Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:57

Bakıda gecə qızı döyən qardaşlar azadlıqdadır, məhkəmə təxirə salındı... (VİDEO)


.

QIZI DÖYƏN QARDAŞLAR AZADLIQDADIR

Sosial şəbəkələrdə iki gənc oğlanın bir qızı maşından endirib döyməsini əks etdirən video ilə bağlı martın 17-də keçirilən məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Qızı döyməkdə ittiham olunan şəxslər - Elin və Zaur Məmmədov martın 12-də Bakı şəhər Prokurorluğuna dəvət olunublar. Həmin gün qardaşlardan biri, Zaur Məmmədov saxlanıb və ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə AzadlıqRadiosuna müsahibəsində bildirir ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır:

“Martın 14-də hadisəni törətməkdə şübhəli bilinən şəxsə ittiham elan edilib. Ülkər İsayevanın döyülməsində təqsirkar bilinən hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilib. Xətai Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər”.

Amma sonradan Bakı şəhər Prokurorluğunun verdiyi etiraza əsasən Bakı Apelyasiya Məhkəməsi işə yenidən baxmağa başlayıb.

Hələlik qeyri-müəyyən müddətə təxirə salınan prosesdə təqsirkar bilinən 2 qardaş azadlıqdadır.

NƏ BAŞ VERİB?

Böyük sə-küyə səbəb olmuş hadisə barədə video sosial şəbəkələrdə martın 16-da yayılıb. İddia edilir ki, Bakıda təhlükəsizlik kameraları tərəfindən çəkilən bu hadisə martın 8-dən 9-a keçən gecə baş verib.

Video-da iki gənc oğlan “Bentley” markalı bahalı maşından çıxardıalqrı qızı döyürlər. Kənardakılar onlar mane olmağa çalışsalar da qəzəbli oğlanlar qızdan əl çəkmir, onu bir neçə dəfə döyürlər. (Video-nu burdada izlə).

​Azərbaycanda müxtəlif internet saytları qızın Xəzər Universitetinin təsisçisi Hamlet İsxanalının qızı Ülkər İsayeva, onu döyənlərin isə Elin və Zaur Məmmədov qardaşları olduğunu yazırlar.

Amma həm Hamlet İsxanalı, həm də qızı Ülkər İsayeva video-dan görünən döyülən qıza aidiyyatı olmadıqlarını bildirirlər.

Hərçənd ki, hüquq-mühafizə orqanlarının məlumatında döyülən qızın məhz Ülkər İsayev olduğu bildirilir.

Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova isə martın 14-də işə baxarkən döyülməkdə ittiham olunan qızın şikayəti olmaması barədə ifadəsinə əsasən təqsirkar hesab olunan qardaşları azad etdiyini deyir. Hər halda bu barədə arqument.az saytı xəbər verib:

“Mən sadəcə iddianın təmini tədbiri barədə məsələyə münasibət bildirmişəm. İstintaq hələ də yekunlaşmayıb. Fakt varsa, cinayət sübuta yetiriləcək. Hazırda Bakı Apelyasiya Məhkəməsində işə baxılır, nəticəni gözləsəniz daha yaxşı olar. O ki qaldı Ülkər İsayevaya, onu dindirmişəm və heç bir şikayəti olmayıb. O bildirib ki, döyülməmişəm, sadəcə müqavimət göstərdim, onlar da məni sakitləşdirib evə aparıblar. Yəni o, döyülmək faktını qəbul etmir. Biz də tərəfləri dindirib məhkəmə başlayana qədər onları sərbəst buraxmaq barədə qərar qəbul etmişik".

QIZI DÖYƏNLƏR KİMDİR?

Hələlik döyülən qızın kimliyi ilə yanaşı döyənlərin şəxsiyyəti ilə bağlı da internet saytlarında cürbəcür məlumatlar səslənir.

Apa.tv-nin əldə etdiyi məlumata görə,Ülkər İsayevanı döyən qardaşların atası Muxtar Məmmədovun keçmiş hakim olub.

Mətbuatda yayılan məlumatlara görə qardaşlar haqqında həbs qərarının seçilməməsində ataları Muxtar Məmmədovun rolu olub.

Amma hələlik nə adı çəkilən Elin və Zaur Məmmədov, nə onların ataları kimi təqdim edilən Muxtar Məmmədov, nə də onların hər hansı qanuni nümayəndələrinin qalmaqalla bağlı fikirləri səslənməyib.

XS
SM
MD
LG