Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Elin Süleymanov: «Ermənistana yatırmağa pulumuz var»


Elin Süleymanov
Elin Süleymanov

-

«Rusiya və İran arasında yerləşən Azərbaycan ümid edir ki, Birləşmiş Ştatlar müttəfiqlərinə daha çox dəstək göstərəcək. Ərazimizin böyük bir hissəsini separatçılar tutub... Bir daha qeyri-sabitlik yaşamaq istəmirik», - Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov «Tribune-Review» qəzetinə müsahibəsində belə deyib.

Səfirin sözlərincə, diplomatiya şəxsi münasibət kimidir və uzun müddət Vaşinqtonun dostu olmuş Azərbaycan regionda sabitliyin bərpası üçün Amerikanın dəstəyinə bel bağlayır.

«Dostlarınızı aşağı qiymətləndirə bilməzsiniz. Bizə deyə bilməzsiniz ki, «biz lazım olanı edirik və siz də biz nəyi istəyirik edirsiniz», - cənab Süleymanov bildirib.

Konqresdə Azərbaycan qrupunun həmsədri respublikaçı Bill Shuster-in dediyinə görə, Azərbaycan «Ukrayna kimi müttəfiqlərin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaya, onların enerji baxımından Rusiyadan asılılığını azalda bilər».

«Azərbaycan pulunu müdrikcəsinə xərcləyir və çiçəklənir», - Süleymanov bildirib. «Biz qonşulara sərmayə qoyuruq, Ermənistana da sərmayə yatıra, regionda tərəfdaş ola bilərdik. Oturub hərtərəfli qərar vermək lazımdır. Gələcəyi belə görürük. İki ölkə ancaq bu yolla inkişaf edə, vahid region yarada bilərdi».

İlham Əliyev və Barack Obama
İlham Əliyev və Barack Obama

«Alınsaydı, yaxşı olardı. İnanın, Allah qoysa, Ermənistan iqtisadiyyatına yatırmağa kifayət qədər pulumuz var», - deyən Elin Süleymanov müsəlmanların, xristianlar və yəhudilərin Azərbaycanda sülh, təhlükəsizlik içində yaşadığını sözlərinə əlavə edib.

Elin Süleymanovun müsahibəsini «facebook» səhifəsində ABŞ-ın Azərbaycanda keçmiş səfiri Richard Kauzlarich paylaşıb.

«Nəyə görə belə bir qənaətə gəlməliyik ki, Azərbaycan hökuməti Qərblə münasibətlərinə dair bir səslə danışır – axı xeyli digər səslər də var. Mehdiyevin polemikası (Prezident Administrasiyası rəhbərinin ABŞ qurumlarının Azərbaycanda inqilab hazırlaması haqda yazısı nəzərdə tutulur– red.) ABŞ-da reaksiya doğurdu və təsəvvür edirəm xarici işlər nazirliyində çoxları özlərini necə rahatsız hiss etdilər. Bu müsahibənin bir məqsədi də ziyanı ört-basdır etməkdir», - ABŞ-da yaşayan analitik Karl Rahder yazır.

«Əliyev rejimi daxilində «Qərbyönümlü» və «Rusiyapərəst» qanadlar, şər qüvvə Ramiz Mehdiyevlə xoşməramlı Elin Süleymanovun mübarizəsi, Prezident Əliyevin də iki cəbhə arasında balans yaratması fikirləri mifdən başqa bir şey deyil. Faktiki olaraq, cənab Mehdiyev Əliyevin baş ideoloqu, Süleymanov isə ABŞ-dakı baş lobbiçidir. Balaca bir diktatorluğun dünyanın ən güclü demokratiyasına qarşı «yaxşı-pis oğlan» oyunu oynaması ironikdir». Bunu isə Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının sədri Elmar Şahtaxtinski yazır.

Fuad İsgəndərov
Fuad İsgəndərov

«AZƏRBAYCAN HAQSIZ OLARAQ HƏDƏFƏ ALINIR»

«Azərbaycan hər dəfə beynəlxalq tədbirə ev sahibliyi edəndə, ölkələri tənqid etmək üzrə ixtisaslaşan QHT-lər bu ölkəyə qarşı haqsız hücuma keçirlər», - bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov «EurActiv» portalına müsahibəsində deyib.

«Avropa Oyunları ərəfəsində ölkənizdə təməl insan haqları pozuntularına dair beynəlxalq tənqidlərə nə deyərdiniz» sualını cənab İsgəndərov belə cavablandırıb:

«Bu, birinci dəfə deyil baş verir. 2012-ci il «Eurovision» mahnı müsabiqəsi ərəfəsində də eyni fenomen baş verirdi... Bir dəfə onların təmsilçisindən soruşdum ki, «Bunu niyə edirsiniz? Bu, bizim üçün bir əlamətdar tədbirdir, şərəfdir». Dedi ki, Çində, Braziliyada da dünya miqyaslı tədbirlər öncəsi insan haqları məsələsini gündəmə gətirirlər».

- Niyə axı hökumətiniz tənqid olunan məsələləri sadəcə həll etmir?

- Məncə, heç bir ölkə bitkin deyil. Biz də istisna təşkil etmirik. Məncə, tənqid olunası da tək ölkə deyilik. Avropanın qonşuluğunda çoxlu problemlər olan ölkələr görürük. Ancaq yenə də hədəfə alınan biz oluruq. Ölkələrin adlarını çəkmək istəmirəm, ancaq siyasi həbslər, nümayişlərdə öldürülənlər olur, Avropa Birliyinin bəyanat, Avropa Parlamentinin qətnamə qəbul etdiyini görmürük. Bu, ikili standartdır? Niyə ancaq Azərbaycan hədəfə alınır?

İyunda Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində beynəlxalq hüquq-müdafiə təşkilatları bəyanatlar yayaraq Azərbaycanda insan haqları pozuntularını gündəmə gətirir, hakimiyyəti həbsdə olan siyasi məhbusları azadlığa buraxmağa çağırır. Hakimiyyət isə «siyasi məhbus» anlayışını qəbul etmir, həmin qurumları «qərəzli kampaniya» aparmaqda ittiham edir. ​

XS
SM
MD
LG