-
İspaniyada arxeoloq və tarixçilərdən ibarət qrup elan edib ki, axır ki, dünya şöhrətli ispan yazıçısı, "Don Kixot" romanının müəllifi Miguel de Cervantes-in qəbrini tapa bilib.
Yazıçı 1616-cı ildə ölüb. Tarixi məlumatlara görə, o, Madriddəki monastırda dəfn edilib. 17-ci əsrin sonunda onun, arvadının qalıqları bir sıra başqa insanların qalıqları ilə birlikdə monastırın yeni binasının yerləşdiyi əraziyə köçürülüb.
İndi İspaniyada alimlərin tapdıqları da həmin yeni binanın altından çıxan və 16 nəfərin qalıqları olan ümumi məzardır.
Məzarı infraqırmızı kamera, 3D skaner və radarlarla aşkar edə bilən qrup üzvləri deyirlər ki, həmin qalıqlar çox çürüsə də, onların arasından yazıçının sümüklərini tapa biləcəklərinə ümid edirlər.
Servantes iştirak etdiyi döyüşlərdə yaralanıb və ümid var ki, bunun izləri onun sümüklərində qalmaqdadır.
Hazırda sümüklər analiz edilir, onlardan bütöv skeletlər "yığılır".
Alimlər həm də ona görə əminliklə Servantesin qəbrini tapdıqlarını deyirlər ki, bu ilin yanvarında monastırın ərazisində yerin altından üzərində "M.C." inisialları olan tabut fraqmentləri tapılmışdı.
Amma işin çətin tərəfi ondadır ki, sümüklərin Servantesə aid olub-olmadığını DNT testi vasitəsilə yoxlamaq mümkün deyil. Yazıçının birbaşa xələfləri qalmayıb.
İspaniya monastırın ərazisini Cervantes pərəstişkarları, turistlər üçün bir mədəni ziyarətgaha çevirməyi planlaşdırır.