-
“Qaynar xətt”ə müraciət edən Biləsuvar sakinləri Sahib Rüstəmov və Rüstəm Salahov 20 il əvvəl minbir əziyyətlə becərdikləri xammalın pulunu dövlətdən almaq üçün hələ də məhkəmə yollarında qalıblar.
Sahib Rüstəmov deyir ki, 1995-96-cı illərdə ailəlikcə pambıq əkib-toplayıb dövlətə təhvil veriblər. Yerli icra hakimiyyətinə üz tutanda onlara bildirilib ki, ara qarışıb məzhəb itib, kolxozlar ləğv olunub. Pulun hansı qaydada ödəniləcəyini bilmirik.
MƏHKƏMƏ DƏ "KOLXOZÇULARIN PULLARINI VERİN" DEYİR
“Uzun müddət çəkdiyimiz zəhmətin haqqını almaq üçün məhkəməyə üz tutmalı olduq. 1999-cu ildə ailəlikcə məhkəməyə müraciət etdik. Məhkəmə də o vaxtkı məzənnə ilə 8 milyon 845 min manatın ailəmizə ödənilməsi barədə qətnamə çıxardı” - deyə Sahib Rüstəmov başına gələnləri danışır.
1999-cu ildə çıxarılan qətnamə yerli icra hakimiyyəti tərəfindən icra olunmadığına görə keçmiş pambıqçı ailə 2004-cü ildə yenə məhkəməyə müraciət edib. Məhkəmə bu dəfə də qərar çıxarıb ki, pul dövlət tərəfindən ailəyə ödənilsin.
İkinci qərarın üstündən də 10 il keçib. 20 il əvvəl yığılmış pambığın pulu Rüstəmovlar ailəsinə hələ də ödənilməyib.
Hökumətlə pambıqpulu davası aparmaları keçmiş kolxozçulara baha başa gəlib. Məsələn, rayon sakini Rüstəm Salahovun 2 hektardan çox torpaq sahəsi əlindən alınıb və başqasının istifadəsinə verilib.
Rüstəm Salahov deyir ki, nə az, nə çox - düz 10 il torpağına görə məhkəmələrdə qalıb:
“Açıq-aşkar deyirdilər ki, pambıqpulu tələbindən əl çək, torpağını alaq qaytaraq özünə. Torpaqlarımızı əlimizdən alıb bizi məhkəmə yollarında qoymaqla başımızı qatırdılar ki, pambıqpulu iddiasından əl çəkək”.
İTİRİLMİŞ MƏNFƏƏT ÖDƏNİLMƏLİDİR
Ancaq nəhayət ki, 10 illik məhkəmə dartışmalarından sonra haqq yerini tapıb. Rüstəm Salahovun əkib-becərib dolanışıq götürdüyü torpağı özünə qaytarılıb.
2012-ci ildə Biləsuvar Rayon Məhkəməsi torpağın alınıb Salahovlara qaytarılması və ailənin torpaqdan məhrum olduğuna görə 10 ildə itirdiyi 30 min manat mənfəətin ödənilməsi iddiasını təmin edib. Yuxarı məhkəmələr rayon məhkəməsinin qətnaməsindəki torpağın qaytarılması ilə bağlı hissəsini qüvvədə saxlasalar da itirilmiş mənffətin qaytarılması ilə bağlı hissəsini ləğv edib.
R.Salahovun dediklərindən: “Məhkəmələr təsdiqləyirlər ki, torpaq əlimizdən zorla alınaraq qeyri-qanuni olaraq başqasının istifadəsinə verilib. Biz öz torpağımızı əkib xeyir götürməkdən 10 il məhrum olmuşuq. Ancaq eyni zamanda da həmin müddət ərzində itirdiyimiz gəlirin bizə qaytarılması iddiamızı rədd edirlər”.
İCRA HAKİMİYYƏTİ DEYİR Kİ...
Rayonda pambıqpulusunu ala bilməyən, məhkəmələrə müraciət edən, ancaq qətnaməsi əlində qalan yüzlərlə ailə var. Həmin ailələr vaxtilə çəkdikləri zəhmətin haqqını tələb etməmək üçün bu və müxtəlif yollarla təzyiqlərlə üzləşirlər.
Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirdilər ki, vaxtilə fəaliyyətdə olan, lakin islahatlar nəticəsində fəaliyyətlərinə xitam verilmiş kolxozların bütün əmlakı sabiq kolxoz üzvlərinə olan əməkhaqqı borclarının ödənilməsinə yönəldilib. Bununla belə borcları tam ödəmək mümkün olmayıb.
Ancaq icra hakimiyyəti bu borcların nə vaxtsa kəndlilərə ödənilib-ödənilməyəcəyini konkret bildirmir. RİH yalnız bunu deyir: “Keçmiş pambıq zavodu vaxtilə “28 may” kolxozuna yaranmış borcunu gərək ödəsin ki, kolxozun da vaxtilə borclu qaldığı adamların pulları ödənilsin”.