-
Əli Şirin Şükürlü
dəniz və zaman
deyirlər varlıqlar var gözə görünməz,
qulağa eşidilməz –
mən də razıyam
və başqa heç bir niyyətim olmadan dayanıb dəniz sahilində
seyr edirəm gözə görünənləri yaxından və uzaqdan;
ləpələr ard-arda, nizamla aparır dənizi harasa.
elə hey aparsa da dəyişmir məkanı dənizin, yerində sayır
daimi gedişləriylə. sanki tələsmir heç hara. köksünün genişliyində
astagəllik hikmət paylayır ətrafa.
zamandı deyəsən gözümə görünən,
dənizi durmadan aparan ləpələr şəklində; spiralvari forması bunu anladar.
quştək qonublar dənizin səthinə və dəniz başdan-başa bürünüb zamana.
varolan nə varsa zamandı təkcə - səda gəlir yavaşca dənizin genişliyindən.
ləpələr dənizin özüdü elə ayrı-ayrı görünsələr də – bu, gözə görünəni,
zaman dənizin üzü – bu da ağlımdan keçəni.
dəniz özünü “öz”ünə ötürürmüş bayaqdan demə.
zaman dayanır sahildə.
sonra sıçrayıb, dəyir sahildə dayanan adama əvvəlcə, yəni mənə.
sonra toxunur sahidə var-gəl edən adamlara. ordan sıçrayır yol boyu
sürətlə şütüyən avtomobillərə. ordan keçir evlərə, ağaclara, otlara, çiçəklərə,
itlərə, pişiklərə, ... gəlib çatır qırmızı şala bürünmüş cənazəyə.
dayanır təngnəfəs. yox olur birdən.
“götürün day, ömrü bura qədərmiş. nə gələr əlimizdən” –
dillənir pirani qoca başı aşağı, nədənsə utanır sanki.
əyilir cənazəyə söykənmiş çiyinlər – dünyanın ən təmannasız yaxşılığı
üst-üstə yığılıb cənazədə gizlənən zamanın ağırlığından.
sən, ey, səninləyəm, eşidirsən, sən, bəli, sən, mənə oxşayan,
zaman qonub üstünə, o qədər qonub başdan-ayağa zamansan mənimtək –
zamanüzlü dəniz ustufca sirr gəlir
dəniz qırağında baxışları uzaqlarda yox olan adama,
yəni mənə, yəni sənə, yəni ona, yəni hamıya -
baxışların bitdiyi sərhəddən o tayda uzaqlar var hələ də, məkan deyərlər adına,
cənazədən o yana zaman dalğavari nəhayətsiz gediş-gəlişləriylə.
... – 12.01.2015