Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:24

Banklar dollar kreditləri üçün nə təklif edir?


Arxiv fotosu
Arxiv fotosu

-

Əhməd Hacıyev (ad şərtidir) «Bank of Baku»nun müştərisidir. Bir neçə ay öncə təxminən 5 min dollar kredit götürüb. Manatın məzənnəsi dəyişəndən sonra onun banka ödəməli olduğu məbləğ də dəyişib.

«MƏNİM KREDİTİMİN MÖHLƏTİNİ BİR İL UZATDILAR, ANCAQ...»​

«İki gün əvvəl məni bankdan çağırdılar və çıxış yolu təklif etdilər. Köhnə kursla götürəndə mən ayda 265 manat verməliydim, amma yeni kursla ayda 275 manat ödəməliyəm. Bankda dedilər ki, «bizim sizə hörmətimiz ancaq vaxtı uzatmaq olar». Ümumi müddət 36 ay idi, indi həmin müddəti 48 aya kimi uzatdılar. Bir il gec verəcəyim üçün də əlavə 380 dollar ödəməli olacağam. Yəni mən banka artıq pul ödəməli oluram» deyir Əhməd Hacıyev.

Ancaq o bir şeydən bərk narahatdır. Dolların məzənnəsi qalxa bilər. Məzənnə dəyişdikdəsə onun verəcəyi məbləğ də artacaq.

Vüsal Qasımov da bankdan dollarla kredit götürüb. Deyir ki, bankın ona təklifi çıxış yolundan çox müştərinin belini qırmağa bənzəyir: «Kreditə 1000 dollar götürmüsən elə bil, buna görə də ayda 100 dollar ödəyirdin. Bu da köhnə pulla 79 manat edirdi. İndisə həmin pul təxminən 100 manat edir. Bankdan kömək istəyirsən. O da sənin vaxtını uzadır, bir il uzadır, ancaq bunun faizini də hesablayır, bunu yenə sən ödəyirsən. Yenə də müştərinin beli qırılır. Süründürməçilik uzanır. İki il əlavə faiz verirsən».

BƏS ELMAN RÜSTƏMOVUN TÖVSİYƏSİ?

Elman Rüstəmov
Elman Rüstəmov

Martın 17-də Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə çıxış edərkən banklara tövsiyə verib: «Banklar problemli kreditlərlə bağlı məsələləri həll etmək üçün müştərilərin ödəmə vaxtını kifayət qədər artırsınlar. Həmçinin banklar mümkün qədər faiz dərəcələrini aşağı salsınlar».

Bəs banklar bu tövsiyəyə əməl edəcəklərmi?

«RİSK BORCLULARIN BOYNUNADIR»​

«Bank Technique»in Səbail filialından AzadlıqRadiosuna bildirdilər ki, hələlik bu tövsiyə ilə bağlı onlara göstəriş gəlməyib. «Ona görə dollarla kreditlər də günün məzənnəsinə uyğun ödənilir».

«Bank of Baku»dan AzadlıqRadiosuna deyirlər ki, onlar müştərilərə 1 faizdən 3 faizədək endirimlər edirlər. Müddətin uzadılmasına qalanda, bankdan deyirlər ki, onlar bunu müştəriylə fərdi şəkildə həll edirlər.

«Unibank»dan isə müsbət tarixçəsi olan, ödəmələrdə gecikdirmələr etməyən müştərilərinə güzəşt hazırladıqlarını söyləyirlər: «Biz belə müştərilərə 2 faiz endirim etmişik. 2 ildən artıq müddətə kredit götürənlərə isə 4 faiz endirim təklif edirik».

Ancaq bankdan onu da deyirlər ki, kreditlər günün məzənnəsinə uyğun hesablanır:

Vahid Əhmədov
Vahid Əhmədov

«Müqavilənin 7.3-cü maddəsində deyilir ki, valyuta məzənnəsinin hər bir riski borcluların boynuna düşür».

Bank Standard AzadlıqRadiosunun sualını cavablandırmaqdan imtina etdi. Kapital Bank isə müştərilərə dollarla kredit vermədiyini bəyan edir.​

VAHİD ƏHMƏDOV: «UDAN BANKLARDIR»​

Parlamentin İqtisadi siyasət Komitəsini sədri Vahid Əhmədov bankların kreditləri məhz günün məzənnəsinə uyğun ödənməsi tələbini yersiz sayır. O deyir ki, bəzi müqavilələrə baxıb orda, elə tələb yoxdur. «Müqavilədə fors-major situasiya ilə, yəni manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar bənd göstərilməyibsə, dollarla götürülən kreditlər 78 qəpik səviyyəsində də qalmalıdır. Qayda belədir. Müqavilədə bənd varsa, o başqa məsələ. Çoxunda bu yoxdur. Amma mənim də aldığım məlumatlara görə, banklar deyirlər ki, məzənnə dəyişib, pulu təzə kursla qaytarmalısız, bu da çox ciddi çətinliklər yaradır. Burda çıxış yolu məhkəmədir ancaq», deyə söyləyir deputat.

O ki qaldı, bankların təklif etdiyi çıxış yoluna, deputat bildirir ki, vaxtı uzatmaqla müştəri heç nə udmur, o yenə həmin faizi ödəməli olacaq: “Burda müştəri udmur. Bank bir il vaxtı artırır ki, məbləği qaytarsın. Burda yenə udan banklardır. Çünki müştəri onlara əlavə faiz ödəməli olur. Burda dövlət banka da, vətəndaşa da yardım etməlidir. Bank da bizimdir, insanlar da...”

Fakt faktlığında qalır ki, dollarla kredit götürənlər narahatdırlar, onlar bizə də müraciət edirlər

Deputat hesab edir ki, Mərkəzi Bankın sədri tövsiyə verməklə kifayətlənməməli idi:

«Göstəriş vermir ki, tövsiyə verir. Halbuki Mərkəzi Bank pul kredit siyasətini reallaşdırır. İstəsə, banklara birbaşa göstəriş də verə bilərdi. Amma göstəriş verilmədi... Fakt faktlığında qalır ki, dollarla kredit götürənlər narahatdırlar, onlar bizə də müraciət edirlər».

Vahid Əhmədov yekunda deyir ki, Mərkəzi Bank banklara kömək etməlidir: “1-2 milyard dollar banklara yardım etsə, o zaman nə əhali əziyyət çəkər, nə də banklar. Müəyyən tədbirlər hazırlanmalıdır. Məsələn, banklara vəsait ayırsın, faizləri aşağı salsın, imkan çoxdur yəni. Mənə çatan məlumata görə, Mərkəzi Bank banklara yardım etməyi planlaşdırır. Amma nə qədər doğrudur bilmirəm”.

Bu il fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsini təxminən 33 faiz ucuzlaşdırıb. Hökumət bu addımın ixracın stimullaşdırılması, iqtisadiyyatın diversifikasiyası məqsədilə atıldığını bildirib.​

XS
SM
MD
LG