Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:44

Günel Mövlud. Kredit əsirləri


Günel Mövlud
Günel Mövlud

-

Hamının gəlhagəli tez ya gec, bitəcək. Geriyə qalan ödənməsi aybaay çətinləşən kreditlər, köhnələn telefonlar, maşınlar, bir gün bank məmurlarının gələcəyi evlər olacaq...

Günel Mövlud

KREDİT ƏSİRLƏRİ

Neçə gündür ölkədə baş verənlərə baxıram. İnsanlar çaşqınlıq, bəziləri isə hətta dəhşət içindədir.

Neft pulları qurtarır, oliqarxların, fondların səxavət kisəsinin ağzı bağlanır.

Hakimiyyət üçün ciddi əhəmiyyət daşımayan, sadəcə bəzi insanları susdurmaq üçün təşkil edilmiş layihələrə son verilir.

Manat düşür, krediti dollarla götürənlər, maaşı manatla alıb, ödəməni dollarla edən insanlar təlaş içindədir. İndi işlərini, illərdir öyrəşdikləri qazanc yerlərini itirən insanlar kredit vasitəsilə aldıqları evlərini, maşınlarını, texniki avadanlıqlarını, mebellərini, hətta bahalı şubalarını bir gün, özü də çox yaxında itirəcəkləri qorxusu ilə yaşayırlar.

Necə olacaq? Budur onlar üçün ən dəhşətli sual.

Hələ ki, iş, qazanc yerləri əldən çıxır, ardınca bank məmurlarının evlərə soxulacağı günlər gəlir, daha sonra isə kasıblıq və hər gün yaşamalı olduqları çörək qayğısı...

Son on ildə xalq kef elədi. Neft milyonları hamının başını xarab etmişdi. Düzdü, sadə xalqa qəpik-quruş çatırdı, amma o milyardların qəpik-quruşu da az deyildi. Bahalı maşınlar paytaxt yollarını tıxac əlindən tərpənməz eləmişdi.

Kimə baxırdın, əlində iki dənə son model telefon. Noutbukun biri kohnəlməmiş, o birisini kreditə götürürdülər. Hamı bilirdi ki, düzdü, bir az artıq ödəyəcək, amma o artığı ödəmək üçün də pul olacaq. Pul var idi ölkədə, kimidə az, kimidə çox, amma pul var idi...mənəviyyat, mədəniyyət dərdi çəkməyən bir toplum üçün ən vacib şey – pul var idi.

Pul qazanan kişilər, oğlanlar, pul qazanan kişilərin, oglanların arvadları sənətə, kitaba, mədəniyyətə üstdən aşağı, hətta ikrahla, həqarətlə baxırdılar. Tarqovının mərkəzində sanki podiumdaymış kimi gəzən qızlar, oğlanlar həyatın elə belə də davam edəcəyini düşünürdülər. Evi, maşını, mebeli, şubanı kreditə könül rahatlığı ilə götürürdülər.

Olduğundan daha varlı görünmək ehtirası, kompleksi kişili-qadınlı hamını bürümüşdü. Onlar kinolarda, verilişlərdə gördükləri ulduz həyatı, ya da heç olmasa, o həyatın bənzərini yaşamağa cəhd edirdilər. 500 manat maaş alan gənc, qənaətlə dolanmaq əvəzinə maaşını aldığı gün bahall ticarət mərkəzlərindəki dadsız, amma bahalı yeməklərdən, içkilərdən sifariş verib, şəkil çəkdirməyi zərurət hesab edirdi. Halbuki, həmin gün həmin yeməyə ödədiyi hesabla bir həftə normal dolanmaq olardı. Göstəri, şou azarı insanları dəli etmişdi.

Amma bu da bitdi. Bəziləri üçün bitdi, bəziləri üçün bitməkdədir. Bəziləri üçün bir az gec bitəcək. Amma adları, işləri, çapları məlum elitadan başqa, hamının gəlhagəli tez ya gec, bitəcək. Geriyə qalan ödənməsi aybaay çətinləşən kreditlər, köhnələn telefonlar, maşınlar, bir gün bank məmurlarının gələcəyi evlər olacaq.

Halbuki ölkədə pulların xəzəl kimi səpələndiyi illərdə, sənət, mədəniyyət, ədəbiyyat üçün nələr eləmək olardı. Nə qədər kitab tərcümə etmək olardı. Azad sənət layihələrinə nə qədər dəstək vermək olardı. Müstəqil teatrlara, bəstəkarlara, rəssamlara xarici festivallara getməyə pul ayırmaq olardı. Banklar, şirkətlər, biznesmenlər nə qədər sənət festivallarına dəstək verə, təşkilatçısı ola bilərdilər. Nə olacaqdı ki?

Xeyir Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, sənətinə qalacaqdı. Azərbaycan sənət, ədəbiyyat prosesinin inkişaf etdiyi ölkə kimi tanınacaqdı.

Təsəvvür edin ki, varlı bir ailədi. Balaca uşaqları var. Ailə on il bu uşağın paltarına, oyuncaqlarına pul xərcləyir. Üst-başından qızıl asır. Bahalı restoranlara aparır. Bahalı telefon alır. Amma oxumağına, təhsilinə, inkişafına pul xərcləmir. On ildən sonra ailə müflis olur. Ortada qalan isə köhnəlmiş oyuncaqlar, paltarlar, telefonlar, bir də savadsız bir uşaqdır.

İndi əksini təsəvvür edək. Varlı ailədir. Balaca uşaqları var. Uşağa yaxşı tərbiyəçi tuturlar. Oxumağına, inkişafına pul xərcləyirlər. Yaxşı məktəblərdə oxudurlar. Məsələn, skripka məktəbinə qoyurlar. Şahmata göndərirlər. Kitablar alırlar. Müxtəlif dərnəklərə yazdırırlar. Dil kurslarına göndərirlər. On ildən sonra ailə müflis olsa, ortada nə qalacaq? Savadlı, bacarıqlı, xarici dillər bilən, gözüaçıq bir yeniyetmə. O yenyetmə ki, ilkin bazası olduğuna görə özü təhsilinə davam edə biləcək. Təqaüd tapacaq. Bildiyi dillər ona imkan verəcək ki, təhsilini istəsə xaricdə davam etdirsin. Rahatca hansısa sahənin mütəxəssisi olacaq. Ona qoyulan yatırım özünü tam doğruldacaq.

Bəli, ev köhnəlir, təmir köhnəlir, maşın paslanır, bahalı telefon təzə model çıxanda dəbdən düşür, şubanı güvə yeyir, qızıl, brilliant saxta çıxa bilir, qiyməti düşə bilir, oğurlana bilir. Köhnəlməyən, paslanmayan, qiyməti azalmayan, oğurlana bilməyən tək şey isə təhsildir, oxunanlar, öyrənilənlərdi.

Vay o insanların halına ki, neft milyardlarının havada uçuşduğu illərdən öyrəndikləri ilə deyil, maşınla, şuba ilə, ev təmiri ilə çıxıblar.

Evin “oboy”unu dəyişmək vacib deyildi, özünü dəyişmək lazım idi...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG