Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:50

Yazarların Kulis.az və Kult.az saytlarının bağlanmasına münasibəti


Zahir Əzəmət
Zahir Əzəmət

-

Zahir Əzəmət:

"Bağlanan digər saytların deyil, məhz bu iki saytın müzakirəyə səbəb olması da, onlara cəmiyyətdə nə qədər ehtiyac olduğunu göstərir".

Rasim Qaraca:

"O ədəbi saytların ədəbiyyata təsiri yox idi, ona görə də onların bağlanması ədəbiyyata heç bir mənfi təsir göstərməyəcək".

Bu günlərdə iki populyar ədəbiyyat saytı bağlandı: Kulis.az və Kult.az. Azərbaycan yazarları nə düşünürlər? Ədəbi mühit bununla nə itirəcək?

Şair, jurnalist Zahir Əzəmət

Kult.az və Kulis.az kimi normal maddi dayaqları olan ədəbiyyat saytlarının bağlanması və yaxud, təqdim edildiyi kimi desək, ayrıca sayt kimi fəaliyyətlərinə xitam verilməsi üzücü haldır.

Ümid edirəm ki, bu, müvəqqəti haldır. Hər halda bu saytların daxil olduğu holdinqlərin rəhbərliyinə inanıram, hesab edirəm ki, azacıq imkan yaranan kimi yenə ictimai rəydə özlərini doğrultmuş bu saytların əvvəlki iş rejimi bərpa olunacaq. Əks halda, bu, çox pis bir tendensiyaya səbəb olacaq, digərləri ədəbiyyat-mədəniyyət projelərinə yatırım etməkdən çəkinəcəklər.

Hər nə qədər saytların kollektivləri bu holdinqlərə daxil olan digər saytlarla birləşsə də, yazılarını burada dərc etməkdə davam etsələr də, bunlar eyni şey deyil. Bağlanan digər saytların deyil, məhz bu iki saytın müzakirəyə səbəb olması da, onlara cəmiyyətdə nə qədər ehtiyac olduğunu göstərir.

Ədəbi prosesimizə bir canlılıq, müzakirə mühiti gətirməkdə olan ədəbiyyat saytlarının yaşaması lazımdır. Gərəkirsə, KİV-ə Dəstək Fondu, gərəkirsə Mədəniyyət Nazirliyi Kult.az və Kulis.az kimi saytlarının yaşamasına dəstək olmalıdır.

Şair Rasim Qaraca

Rasim Qaraca
Rasim Qaraca

Ədəbi saytların ədəbiyyata təsiri yox idi, ona görə də onların bağlanması ədəbiyyata heç bir mənfi təsir göstərməyəcək. Hətta düşünürəm müsbət təsiri olacaq, müstəqil yazarların sayı artacaq, müstəqil ədəbiyyata meydan açılacaq, qonorarsız yazan əsl yazarlar yazmağa davam edəcək. O insanlar ki, pulla, maaşla ədəbiyyat yaradırdı, onlar sıradan çıxacaq.

AYB-nin katibi, şair Rəşad Məcid

Rəşad Məcid
Rəşad Məcid

İnanmıram o saytların bağlanması ədəbiyyata mənfi təsir edər.

Onsuz da onların ədəbi proseslərə təsiri az idi.

Amma indi ədəbi mühitdə ümumi bir durğunluq hökm sürməkdədir.

Bu durğunluğu ədəbi saytlarla deyil, ciddi ədəbi əsərlər yazaraq aradan qaldıra bilərik.

Şairə, tərcüməçi Günel Mövlud

Günel Mövlud
Günel Mövlud

Bağlanan saytlar arasında ədəbiyyata tək dəxli olanı Kulis.az idi. Amma son zamanlar orda da ədəbiyyata dəxli olmayan xeyli material yayımlanırdı. İstənilən halda, gənc qələm adamları üçün bir tribuna idi.

Yəqin ki, ədəbi mühitə pis təsir edər, amma bloqlar, səhifələr imkan verir ki, özünü istədiyin qədər ifadə edəsən. Qalan saytlar isə havayıyeyənlər üçün bəsləmə məntəqələri idi ki, bağlandı.

“Dünya Ədəbiyyatı” dərgisinin redaktoru, tərcüməçi Seyfəddin Hüseynli

Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli

Əlbəttə, ədəbiyyat saytlarının işinin məhdudlaşdırılması ilk dövrlərdə ədəbiyyata mənfi təsirini göstərəcək.

Ancaq müəyyən gərgin dönəmlərdə ədəbiyyatın, mədəniyyətin arxa plana keçməməsi üçün çalışmaq lazımdır ki, həmişə cəmiyyətdən ötrü daha gərəkli işlər görmüş olasan, ciddiliyi, aktuallığı artırmağa yönəlik addımlar atasan. Bununla da daha qalıcı, daha gərəkli olaraq ictimai diqqət qazanmaq olar. Bu və ya digər formalarda istər ədəbi dərgilər, istər qəzetlər, istərsə də ədəbi saytlar buna çalışırdılar. Amma nədənsə nəticələr gözlənildiyi kimi olmadı.

Gözləyirəm ki, ədəbi saytlar bu dönəmi mümkün qədər ağrısız, depressiyaya, pessimizmə qapılmadan ötüşdürə biləcək, gələcəkdə tamam fərqli aspektdə fəaliyyət göstərəcəklər.

"Azadlıq" qəzetinin köşə yazarı, şair Elnur Aslanbəyli

Elnur Astanbəyli
Elnur Astanbəyli

Açığı, o saytların ədəbi proseslərdə ciddi rol oynadığını, ədəbiyyata hər hansı bir canlanma gətirdiyinə şahid olmadım.

Yəqin xatırlayarsınız, 2000-ci illərin əvvəllərində Azərbaycanda qəzetlərdə ədəbiyyat əlavələri buraxmaq bir dəb halına düşmüşdü.

O ədəbiyyat əlavələri çox qıt maliyyə imkanları ilə geniş oxucu kütləsinə çata bilməməklə bərabər ədəbiyyata bugünkü ədəbiyyat saytlarından qat-qat çox dinamizm gətirmişdilər. Onların etdiklərinin mində birini bu günlərdə bağlanan ədəbiyyat saytlarında görə bilməmişəm. Baxmayaraq ki, o saytların texniki və maliyyə imkanları qəzetlərinkindən qat-qat böyük idi. Bu bir daha göstərdi ki, azadlığın, sərbəstliyin olmadığı yerdə, nəzarətdən kənar düşüncənin, mövqeyin olmadığı yerdə istənilən layihə uğursuzluğa məhkumdur. Ədəbiyyat təmizliyi və dürüstlüyü sevir, qaranlıq maliyyə qaynaqlar hesabına yaradılan o saytlar effekt verə bilməzdi.

Eyni zamanda bu günlərdə Azərbaycandakı siyasi rejimin, kitaba, ədəbiyyata münasibəti də aydın oldu, onlar maliyyə böhranında ixtisarlara məhz bu saytlardan başladılar. Aydın oldu ki, bu saytlar heç də ədəbiyyata, mədəniyyətə dövlət qayğısı göstərmək üçün yox, yaradıcı adamları susdurmaq üçündü. Bu saytlar vasitəsilə ədəbiyyatı bayağı bir şouya çevirdilər.

Şair, köşə yazarı Fərid Hüseyn

Fərid Hüseyn
Fərid Hüseyn

Ədəbiyyat saytlarının bizə doğma olan digər saytların bir rubrikası halına gətirilməsi şəxsən məni pəjmürdə elədi. Həmin saytlarla ədəbi mühit daha dinamik görünürdü, bunu bir neçə gündəki süstlükdən də hiss etmək olur.

Ancaq gözünü yumub hər şeyi pisləmək də olmaz, arzum budur ki, onlara indiki şəraitdə mane olmasınlar, qol-qanad versinlər, bütün bu proses bizim həmkarlarımızın çörəklə imtahan olunmasına gətirib çıxarmasın. Saytların daxilində onlara müəyyən imkanlar yaradılsın və Allah imkan versin ki, əvvəlki fəaliyyətləri bərpa edilsin.

Saytların süstlüyündə bekarçılıqdan doğan roman bumu başlayacaq, qəzetlərin fəaliyyəti güclənəcək, bədii ədəbiyyat nümunələri yaradanların sayı artacaq. Yeni imzaların ədəbi mühitdə qəbul edilməsi çətinləşəcək, bir yandan da “Facebook qəhrəmanları” öz “böyük” ədəbiyyatlarını daha böyük ehtirasla “yaradacaqlar”.

2007-2008-ci illərdə nəsildaşlarım və mən “525-ci qəzet”də çap olunub imzamızı tanıtdıq, bizə dəstək oldular. Sonra gələn imzaları kulis.az, kult.az, Azadlıq Radiosunun OxuZalı, qafqazinfo.az saytının “kitab evi” rubrikaları tanıtdı. İnternet imkan verirdi ki, gənclər öz imzalarını vaxtında tanıtsınlar, yoxsa onlara da bizdən əvvəlki nəsillər kimi 50 yaşında da “cavan şair” deyib duracaqlar.

Yazar, jurnalist Zümrüd Yağmur

Zümrüd Yağmur
Zümrüd Yağmur

Açığı, etinasız yanaşıb həmkarlarımın işsiz qalmasına sevinə bilmərəm, ancaq ənənəvi Azərbaycan tərifbazlığı ilə, o saytların tərifini göylərə də qaldıra bilmərəm. Gəlin etiraf edək ki, bu ədəbiyyat saytlarında gündəlik on yeni material verilirdisə onun yalnız üçü ədəbiyyata aid idi, qalan yeddisi şou-biznes və s. mövzularda idi. Düşünmürəm ki, ədəbiyyatımız o saytlardan böyük bir şey itirib. Hətta düşünürəm ki, bundan sonra oxucuya daha ciddi mətn təqdim etmək imkanları arta bilər, rəqabət sağlamlaşa bilər. Çünki, o saytlarda ədəbiyyata təzə gələn adamlar sözü çılpaqlaşdırıb başlığa çıxararaq populyarlaşır, ciddi mətnlər yazanlar isə bu tozanağın içində itib batırdı.

Bu saytların bağlanmasında məni yeganə üzən şey yazar dostlarımın işsiz qalması, gəlir yerlərini itirməsidir.

XS
SM
MD
LG