz Məlikova da məscidə gəlib kor-peşman qayıdır:

«Dedilər hələ istifadəyə verilməyib. Açılışa hamı gəlmişdi, prezident də. Ancaq indi işləmir».

Namaza tələsən Eyvaz Kərimova da məscidin təhlükəsizlik xidmətinin əməkdaşları eyni cavabı verir: «Məscid hələ işləmir, nə vaxt açılacaq, dəqiq bilmirik».

«Heydər» məscidi 12 min kvadratmetr sahədə salınıb. Ümumi sahəsi 4200 kvadratmetrdir.
«Heydər» məscidi 12 min kvadratmetr sahədə salınıb. Ümumi sahəsi 4200 kvadratmetrdir.

«Namazın vaxtı keçib, dedim gəlim namazımı qılım. Ancaq işləmirmiş» - deyə Eyvaz sürətlə uzaqlaşır.

EYNİ VAXTDA 5 MİN ADAM İBADƏT EDƏ BİLƏR

«Heydər» məscidi 12 min kvadratmetr sahədə salınıb. Ümumi sahəsi 4200 kvadratmetrdir. Prezidentin şəxsi tapşırığı ilə inşa olunub. Məscidin açılışındakı çıxışında prezident inşaat işlərinin gedişi ilə yaxından maraqlandığını bildirmişdi:

«İki il bundan əvvəl bu məscidin tikintisi ilə bağlı müvafiq sərəncam verilib. 2012-ci ilin sentyabr ayında bu məscidin tikintisi başlanıb. Cəmi iki il ərzində belə bir möhtəşəm memarlıq əsəri yaradılıb. Bu ərazi genişləndirildi, yeni yollar salındı. Bu məscidə üç istiqamətdən yeni yollar çəkilib. Ərazi abadlaşdırılıb, mərasim zalı tikilib. Məscid ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir».

Məscidə pilləkəndən başqa eskalatorla da qalxmaq mümkündür.
Məscidə pilləkəndən başqa eskalatorla da qalxmaq mümkündür.

Bu məsciddə eyni vaxtda 5 mindən artıq adam ibadət edə bilər. Məscidi hər birinin hündürlüyü 95 metr olan 4 minarə əhatə edir. Minarələrdə lift sistemi quraşdırılıb. Həyətində hovuz, kiçik fəvvarələr, çoxlu skamyalar var. Məscidə pilləkəndən başqa eskalatorla da qalxmaq mümkündür. Eskalatorun qarşısında işləmədiyini göstərən lent var.

MƏSCİDƏ HƏLƏ AXUND TƏYİN OLUNMAYIB

«Məscid nə vaxt fəaliyyətə başlayacaq» sualına məscidin əməkdaşları dəqiq bir vaxt deyə bilməyəcəklərini söylədilər. Qafqaz Müsəlmanları İdarəsində də telefon zənglərinə cavab verən tapılmadı.

Məscid Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindədir.

Martın 1-də yayılmış məlumata görə, Bakı İslam Universitetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli «Heydər» məscid kompleksinə rəhbər təyin edilib. Ancaq hələ ki, məscidə axund təyinatı olmayıb.

XS
SM
MD
LG